RU

Rəqəmsal əsrdə milli poçt operatoru - MÜSAHİBƏ

“Azərpoçt”un transformasiya proqramı və beynəlxalq inteqrasiya yolu

Müasir dünyada informasiya texnologiyalarının inkişafı ənənəvi poçt xidmətlərinin funksional çərçivəsini köklü şəkildə dəyişib. Bu gün poçt yalnız məktub daşımaları ilə məhdudlaşmır, həm maliyyə, həm elektron ticarət, həm də rəqəmsal həllərin təqdim olunduğu strateji bir platformaya çevrilib. Ölkəmiz də bu prosesin fəal iştirakçılarındandır. AZCON Holding şirkətlərindən olan ölkənin ən böyük poçt operatoru “Azərpoçt” MMC son illərdə həyata keçirdiyi transformasiya proqramı ilə xidmətlərini beynəlxalq standartlara uyğunlaşdıraraq həm regionda, həm də qlobal miqyasda rəqabətədavamlı bir quruma çevrilməkdədir.

Mövzu ilə bağlı “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayevlə söhbətləşərək, poçt sahəsində həyata keçirilən islahatlar və  perspektivlər barədə suallarımıza aydınlıq gətirməsini xahiş etdik.

- “Azərpoçt” MMC-nin transformasiya proqramının əsas hədəfləri nələrdi və bu istiqamətdə hansı nəticələr əldə olunub?

-“Azərpoçt” MMC transformasiya mərhələsinə 2021-ci ildən start verdi. Əvvəlcə bu qərarın səbəb və ehtiyaclarını qeyd etmək istəyərdim. Belə ki, 2021-ci ildə artıq poçt üzərindən kommunikasiya formaları dəyişmişdi, müştəri tələbləri və ehtiyacları tamamilə yenilənmişdi. Belə olduğu halda, poçt fəaliyyəti də əvvəlki şərtlərlə davam edə bilməzdi. Yəni, poçt sadəcə, klassik poçt xidmətləri ilə kifayətlənməməli, dəyişən eko-sistemə uyğunlaşmalı, müasir poçt xidmətlərini tətbiq etməli idi. Beləliklə, uzun müddət aparılan araşdırmalardan və təhlillərdən sonra qərara alındı ki, poçt transformasiya keçməlidir. Transformasiyanın nəticələrini ümumiləşdirsək, deyə bilərik ki, poçt bu gün rəqəmsallaşıb, çevikləşib və yeni xidmətləri də aktivləşdirərək elektron kommersiyanın bütün növlərini vətəndaşların istifadəsinə təqdim edib.

-Elektron ticarətin artması fonunda “Azərpoçt” beynəlxalq bağlama daşımalarında hansı yenilikləri tətbiq edib?

-Əvvəldə də dediyim kimi, əsrlərlə insanlara xidmət göstərmiş milli poçt operatoru artıq yenilənib. O, bu gün nəinki klassik poçt xidmətlərini icra edir, artıq müasir elektron kommersiya sahəsini də əhəmiyyətli dərəcədə mənimsəyib. Deyə bilərik ki, hazırda “Azərpoçt”da 360 dərəcə elektron poçt xidmətləri tətbiq olunur: artıq 3 ildən çoxdur ki, özünəxidmət funksiyalı, 7/24 rejimində və avtomatlaşdırılmış şəkildə fəaliyyət göstərən “Postamat” qutuları, yalnız elektron kommersiya sifarişlərinin təhvil verilməsi üçün açılan təhvil-təslim (PUDO) məntəqəsi, Türkiyədən, Almaniyadan, Amerika Birləmiş Ştatlarından, İspaniyadan onlayn sifarişləri çatdıran “Postcargo” xidməti müştərilərin istifadəsinə verilib. Bu illər ərzində müştərilərimizi göstərdiyimiz xidmətlərlə məmnun edir, onların elektron sifarişlərinin sürətli və təhlükəsiz təhvil almalarına dəstək oluruq.

-Regionlarda əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsində “Azərpoçt”un rolu nə dərəcədə əhəmiyyətlidir?

-Bu sualınıza görə təşəkkür edirəm. Artıq “Azərpoçt” 15 ildir ki, bank-maliyyə xidmətləri göstərir. Belə ki, 2010-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə razılıq verilib. Bundan sonra “Azərpoçt” MMC Beynəlxalq ödəniş sistemləri olan “SWIFT”ə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, 2022-ci ildən “VİSA” ödəniş sisteminə, ölkə daxilində isə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminə (XÖHKS), Real Vaxt Rejimində Hesablaşmalar Sisteminə (AZIPS), Hökumət Ödəniş Portalına (HÖP) və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə etməyə başladı. Nəticə etibarilə bütün ölkə üzrə yerləşən poçt məntəqələrində, ən ucqar kəndlərdə yaşayan vətəndaşların belə maliyyə xidmətlərinə əlçatanlığı təmin edildi.

