RU

Yaşar Vahabzadə: “Tsiklin sonunadək Ayxan Abbasova şərait yaratmaq lazımdır” - MÜSAHİBƏ

AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadənin Futbolinfo.az-a müsahibəsi

– Millimiz Fernandu Santuşun istefaya göndərilməsindən sonra Ukrayna ilə oyuna Ayxan Abbasovun rəhbərliyi altında çıxdı və 1 xal qazandı. Ukrayna ilə görüşdə (1:1) futbolçularımızın xarakteri, mübarizəsi sizi razı saldımı?

– Əlbəttə ki, razı saldı. Ayxan müəllimin gəlişindən sonra komandada böyük ruh yüksəkliyi var idi. Futbolçular Ukrayna ilə matçda əzmkarlıq, xarakter göstərdilər. Baxmayaraq ki, Ayxan müəllimin komandanı bu oyuna hazırlaması üçün vaxtı az idi, yaxşı müdafiə qura bilmişdi. Millimiz əks-hücumlardan da lazımınca istifadə etməyə çalışırdı.

– Necə düşünürsünüz, millinin baş məşqçi postunda Ayxan Abbasovu saxlamaq ən doğru qərar olmaz? Yoxsa başqa məşqçini daha layiqli namizəd hesab edirsiniz?

– Düşünürəm ki, işini davam etdirməsi üçün tsiklin sonunadək Ayxan müəllimə şərait yaratmaq lazımdır. Seçmə mərhələ bitəndən sonra baş məşqçi məsələsinə qayıtmaq olar. Yerli məşqçilərimizin içində millini çalışdıra biləcək yaxşı mütəxəssislər var.

– U-21-in sabiq baş məşqçisi kimi fikriniz maraqlıdır. 21 yaşadək futbolçulardan ibarət yığmamızın Portuqaliya (0:5) və Bolqarıstanla (1:1) matçlardakı çıxışını necə dəyərləndirirsiniz?

– Böyükhesablı məğlubiyyətə baxmayaraq, Portuqaliya ilə görüşdə futbolçularımız əllərindən gələni etdilər. Amma ustalıq səviyyəsi öz sözünü dedi. Portuqaliyalı oyunçuların keyfiyyəti, səviyyəsi göz önündə idi. Bolqarıstanla görüşdə isə xal götürmək mümkün oldu. Bir məqama da nəzər yetirmək lazımdır ki, yığmamızın heyətində əksər oyunçular öz klublarında ehtiyatda qalırlar. Bu da millinin çıxışına təsir göstərir.

– Sizcə, U-21 bu seçmə mərhələdə tarixi ərzində ən çox xalı yığa biləcək?

– Yığmamızın yer aldığı qrupda Portuqaliya və Çexiya favoritlərdir. Digər komandalarla oyunlarda isə başabaş mübarizə aparmaq, xal ehtiyatımızı artırmaq olar. Niyə də olmasın?! Cəbəllütariq, Bolqarıstan və Şotlandiyaya qarşı layiqli oyun göstərmək, xallar qazanmaq mümkündür.

İdman.biz

Избранный
42
idman.biz

1Источники