RU

Rafiq Verdiyev: "Müxtəlif sahələrdə su təminatında problemlər yaranacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İqlim dəyişikliklərinin təsiri nəticəsində su ehtiyatları azalır və bu proses müxtəlif ssenarilərdə davam edəcək. Bunun nəticəsində müxtəlif sahələrdə su təminatında problemlər yaranacaq.
Əsas təhlükə Xəzərin səviyyəsinin düşməsidir. Bundan əlavə, təhlükəli hidroloji hadisələrin - sel və daşqınların artması da ciddi problemdir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr, uçot və reyestr şöbəsinin müdiri Rafiq Verdiyev deyib.
R.Verdiyev qeyd edib ki, həmin problemlərin aradan qaldırılması üçün suyun səmərəli istifadəsini təmin etmək, itkilərin qarşısını almaq və suyun daha dəqiq paylanması üçün müxtəlif qurğulardan istifadə etmək lazımdır:
"Eyni zamanda, bu sular Xəzər dənizinə axır, yalnız Azərbaycan ərazisində deyil, bütün Xəzər hövzəsində, xüsusilə Volqa çayında suyun azalmasının gələcəkdə də davam edəcəyi proqnozlaşdırılır və bunun nəticəsində Xəzərin səviyyəsi düşə bilər. Biz çalışırıq ki, adaptasiya tədbirləri həyata keçirilsin və həm sulardan səmərəli istifadə sahəsində, həm də Xəzər dənizinin səviyyəsinin müəyyən həddə saxlanılması istiqamətində tədbirlər görək. Bu sahədə qonşu dövlətlərlə birgə işlər aparılır, müşavirələr və görüşlər keçirilir".
O əlavə edib ki, müvafiq işçi və ekspert qrupları yaradaraq lazımı tədbirləri müəyyən etməyə çalışırlar:
"Su gətirilməsi və ya qoruyucu tədbirlərin həyata keçirilməsi ilə Xəzərin səviyyəsini müəyyən həddə saxlamaq mümkündür. İlk növbədə, ölkədə su ehtiyatlarının monitorinqini genişləndiririk, avtomatlaşdırırıq və məlumat bazasını idarəetməni asanlaşdıracaq şəkildə qururuq ki, suyun azalması və ya digər təhlükəli hadisələr zamanı operativ tədbirlər həyata keçirilsin.
Eyni zamanda, istifadəçilər və şirkətlər arasında müasir suvarma metodlarından və texnologiyalardan istifadəni təşviq edirik ki, az su sərf edilsin, müxtəlif sahələrdə ondan effektiv şəkildə istifadə olunsun. Təkrar istifadəni genişləndirmək, alternativ mənbələrdən yararlanmaq və suyun dövriyyəsini təmin etmək yolu ilə səmərəli istifadəyə nail olmağa çalışırıq. Əhali və istifadəçilər arasında təbliğat işləri də gündəliyimizdədir".
"Biz həm infrastruktur, həm qeyri-infrastruktur istiqamətində tədbirlər görürük ki, təhlükəli hadisələrin qarşısını alaq. Beləliklə, gələcəkdə əhalinin tələbatının artması və suyun azalması fonunda hazır ola biləcəyik", - deyə şöbə müdiri fikirlərini yekunlaşdırıb.
Məhərrəm Əliyev
Избранный
37
24
oxu.az

10Источники