Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycanın əkinə yararlı torpaqları nə qədərdir? Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent coğrafiyaçı alim Ənvər Əliyev bildirib ki, əkinə yararlı torpaqlarımızın 1/3-ni itirmişik. Alimin dediyi qədər əkinə yararlı torpaq sahələrini itirmişikmi? Süni yağış texnologiyasının tətbiqi ilə bağlı pilot layihə təklifi haqda məlumatlar verilir. Bu texnologiya əkinə yararsız torpaqları əkinə yararlı edə bilərmi? Yoxsa, əkinə yararlı sahələrdə suvarma sistemlərinin xərclərini azaltmaq üçündür?
Məsələ ilə bağlı Bizimyol.info portalına açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, son bir neçə ildə əkin sahələrində azalma yoxdur, artım var: “Azərbaycanda kənd təsərrüfatına və o cümlədən əkinə yararlı torpaq sahəsi 4,9 milyon hektar təşkil edir. Son bir neçə ildə əkinə yararlı torpaq sahələrində azalma yoxdur, artım var. Bu da onunla bağlıdır ki, Azərbaycanda örüş sahələri, təbii biçənək ərazilər təəssüflər olsun ki, əkinə verildi. Baxmayaraq ki, məhsuldarlıq orda aşağıdır, ancaq bunun hesabına əkin sahələrinin həcmi 1,7 mln hektardan 2 mln hektara qədər artıb. Bura dənli və paxlalı bitkilərin, texniki bitkilər, kartof-tərəvəz və bostan bitkiləri, həmçinin yemlik bitkilərin əkin sahələridir, eyni zamanda 350-400 min hektar çoxillik bitkilərdir. Yəni burda meyvə ağacları və s. aiddir. Bu da ümumilikdə 2 mln hektardır.
Dənli və dənli paxlalı bitkilərin altında 1 mln hektardan çox ərazi var. Bəziləri deyir bu real deyil, əslində realdır, bizdə məhsuldarlıq ciddi aşağı düşüb, amma əkin sahəsi böyükdür. Texniki bitkilərin altında 120 min, kartof-tərəvəz, bostan bitkiləri 130 min, yemlik bitkilərin altında 350-360 min hektardır. Onu da qeyd edim ki, burda işğaldan azad edilən ərazilər də nəzərdə tutulub”.
Vahid Məhərrəmov
Aqrar eksperti vurğulayıb ki, yağış sularından səmərəli istifadə etmək daha ucuz başa gəlir, nəinki süni yağış yağdırmaq: “Süni yağış yağdırmaqda hökumətin məqsədini mən bilmirəm. Bu günlərdə yağış yağır, yaxşı da yağır. Bu suları yığmaq olar, həmçinin süni göllər yaradıb, suyu yığmaq olar. Sonra da o sulardan səmərəli istifadə etmək olar. Bu daha ucuz başa gələr, nəinki süni yağış yağdırma. İnsanlara ümid verirlər ki, nə vaxt yağış yağdıracaqlar? Bu proses nə ilə nəticələnəcək? O sudan hansı məqsədlə istifadə edəcəklər?
Azərbaycanın 5 milyard kubmetr suya ehtiyacı var. Burda həm içməli sudan, həm də suvarma suyu nəzərdə tutulub. Azərbaycanın su resursu imkanı bu gün üçün real olaraq 25 milyard kubmetrdir – 5 dəfə çoxdur. Biz sudan səmərəli istifadə edə bilmirik. Sularımızın demək olar ki, 60-70 %-i ötürülmə zamanı itkiyə gedir, köhnədən qalmış su kanallarıdır, bəziləri torpaq məcralıdır. Əldə olunan, sonra ötürülən sudan istifadə zamanı da böyük həcmdə itkiyə gedir. Demək olar ki, bizə çatan suyun az bir hissəsindən istifadə edə bilirik. Əksər hissəsi itkiyə gedir. Bu problem aradan qaldırılmalıdır. Dəfələrlə bununla bağlı təkliflər vermişik ki, su borular vasitəsi ilə ötürülməlidir. Belə təcrübə Avropada da var, daha yaxşı təcrübə isə İsraildədir. Onlar az həcmdə sudan səmərəli istifadə edib, özlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatının 95%-ni ödəyirlər. Azərbaycan isə mənbədən 13-14 milyard kubmetr su götürür, bunun hesabına yalnız əhalinin ərzaq məhsullarına, ümumiyyətlə tələbatının 50%-i ödənilir. Bu da israfçılıqdır.
Yağışı harada və necə yağdıracaqlar? İqlimdə dəyişiklik baş verəcəkmi? Mən bunu hələ ciddi hesab etmirəm. Onu qeyd edim ki, bu proses çox baha başa gəlir. Görək nə olacaq? Bunlar həmişə böyük götürürlər, amma nəticədə biz görürük, çox təəssüf ki, nəyəsə nail ola bilmirlər. Bəzi adamlar internetdən oxuduqlarını düzüb-qoşub danışa bilir, amma peşəkarlıq yoxdur. Təbii ki, danışıqlarında da qeyri-peşəkarlıq hiss olunur”.
Günel Həsənova, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.