Onun sözlərinə görə, Ermənistandakı revanşist kəsim Vaşinqton razılaşmasını növbəti kapituliyasiya aktı kimi dəyərləndirir ki, onların burunlarından uzağı görmədiklərini bilmələri üçün ABŞ-nin keçmiş dövlət katibi Blinkenin köməkçisi Ceyms Ochr("39")Braynın Beynəlxalq Əlaqələr üzrə Avropa Şurası təhlil mərkəzində yayılan bir məqaləsini oxumaları bəs edir: "Vaşinqton görüşündə ilk növbədə Azərbaycanın istəklərinin təmin olunduğundan narazılığını gizlətməyən bu "Vaşinqton bataqlığı" təmsilçisi İranla Rusiyanın danışıqlar prosesində yer almamalarını da düzgün saymadığını yazır və dolayısıyla etiraf edir ki, ölkəsi də adı çəkilən iki dövlət kimi Azərbaycanla Ermənistan arasında sülhdə maraqlı olmayıb. Burada mən ABŞ-ni Minsk qrupunda təmsil edən Riçard Hoqlandın həmsədrlər haqda dediklərini yada salmaq istəyirəm. O bildirirdi ki, bir dəfə Rusiyanın Minsk qrupundakı təmsilçisi İqor Popovdan "Azərbaycanla Ermənistan "Lavrov planı"yla razılaşalar, onda Moskva nə edəcək", -deyə soruşanda cavab: "Biz sülhə imkan verməyəcəyik" olub. Təsəvvür edirsinizmi, Rusiya hətta özünün belə hazırladığı sözdə sülh planının qəbulunda maraqlı deyilmiş. Və Obraynın məqaləsi göstərir ki, Popovun Hoqlanda etirafı heç də bahalı içkinin təsirindən doğmayıb. O, "Vaşinqton bataqlığı"ndakıların da ölkəsi kimi regionda sülhdənsə konfliktin qalmasına və idarə edilməsinə üstünlük verdiyini bildiyindən Hoqlandla açıq danışırmış.
Buradan da görünmürmü ki, Prezident Tramp cənab İlham Əliyevi böyük lider adlandırarkən nə qədər haqlıdır? Ancaq böyük lider sözügedən dövlətlərin və daha bir neçəsinin qarşı çıxmalarına, Ermənistana hərtərəfli dəstək vermələrinə rəğmən öz torpaqlarını işğaldan qurtara, onlardan ən təhlükəlisinin ordusunun ayağı dəydiyi yerdə əbədi qalması haqda mifi Qarabağdakı hərbi kontingentlərini oradan çıxarmaqla darmadağın edə, bunlardan da ötəsi, savaşı olduğu kimi sülhü də uda bilərdi. Bu baş verənlər Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə etdiklərinin , yəni maraqları heç də üst-üstə düşməyən böyük dövlətləri "Əsrin Kontraktı"nda bir araya gətirməsinin daha heyrətdoğuran şəkildə təkrarlanmasıdır, ya yox? Vaşinqton razılaşması bütövlükdə regionun subyektliyinin təmininə yönəlik mühüm addım və Ermənistanın da müstəqil dövlət kimi çıxış etməsi, 300 ildir ki, onlardan geosiyasi alət olaraq faydalananların caynağından qurtulmaları üçün yaradılmış şansdır. Onlar bu şansı düzgün dəyərləndirməli, Müzəffər Ali Baş Komandan Diplomat cənab İlham Əliyevə minnətdar olmalı, hətta heykəl ucaltmalıdırlar!"
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov qeyd edib ki, Azərbaycan uzun illər ərzində beynəlxalq hüquqa əsaslanan, ədalətə söykənən mövqedən çıxış edib: "Biz hər zaman bölgədə dayanıqlı sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin tərəfdarı olmuşuq. Amma eyni zamanda, xalqımız heç vaxt öz milli maraqlarından və suveren hüquqlarından geri çəkilməyib. Vaşinqton razılaşmaları bu prinsipial mövqeyin nəticəsidir. Bu sənəd göstərdi ki, əgər dövlət qətiyyətli və prinsipial siyasət yürüdürsə, diplomatiya milli maraqlara əsaslanırsa, haqq səsi gec-tez beynəlxalq müstəvidə eşidilir.
Son illərin bütün nailiyyətlərinin əsasında Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və müdrik liderliyi dayanır. O, təkcə hərbi meydanda deyil, diplomatik masada da Azərbaycanın qələbəsini təmin etdi. Bu gün Vaşinqton razılaşmaları həm də dövlət başçımızın qətiyyətli iradəsinin, onun sülh diplomatiyasına sadiqliyinin təntənəsidir. Əslində, dövlət başçısının yeritdiyi siyasətin və tarixi xidmətin uğurlu nəticəsi rəhbərin intellekti, enerjisi, iradəsi, idarəetmə bacarığının səviyyəsindən asılıdır. Harada ki, bu səviyyə var - orada uğur var, qələbə var, təhlükəsiz və rahat həyat var, güclü, müasir dövlət və ordu var, qüdrətli ölkə var. Bunları görməmək, deməmək, bunlara görə şükranlıq etməmək ən azından nankorluq olardı".
Onun sözlərinə görə, Vaşinqton razılaşmaları Cənubi Qafqazda yeni bir siyasi reallıq formalaşdırır: "Bu reallıq artıq gərginlikdən deyil, əməkdaşlıqdan bəhs edir. Bölgədə uzunmüddətli sabitlik, iqtisadi inteqrasiya və qarşılıqlı etimad üçün yeni pəncərə açılır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat dəhlizləri, enerji layihələri, ticarət və mədəni əməkdaşlıq imkanları artıq daha geniş miqyasda aktuallaşır. Bu, təkcə ölkəmiz üçün deyil, bütün region xalqları üçün sabit rifah deməkdir. Azərbaycan bu gün dünyaya bir daha nümayiş etdirdi ki, güc yalnız silahla deyil, diplomatiya ilə də qazanılır. Vaşinqton razılaşmaları bizim üçün təkcə bir siyasi sənəd deyil - bu, xalqımızın birliyi, dövlətimizin qətiyyəti və liderliyimizin müdrikliyinin nəticəsidir. Biz birlikdə bu tarixi hadisəni gələcək nəsillərə miras qoyuruq. İnanıram ki, həmrəyliyimiz sayəsində Azərbaycan daha da güclənəcək, regionumuz sülhün, əməkdaşlığın və inkişafın mərkəzinə çevriləcəkdir".
Alim