RU

Delimitasiya bu sərhəddən başlaya bilər

Bu barədə “Azadlıq” radiosunun yazılı sorğusuna cavab olaraq Ermənistan Baş nazirin müavini MherQriqoryanın ofisi məlumat verib.Nümayəndə heyətlərinə Ermənistan və Azərbaycan Dövlət Sərhədinin Demarkasiyası və Təhlükəsizliyi Komissiyasının, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin və Ərazi İdarəetmə Nazirliyinin nümayəndələri daxil olub.

Baş nazirin müavininin dəftərxanası növbəti iclasın nə vaxt, harada olacağı və gündəliyi ilə bağlı suala dəqiq cavab verməyib. Bu məsələnin hələ də müzakirə olunduğunu bildirib. “Azadlıq”, həmçinin Vaşinqtonda Zəngəzur yolu ilə bağlı əldə olunan razılaşmanı nəzərə alaraq, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının ilin əvvəlində elan edildiyi kimi Tavuşdan deyil, Zəngəzurdan davam etməsinin mümkün olub-olmadığını soruşub. Baş nazirin müavini bu suala birbaşa cavab verməyib, bir daha bu məsələnin müzakirə olunduğunu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 5-də Şahin Mustafayevlə MherQriqoryanın rəhbərlik etdiyi nümayəndə heyətləri Azərbaycan və Ermənistan ərazilərinə qarşılıqlı səfərlər ediblər. Ermənistan Xarici İşlər Nazirliyi yaydığı məlumatda qeyd edilir ki, bu il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, o cümlədən zəruri infrastrukturun bərpası,  tikintisi və onların həyata keçirilməsi müddətləri ilə bağlı məsələləri müzakirə ediblər. 

Xatırladaq ki, 2024-cü ilin aprel ayında delimitasiya və demarkasiya işlərinin sərhədin şimal hissəsində, yəni Qazax-Tavuş istiqamətində aparılması barədə razılaşma əldə olunub. Lakin komissiyaların prosesi sərhədin cənub hissəsinə keçirməsi çox güman ki, “Tramp marşrutu”nun açılması istiqamətində ABŞ ilə Ermənistan və Azərbaycan arasında müzakirələrə başlanılması ilə bağlıdır. 

Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-tranzit əlaqələrinin açılması şərti sərhədin məhz cənub istiqamətində delimitasiya və demarkasiya işlərinə tez bir zamanda başlanılmasını zəruri edir. Bu baxımdan, görünür, Azərbaycan və Ermənistan delimitasiya prosesini Zəngilan-Mehri istiqamətində davam etdirməyi razılaşdırıb. Horadiz-Mehri-Arazdəyən-Ordubad  dəmir yolu və qərbi Zəngəzurdan keçən avtomobil yolunun ilkin mərhələdə bərpası, sonra isə işə salınması sərhədin müəyyənləşdirilməsinizərurui edir. 

Çünki Zəngəzur dəhlizindən həm də üçüncü ölkələrə məxsus yüklər tranzit ərazi kimi daşınacaq. Azərbaycandan fərqli olaraq, digər ölkələrin vətəndaşları, nəqliyyat vasitələri və malları hər iki istiqamətdə sərhəd-buraxılış və gömrük yoxlamasından keçməlidir. Bu səbəbdən, Zəngilan-Mehri sərhədində delimitasiya və demarkasiyası məsələsi ön plana keçib. Lakin delimitasiya işlərinin yalnız kommunikasiyaların açılması və infrastrukturun bərpası məqsədi daşıdığını söyləmək olmaz. Çünki 1920-ci ildə bolşeviklər Zəngəzur mahalını qanunsuz olaraq Ermənistana verməklə Azərbaycan ərazisini iki hissəyə bölüb. 

SSRİ dövründə Zəngilan, Qubadlı rayonlarının, Şərur-Dərələyəz mahalının bir sıra əraziləri Ermənistana bağışlanıb. Delimitasiya prosesinin Sovet dövrü xəritələri əsasında aparılacağını nəzərə alsaq, həmin ərazilərin qaytarılması məsələsi gündəmə gəlir. Məsələn, Nüvədi kəndi delimitasiya zamanı Zəngilan rayonuna qaytarılmalıdır. Ona görə də sərhədlərin müəyyənləşməsi ilə bağlı işlərin qısa müddətdə yekunlaşacağı inandırıcı görünmür. 

Избранный
6
1
cebheinfo.az

2Источники