RU

"Formula -1"in Bakı konsertlərinin keçirələcəyi tarix açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



19-21 sentyabr tarixlərində Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi yarış həyəcanını möhtəşəm musiqi şousu ilə birləşdirəcək.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, bu il "Baku Crystal Hall" səhnəsi dünya musiqisinin üç nəhəng adını bir araya gətirəcək - Anyma, Martin Garrix və Glass Animals.
19 sentyabr - Anyma
Elektron musiqinin ən futuristik adlarından biri olan Anyma reallıqla fantaziyanın sərhədlərini pozan audiovizual performansı ilə Bakıda unudulmaz gecə yaşadacaq. Onun şousu sadəcə konsert deyil - texnologiya, işıq və musiqinin birləşdiyi paralel bir kainata səyahətdir. Onun çıxışları dünyanın ən nüfuzlu festival səhnələrində - "Tomorrowland", "Coachella" və s. - tamaşaçıları heyran qoyub.
20 sentyabr - Martin Garrix və Glass Animals
Dünyanın ən məşhur diceylərindən biri, "DJ Mag Top 100 DJ's" siyahısında dəfələrlə birinci yeri tutmuş Martin Garrix, Bakıda milyonlarla insanın sevdiyi hitlərini canlı ifa edəcək. "Animals", "Scared to be Lonely" (Dua Lipa ilə), "In the Name of Love" (Bebe Rexha ilə) və "We Are the People" (Bono və The Edge ilə) kimi mahnıları qlobal musiqi tarixinə damğa vurub. Garrix-in enerji dolu setləri və möhtəşəm səhnə performansları ilə bu gecə yarış həftəsonunun zirvələrindən biri olacaq.
İngilis indie-pop səhnəsinin sevimlisi Glass Animals isə "Heat Waves" mahnısı ilə "Billboard Hot 100" siyahısında 7 həftə ardıcıl 1-ci yeri tutaraq dünya musiqi tarixində iz qoyub. Onların kreativ üslubu və tamaşaçı ilə interaktiv performansları Bakıda unikal musiqi təcrübəsi yaşadacaq. Səhnəyə gətirdikləri enerji və emosional atmosferlə bu gecə azarkeşlərin yaddaşlarına yazılacaq.
"Formula-1" üzrə Azərbaycan Qran-prisi yalnız sürət və rəqabət deyil, həm də festival ab-havası deməkdir. Bu üç gecə avtoidmanın həyəcanı ilə musiqinin sehrini birləşdirərək Bakını əsl qlobal festival mərkəzinə çevirəcək.
Konsertlərə giriş həm yarış biletlərinə daxildir, həm də ayrıca konsert biletləri vasitəsilə mümkündür.
Yarış biletlərini www.bakucitycircuit.com vasitəsilə, konsert biletlərini isə şəhərin kassalarından əldə etmək mümkündür.
Избранный
15
6
oxu.az

7Источники