RU

İrəvan-Moskva  münasibətləri: yaxınlaşma, yoxsa zəruri taktika?

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın günlərdə Moskvaya səfəri gözlənilir. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Bu xəbər Paşinyan-Putin xəttində münasibətlərin istiqaməti ilə bağlı suallar doğurur. Son illərdə İrəvanla Moskva arasında yaranan gərginlik və Vaşinqtonla imzalanan sənədlərin doğurduğu narazılıqlar fonunda, belə bir səfərin əsas məqsədinin gərginliyi yumşaltmaq və qarşıdakı parlament seçkiləri ərəfəsində siyasi riskləri azaltmaq olduğu görünür.

Paşinyanın Rusiya ilə münasibətlərində ziddiyyətli məqamlar açıqdır. Bir tərəfdən, o, Ermənistandakı ictimai rəyi və Qərblə əməkdaşlıq kursunu nəzərə alaraq, Moskva ilə məsafəli siyasət yürütməyə çalışır. Digər tərəfdən, ölkənin iqtisadi asılılığı və təhlükəsizlik baxımından Rusiya amili hələ də ciddi əhəmiyyət kəsb edir. Bu səbəbdən də Paşinyan Moskvanı “qardaş ölkə” adlandırmaqla yumşaldıcı ritorikadan istifadə edir, amma bu ifadələrin real siyasi münasibətlərə ciddi təsir göstərə bilmədiyi aydındır.

Hazırda əsas təhlükə Rusiyameylli qüvvələrin parlament seçkilərində fəallaşmasıdır. Moskvanın kilsə və iqtisadi elita ilə yeni siyasi blok formalaşdırmaq cəhdləri Paşinyan üçün ən böyük risklərdən biridir. Kreml Paşinyanı zəiflətməyə çalışsa da, onu tam devirmək üçün əlverişli anı gözləyir. Paşinyanın tez-tez Putinlə görüş istəyi, əslində, bu riskləri minimallaşdırmaq üçün atılan addım kimi oxunmalıdır.

Qlobal geosiyasi mənzərə də İrəvan-Moskva münasibətlərində müəyyən dəyişikliklərə yol açır. Rusiyanın Azərbaycana münasibətlərində yaranan soyuqluq Paşinyanı Moskva üçün daha əlçatan partnyora çevirib. Bununla belə, Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt əvvəlki kimi olmayacaq, çünki İrəvanın Qərblə əməkdaşlıq xətti artıq strateji seçim xarakteri daşıyır.

Nəticə etibarilə, Paşinyan Moskvaya səfəri ilə həm daxili siyasi təhlükələri azaltmağa, həm də Rusiya ilə minimum anlaşma əldə etməyə çalışır. Ancaq bu, Ermənistanın tamamilə Rusiyanın orbitinə qayıdacağı anlamına gəlmir. Əksinə, bölgədə baş verən proseslər göstərir ki, Ermənistan tədricən Qərbə inteqrasiyanı prioritetləşdirir, sadəcə Moskva ilə münasibətləri idarəolunan səviyyədə saxlamağa çalışır.

Züriyə Qarayeva

Избранный
37
2
bakivaxti.az

3Источники