Qulamhüseyn Əlibəyli: “Simonyan nə qədər müsbət mesajlar versə də, bunlar real addımlar atmaqdan ehtiyat edirlər”
“Mağazalarımızda Azərbaycan malları satılacaq, Ermənistan malları isə Bakıda və digər şəhərlərin mağazalarında olacaq. Bu qaçılmazdır”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət aparacaqlar və gələcəkdə iki ölkənin malları üçün vahid bazar yaradılacaq. Simonyan, həmçinin qeyd edib ki, hər iki tərəfdə həssaslıq mövcuddur, lakin onlar üçün kommunikasiyaların mümkün qədər tez açılması prioritet və vacibdir.
Burada diqqət çəkən məqam odur ki, Ermənistan kommunikasiyaların mümkün qədər tez açılmasında maraqlıdır. Bunun yolu isə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının mümkün qədər tez çıxarılmasından keçir.
“Bu olmadan haradan əmin olmaq olar ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr əvvəlki iddialarla çıxış etməyəcək?”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd etdi ki, Ermənistan rəsmiləri dəfələrlə Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltməkdə maraqlı olduqlarını bəyan ediblər: “O cümlədən, bütün kommunikasiyaların açılmasında maraqlı olduqlarını bildiriblər. Bununla bağlı tez-tez bəyanatlar verirlər. Digər tərəfdən isə, onların faktiki hərəkətləri, fəaliyyəti bir növ Zəngəzur dəhlizinin, kommunikasiyaların açılmasına yönəlmir. Onlar bundan bu və ya digər dərəcədə çəkinirlər. Həm sülh sazişinin imzalanmasından, həm də kommunikasiyaların açılmasından ehtiyat edirlər. Hesab edirəm ki, hakimiyyət erməni cəmiyyətindən çəkinir. Çünki erməni cəmiyyəti bütün bunlara o qədər də hazır görünmür. Ona görə ki, erməni cəmiyyəti xəstədir. İllərlə bunların beynini faşist düşüncələrlə zəhərləyiblar. O üzdən, belə bir cəmiyyəti sağaltmaq lazımdır. Ermənistanla kommunikasiyaların açılması ilk növbədə Azərbaycanla sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı olan məsələdir. Ancaq bunun üçün də Ermənistan qanununda müəyyən dəyişikliklər edilməlidir. Paşinyan hakimiyyəti bununla bağlı real addımlar atmalıdır. Azərbaycana qarşı ərazi iddiası Konstitusiyadan çıxarılmalıdır. Çünki Qarabağın Ermənistana birləşdirilməsinə dair bu ölkənin Ali Sovetinin qərarı var. Sonra Ermənistanın müstəqillik bəyannaməsində buna istinad var. Ona görə də bütün bunlar ortadan qalxmalıdır. Bu olmadan haradan əmin olmaq olar ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr əvvəlki iddialarla çıxış etməyəcəklər? Fikrimcə, Ermənistan istəsə bunları tezləşdirə bilər. Hələ ki, Ermənistan hakimiyyəti cəmiyyətdən çəkindiyi üçün bunu etmir. Simonyan nə qədər müsbət mesajlar versə də, bunlar real addımlar atmaqdan ehtiyat edirlər. Çünki gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilərə görə çox şeyi bəyan etməkdən çəkinirlər. Çünki bunun seçkidə onların əleyhinə işləyə biləcəyindən narahatdırlar. Gözləmə mövqeyi tuturlar. Lakin hesab edirəm ki, gec-tez Azərbaycanın irəli sürdüyü şərti qəbul edəcəklər. Çünki bu tələbin nə qədər vacib olduğunun fərqindədilər. Bunsuz nəqliyyat əlaqələrindən danışmaq mümkünsüzdür”.
Vidadi ORDAHALLI