-Rəqəmsal texnologiyaların tətbiqi poçt xidmətlərinin müştəriyönümlü olmasına necə təsir göstərib, dolayısı ilə desək, “Azərpoçt”un elektron ödəniş xidmətləri və onlayn platformaları vətəndaşların gündəlik həyatını hansı aspektlərdə asanlaşdırır?

-"Azərpoçt"un elektron ödəniş xidmətləri və onlayn platformaları gündəlik həyatı bir çox cəhətdən asanlaşdırır. Ən əsas faydalardan biri vaxta və enerjiyə qənaətdir.

"Azərpoçt"un onlayn xidmətləri bank infrastrukturu məhdud olan bölgələrdə yaşayan insanlar üçün, xüsusilə faydalıdır. Bu platformalar sayəsində region sakinlərinin də rəqəmsal iqtisadiyyata inteqrasiyası asanlaşır.

Onlayn ödəniş sistemləri müasir təhlükəsizlik standartlarına cavab verir. Məsələn, "Azərpoçt" kart sahibləri kartlarını Google Pay kimi təmassız ödəniş sistemlərinə əlavə edərək ödənişlərini daha təhlükəsiz və sürətli şəkildə edə bilərlər. Bu, fiziki kartın itirilməsi və ya oğurlanması riskini azaldır.

"Azərpoçt"un "İnternet bankçılıq" və "AzPost Mobile" kimi onlayn platformaları müvafiq olaraq hüquqi və fiziki şəxslərə öz bank hesablarına nəzarət etmək, pulköçürmələrini həyata keçirmək və əməliyyatları izləmək imkanı verir. Bu xidmətlər biznes sahibləri üçün də əməkhaqqı köçürmələrini və digər maliyyə əməliyyatlarını asanlaşdırır. Onlayn xidmətlərin inkişafı, həmçinin sahibkarlar üçün də yeni imkanlar açır. Məsələn, "Mobil POS" xidməti sayəsində POS-terminalın fiziki daşınmasına ehtiyac qalmır, ödənişləri birbaşa mobil tətbiq üzərindən qəbul etmək olur.

Ümumilikdə, "Azərpoçt"un rəqəmsal xidmətləri poçt şöbələrinin fəaliyyətini tamamilə əvəz etməsə də, gündəlik maliyyə əməliyyatlarının aparılmasını daha rahat, sürətli və effektiv edir.

-Beynəlxalq əməkdaşlıq baxımından “Azərpoçt”un Ümumdünya Poçt İttifaqı və xarici tərəfdaşlarla inteqrasiyası ölkəmizə hansı strateji üstünlüklər qazandırır?

-Yenilənmə dövrünə keçid etdikdən sonra biz bir neçə istiqamətdə fəaliyyətimizi gücləndirməyə başladıq və bu istiqamətlərdən biri də beynəlxalq müstəvidə geniş fəaliyyət idi. Beynəlxaq fəaliyyət özü də bir neçə istiqamətdə ayrıldı. Əvvəlcə çalışdıq ki, əməkdaşlarımız davamlı olaraq beynəlxalq tədbir və əməkdaşlıq görüşlərində iştirak etsinlər və orada qazanılmış təcrübələri gətirib yerli poçtda tətbiq edə bilsinlər. Digər istiqamət kimi  Azərbaycanın Ümumdünya Poçt İttifaqında təmsil olunmasına cəhd etdik, uzunmüddətli əməkdaşlıqlar qurduq və nəticədə 2023-cü ildən etibarən Beynəlxalq daşımalar departamentinin müdiri Anar Məcidov ÜPİ-nin Avropa və MDB ölkələri üzrə proqram meneceri vəzifəsinə təyin olundu. Bu, bizə Azərbaycanın ÜPİ-də mövqeyinin güclənməsinə, əməkdaşlıqların artmasına, adımızdan təşəbbüslərin irəli çəkilməsinə böyük dəstəkdir. Sonuncu hədəfimiz isə paytaxtda genişmiqyaslı beynəlxalq və regional əhəmiyyətli tədbirlərin təşkili və  onlarla ölkənin poçt təşkilatlarının, poçt eko-sisteminin aparıcı şirkət və ekspertlərinin Azərbaycana gətirilməsi idi. Təkcə bu ilin ilk 6 ayında 2 mühüm tədbir keçirdik. Yanvar ayında MDB və Avropa regionu ölkələri üçün “Nəqliyyat və Qabaqcıl Elektron Məlumatlar” tədbiri, may ayında isə onlarla ölkənin iştirak etdiyi “Poçt Liderləri Forumu” keçirildi. Bu tədbirlər  nəinki milli poçt operatorunun qlobal sistemdə nüfuzunu artırır, həmçinin ölkəmizin təbliğatını, tanıtımını da birbaşa təmin edir.

