RU

Küçələri yuyan yağış suları niyə boşa axır? - Professordan maraqlı təklif

Bu gün Bakıda yağış nəticəsində küçələrdən sel axırdı.

Hətta bəzi küçələrdə keçmək mümkün deyildi. 

Qarşıdan yağmurlu havaların gəldiyini nəzərə alsaq, paytaxtda daha çox belə yağış sularının şahidi olacağıq. Ancaq bir sıra dünya ölkələrində, o cümlədən Argentinada yağış suları müxtəlif texnologiyalardan istifadə edilərək laboratoriyalarda təmizlənir ki, vətəndaşlara təmiz şirin su kimi təqdim edilir. 

Xatırladaq ki, bir neçə ay öncə paytaxtda böyük su problemi yarandı və vətəndaşlar günlərlə su tapmaqda çətinlik çəkdilər. Maraqlıdır, niyə Azərbaycanda bu kimi problemlərin qarşısını almaq üçün digər ölkələrdəki kimi yağış sularından istifadə edilmir? 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Akademik H. Əliyev adına Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov “Cebheinfo.az”-a bildirib ki, yağış suyu şirin sudur və ondan istifadə dünya praktikasında var: 

“Bir sıra ölkələrdə bu istiqamətdə layihələr həyata keçirilir. Yəni istər şəhər, istər digər ərazilərdə yağış sularının idarə olunması, istifadəsi alternativ su mənbələri kimi mühüm əhəmiyyət daşıyır. Dəniz suyu duzludur və onu duzsuzlaşdırmaq üçün böyük texnoloji proses olmalıdır. 

O, baha başa gəlsə də, dünya praktikasında var, bizdə də olub və alternativ su mənbəyi kimi o da qalır. Ancaq şəhər mühitində qısamüddətli yağıntılar böyük narahatlıq yaradır. Çünki bir tərəfdən hər yer asfalt olduğuna görə sukeçirmə qabiliyyəti olmur, digər tərəfdən də şəhərdə tikinti buna şərait yaradır. 

Bu evlərin damı bir növ şəhərdə çətir rolunu oynayır. Yağış sularını toplayır və birdən küçələrə buraxır ki, bu da şəhərdə gərginlik yaradır. Tikinti landşaftına əməl olunmamasının nəticəsidir ki, şəhərdə evlər bir-birinə yaxın tikilir. Atmosferdən düşən yağıntı tədricən paylanmalı, əthə düşməli, sovrulmalı, süzülməlidir. Düşən yağıntıların toplanması, məişət suyu kimi istifadəsi amümkündür, yəni təkcə yalnız içməli su kimi deyil, həm də bağların suvarılmasın, sənayedə, avtomobillərin yuyulmasında texniki su kimi də istifadə edilə bilər. Bəzi yerlərdə turşulu yağışlar olur. 

Eləcə də sənayedən atılan tullantılar hesabına çirkli yağış suları olur ki, onların tərkibi mexaniki, kimyəvi təmizləndikdən sonra sırf içmək üçün istifadə edilir. Ancaq digər hallarda texniki su kimi istifadə etmək mümkündür”. 

Ölkədə yağış sularından istifadəni tənzimləyən müvafiq texnologiyaların mövcudluğuna gəldikdə isə professorun sözlərinə görə, hər halda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində, institutlarda bu sahədə tədqiqatlar aparılır: 

“Ancaq hazırda yağış sularından istifadə yoxdur. Ümumiyyətlə, bir sıra ölkələrdə yağış sularından istifadədə iki cür itki olur. Birincisi, süni itki, yəni insanların antropogen müdaxiləsinin təsiri nəticəsində olan itki, ikincisi isə təbii itkilərdir. 

Təbii itkilər odur ki, yağış çay hövzəsinə düşdükdə buxarlanma gedir. Ancaq həmin yağış sularının bəziləri hövzədə relyefin müxtəlifliyindən asılı olaraq, birbaşa çayların qidalanmasında iştirak etmir. Orada hövzədə olan çökəkliklərdə yığılıb qalır. Ondan istifadə etməyəndə,  buxarlanır, atmosferə gedir. 

Halbuki o, hazır sudur və kiçik gölməçələr kimi əmələ gəlir. Məsələn, Avstraliyada çoxlu göllər əmələ gəlir və sonradan o sulardan istifadə edirlər. Bizdə mövcud çökəkliklərdən yığılan yağış sularından kollektorlar, müəyyən nasoslardan istifadə etməklə suvarmada, əkinçilikdə, sənayedə itifadə mümkündür. Çoxları bunu nəzərə almır. Əminəm ki, gələcəkdə bu istiqamətdə işlər aparılacaq”. 

Избранный
4
2
cebheinfo.az

3Источники