"Qeyri-hökumət təşkilatlarının öz fəaliyyət istiqamətlərindən kənar işlərlə məşğul olması yolverilməzdir. Bu mənada Ədliyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bir sıra QHT-lərə qanundankənar fəaliyyətləri ilə bağlı verdiyi bəyanatzamanında atılmış addımdır. Həqiqətən də bu gün bəzi qeyri-hökumət təşkilatları öz profillərini bir tərəfə qoyub ayrı-ayrı şəxslərə orden, medal paylamaqla məşğuldurlar. Bu cür hallar qətiyyən yolverilməzdir".
Bu fikirləri Newscenter.az-a "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə bəyanatını şərh edərkən səsləndirib. O bildirib ki, orden və medal təsis etmək qeyri-hökumət təşkilatının səlahiyyəti xaricindədir və onlar yalnız dövlət tərəfindən təsis edilə bilər:
"Bununla əlaqədar qanunvericilik bazası mövcuddur və “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Qanundan da göründüyü kimi bu kimi fəaliyyət göstərmək yalnız dövlətə və onun müvafiq qurumlarına aiddir. Əgər QHT-lər də belə bir fəaliyyətlə məşğul olurlarsa, deməli ölkə qanunlarını pozurlar".
Susana Məmmədova hesab edir ki, ölkə qanunlarını pozan QHT-lər barədə ölçü götürmək məqsəduyğun olardı:
"Düşünürəm ki, orden və medal təsis edərək onu müxtəlif şəxslərə mükafat kimi təqdim edən təşkilatlara Ədliyyə Nazirliyi və QHT Agentliyinin bəyanatı bir siqnal olmalıdır. Əgər bundan sonra da həmin QHT-lər eyni fəaliyyəti davam etdirsələr, o zaman onlar barədə hüquqi çərçivədə ölçü götürülməlidir".
Anar Əliyev