-Müştəri gözləntilərinin dəyişməsi fonunda “Azərpoçt”un təqdim etdiyi rəqəmsal həllər şəffaflıq, operativlik və etibarlılıq baxımından hansı üstünlüklərə malikdir?

-“Azərpoçt” yenilənmə dövrünə keçid etdikdən sonra mütəmadi olaraq qeyd etdiyiniz prinsiplərin tam təmin edilməsi üçün müxtəlif rəqəmsal həllərdən faydalanır. İlk növbədə, qeyd etməliyəm ki, artıq 3 ildir ki, “Azərpoçt” şöbələrində nağdsız ödənişlərin təşviqi və maliyyə şəffaflığının təmini üçün POS-terminallar istifadəyə verilib. “Azərpoçt”un “VISA” ödəniş sisteminin tamhüquqlu üzvü olması nəticəsində minimum 500 “Azərpoçt” şöbəsində nağdsız ödənişlərin mümkünlüyü təmin olunub.

Operativlik prinsipi isə İnternet Bankçılıq, “AzPostMobile” xidmətləri ilə təmin olunub. Artıq hüquqi və fiziki müştərilərimiz şöbələrimizə yaxınlaşmadan öz maliyyə əməliyyatlarını sürətli və rahat bir şəkildə idarə edə bilirlər.

“Azərpoçt”un etibarlı xidməti kimi biz “Postcargo”nu da nümunə göstərə bilərik. Belə ki, xarici ölkələrdən elektron kommersiya məhsullarının çatdırılmasını təmin edən bu karqo xidməti artıq neçə ildir ki, vətəndaşların etibarını qazana bilib, bunun səbəblərindən biri də bu xidmətin “Azərpoçt” nəzdində formalaşması, vətəndaş qarşısında öhdəlik məsuliyyətinin qəbul edilməsidir.

-Poçt şəbəkəsinin modernləşdirilməsi çərçivəsində şəhər və kənd yerlərində yaradılan imkanlar arasında hansı fərqlər müşahidə olunur?

-Əlbəttə ki, bu günə qədər paytaxt, şəhər və kəndlərdə yerləşən poçt şöbələri arasında fərqlər olub. Amma bizim çalışdığımız budur ki, həmin fərqləri hissə-hissə aradan qaldıraq. Burada xidmət məntəqələrinin mütəmadi təmirindən tutmuş, bütün yeni xidmətlərin tətbiqinə qədər hərtərəfli iş prosesindən söhbət gedir. Misal üçün, elektron kommersiya xidmətlərinin – təhvil-təslim (PUDO) məntəqələri, “Postcargo” xidməti və “Postamat” qutularının ucqar regionlarda da vətəndaşlara təqdim edilməsini nümunə göstərə bilərik. Məqsəd isə bütün vətəndaşların poçt, maliyyə, elektron-kommersiya xidmətlərinə əlçatanlığının təmin edilməsidir.

-“Azərpoçt”un gələcək inkişaf planlarında süni intellekt, böyük verilənlər (“Big Data”) və mobil tətbiqlərin funksionallığının artırılması hansı istiqamətləri əhatə edir?

-"Azərpoçt"un gələcək inkişaf planları poçt xidmətlərini müasir texnologiyalarla birləşdirərək müştəri təcrübəsini daha da təkmilləşdirməyə yönəlib. Bu inkişafda süni intellekt, böyük verilənlər ("Big Data") və mobil tətbiqlərin rolu mühüm yer tutur.

Süni intellektin tətbiqi "Azərpoçt"un əməliyyat effektivliyini artırmağa və müştəri xidmətlərini fərdiləşdirməyə xidmət edəcək. Süni intellektin daha çox tətbiq ediləcəyi istiqamət sürətli logistika və çatdırılma istiqaməti olacaq. Süni intellekt əsaslı alqoritmlər göndərişlərin ən optimal marşrutunu müəyyən edərək çatdırılma müddətini qısaltmağa kömək edəcək. Bu, əməliyyat xərclərini azaltmaqla yanaşı, müştəri məmnuniyyətini də artıracaq.

Süni intellektə əsaslanan çatbotlar və virtual köməkçilər vasitəsilə 7/24 rejimində müştəri dəstəyi təmin ediləcək. Bu, müştərilərin suallarını operativ cavablandırmağa və poçt şöbələrinin iş yükünü azaltmağa imkan verəcək.

