Azərbaycanda karantin rejiminin müddəyinin bitməsinə iki həftədən bir qədər artıq vaxt qalıb. Cəmiyyətdə karantin rejiminin uzadılıb-uzadılmayacağı barədə müzakirələr artıq başlayıb.
Qeyd edək ki, 2020-ci ildən tətbiq edilən karantin rejimi çərçivəsində qüvvədə olan əsas məhdudiyyət quru sərhədlərinin bağlı qalmasıdır. Hökumət nümayəndələri quru sərhədlərinin bağlı qalmasını təhlükəsizlik məsələləri ilə əlaqələndirir.
Deputat Vüqar Bayramov məsələ ilə bağlı Modern.az-a verdiyi açıqlamada bildirib ki, Nazirlər Kabineti tərəfindən bu istiqamətdə mütamadi qiymətləndirmələr aparılır.
“Məqsəd həm də qəbul edilən qərarların Azərbaycanın təhlükəsizliyə təsirlərinin müəyyənləşdirilməsidir. Bu qərarların qəbul edilən zaman birmənalı şəkildə Azərbaycan vətəndaşlarının təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir”, – o bildirib.
Vüqar Bayramov sərhədlərin mərhələli şəkildə açılmasının məqsədəuyğun olduğunu düşünür: “Yeni dönəmdir, bu yeni düzəndə də bizim təkliflərimizdən biri də quru sərhədlərinin mərhələli şəkildə açılması məsələsinə baxılmasıdır ki, bu da məqsədəuyğun olardı”.
Deputat, həmçinin Azərbaycan-Gürcüstan və Azərbaycan – Türkiyə münasibətlərini ələ alaraq bu iki ölkə ilə sərhədlərin mərhələli şəkildə açılmasının məqsədəuyğun hesab edib:
“Xüsusən də nəzərə alsaq ki, qonşu Gürcüstanla Azərbaycanan strateji münasibətləri var və bu konteksdən Gürcüstan və Türkiyə ilə sərhədlrin mərhələli açılmasını məqsədəuyğun hesab edirəm. Bütün hallarda qiymətləndirmə Nazirlər Kabineti tərəfindən həyata keçirilir və məhz Kabinetin qiymətləndirməsinə uyğun olaraq da qərarlar qəbul ediləcək”.