Qarabağa böyük qayıdış prosesi davam edir. Sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç ünvana çatıb.
Redaktor.az xəbər verir ki, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, kənddə sakinlərin yaşayışı üçün lazımi infrastruktur yaradılıb, yaşayış məntəqəsi içməli su, elektrik enerjisi, qazla təmin edilib.
Daşbulağa qayıdan sakinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Beləliklə, Xocalının Daşbulaq kəndinə ilk köçün reallaşması Böyük Qayıdış proqramının daha bir uğurlu mərhələsi kimi tarixə düşüb.
***
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb.
Redaktor.az xəbər verir ki, Daşbulaq kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bir azdan kəndə köçürülən 13 ailəyə evlərin açarları təqdim ediləcək.
***
Xocalı rayon Daşbulaq kəndinə ilk köç karvanı yola salınıb.
Redaktor.az xəbər verir ki, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə olmaqla 67 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən yola salınıb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Daşbulaq kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.