Bundan başqa, süni intellekt maliyyə əməliyyatları zamanı qeyri-adi fəaliyyətləri izləyərək fırıldaqçılıq cəhdlərini vaxtında aşkarlayacaq və müştərilərin hesablarını qoruyacaq.

"Azərpoçt"un gündəlik fəaliyyəti nəticəsində yaranan böyük həcmli məlumatların analizi strateji qərarların qəbul edilməsi üçün əvəzsiz resursdur. Böyük verilənlərin təhlili ilə müştərilərin hansı xidmətlərdən daha çox istifadə etdiyini, ödəniş vərdişlərini və ehtiyaclarını anlamaq mümkün olacaq. Bu təhlil "Azərpoçt"a daha uyğun xidmətlər və məhsullar təklif etməyə imkan verəcək. Həmçinin "Big Data" təhlili nəticəsində müştəri davranışları əsasında hər bir istifadəçi üçün fərdi təkliflər, kampaniyalar və xidmətlər hazırlana bilər. Çatdırılma, logistika və filial şəbəkəsinin idarə edilməsi üçün "Big Data" analizi əsasında daha səmərəli sistemlər qurulacaq. Bu, resurslardan daha optimal istifadə etməyə imkan verəcək.

Mobil tətbiqlə bağlı gələcək hədəf poçt xidmətlərinin də bu tətbiqə daxil edilməsidir. Mövcud "AzPostMobile" tətbiqi artıq bir sıra əsas funksiyaları (ödənişlər, pul köçürmələri, statistika) özündə birləşdirir. Mobil tətbiq vasitəsilə poçt göndərişlərinin ünvanlanması, izlənilməsi, sifarişlərin verilməsi və əldə edilməsi kimi əksər poçt xidmətlərinin tamamilə rəqəmsallaşdırması planlaşdırılır.

Bundan başqa, hazırda mobil tətbiq üzərindən əlavə bank xidmətlərinin, məsələn, investisiya məhsulları və ya sığorta xidmətlərinin təklifi nəzərdən keçirilir.

-Ümumdünya Poçt Günü kontekstində poçt xidmətlərinin müasir dövrdə strateji missiyasını necə ifadə edərdiniz – bu, daha çox rabitə vasitəsi olaraq qalacaq, yoxsa rəqəmsal iqtisadiyyatın mühüm təkanverici qüvvəsinə çevriləcək?

-Ümumdünya Poçt Günü kontekstində poçt xidmətlərinin müasir dövrdəki strateji missiyası sadəcə, rabitə vasitəsi olmaqdan daha çox, rəqəmsal iqtisadiyyatın mühüm təkanverici qüvvəsinə çevrilməkdir.

Ənənəvi olaraq, poçt xidmətləri məktubların və fiziki bağlamaların çatdırılması ilə məhdudlaşırdı. Lakin XXI əsrdə texnologiyaların sürətli inkişafı və elektron ticarətin kəskin artımı poçt operatorlarının rolunu tamamilə dəyişdirdi. İndi poçt xidmətləri yalnız fiziki məhsulları deyil, eyni zamanda, maliyyə və rəqəmsal xidmətləri də çatdıran geniş bir ekosistemə çevrilib.

Poçt xidmətləri elektron ticarətin "onurğa sütunu" rolunu oynayır. Onlar həm ölkədaxili, həm də beynəlxalq onlayn ticarət əməliyyatları üçün etibarlı və sürətli logistika həlləri təklif edirlər. Bu, xüsusilə kiçik və orta sahibkarlar üçün bazarlara çıxışı asanlaşdırır. Poçt şöbələri bank xidmətlərinin məhdud olduğu kənd yerlərində və ucqar bölgələrdə əhali üçün əsas maliyyə xidmətləri (pul köçürmələri, pensiya ödənişləri, kommunal xidmət haqlarının yığılması) təklif edir. Bu, insanların maliyyə sisteminə inteqrasiyasını təmin edir və sosial bərabərliyi artırır.

Poçt operatorları rəqəmsal ödənişlər, onlayn xidmətlər və mobil tətbiqlər vasitəsilə fiziki və rəqəmsal kanalları birləşdirir. Bu yanaşma poçt şöbələrini ənənəvi xidmət nöqtəsindən müasir, çoxfunksiyalı mərkəzlərə çevirir.

Sonda onu da qeyd edim ki,  poçt xidmətləri artıq sadəcə, rabitə vasitəsi deyil, texnoloji cəhətdən təkmilləşmiş, maliyyə və logistika xidmətlərini özündə birləşdirən güclü iqtisadi alətdir. Onların gələcək missiyası rəqəmsal iqtisadiyyatın inkişafına birbaşa təkan verən, onu dəstəkləyən və hər kəs üçün əlçatan edən əsas infrastrukturlardan biri olmaqdır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
62
ikisahil.az

1Источники