RU

Mərkəzi seroz xorioretinopatiya- göz xəstəliyi nədir?



Mərkəzi seroz xorioretinopatiya (MSX) idiopatik, yəni səbəbi aydın olmayan bir göz xəstəliyidir. Bu xəstəliyə adətən 30-50 yaş arası insanlarda daha çox rast gəlinir. Kişilərdə qadınlara nisbətən 6 dəfə daha çox müşahidə olunur.


"Medicina" xəbər verir ki,Yazıçılar Poliklinikasının həkim-oftalmoloqu Şükran Cumayevanın sözlərinə görə Mərkəzi seroz xorioretinopatiya xəstəliyində patalogiya gözün dibində olan torlu qişanın sarı ləkəsində baş verir:


“Torlu qişa (retina) sinir toxumasıdır. Sarı ləkə (makula) isə torlu qişada yerləşən gözün görmə mərkəzidir. Mərkəzi seroz xorioretinopatiya xəstəliyində torlu qişanın sarı ləkə nahiyəsində damarlı qatından maye sızır,bu da torlu qişanın ödeminə və qopmasına gətirib çıxardır. Bu hallarda insan müəyyən görmə problemləri ilə üzləşməyə başlayır.

Öncə görmədə dumanlaşma baş verir, mərkəzi görmədə gözün önündə qara ləkə hiss olunur, rəng duyğusu pozulur. Sonrakı dövrdə müəyyən distorsiyalar, yəni əyri görmə, əsasən xətlərə baxanda və əşyaların olduğundan çox xırda görsənməsi müşahidə olunur”.


Həkim-oftalmoloq onu da qeyd etdi ki, bu xəstəlik həm bir, həm də hər iki gözdə müşahidə oluna bilər. Təkrarlanan patalogiyadır. Səbəbi tam aydın olmasa da, risk faktorlarından biri qanda kortizol hormonun yüksəkolmasıdır. Bu hormon bizim böyrəküstü vəzilərimiz tərəfindən ifraz olunur və stress hormonu adlanır. Yəni stress ilə mübarizə aparmağa orqanizmdə kömək edən bu maddə Mərkəzi seroz xorioretinopatiyası olan insanlarda daha çox olur. Beləliklə, kortizolun qanda artması gözün sarı ləkəsində maye sızmasına səbəb olur. Əlavə olaraq, steroid tərkibli dərmanların hər hansı bir şəkildə uzunmüddətli qəbulu, hamiləlik, yuxusuzluq, pis vərdişlər, Helicobacter Pylori infeksiyası səbəbi ilə yaranan mədə-bağırsaq xəstəliyi, Kuşinq sindromu kimi hallarda bu xəstəliyin yaranma riskini artırır.


Ş.Cumayeva xəstəliyin müalicə üsullarına da aydınlıq gətirdi:


“Normalda Mərkəzi seroz xorioretinopatiya müalicə tələb etməyə bilər. Öz-özünə bərpa olunmağa meyllidir və çox vaxt bərpa olunur. Ona görə də 3-4 aya qədər gözləmə taktikası seçilir. Steroid istifadəsinin dayandırılması, stresdən uzaq durmaq, yoqa və idmanla məşğul olmaq, yuxunu nizama salmaq və s. kimi tədbirlər 3-4 ay ərzində həmin sızma ocağının bağlanmasına səbəb olur. Bu zaman maye geri çəkilərək torlu qişa tam yerinə oturur və görmə itiliyi xeyli artır.

Olmadığı halda isə sızma ocağı lazer koaqulyasiya vasitəsilə müalicə olunur. Amma bilməliyik ki, bu təkrarlanan problemdir və ilk növbədə səbəbi araşdırmaq və aradan qaldırmaq lazımdır. Görmə proqnozu isə görmə itiliyi xeyli artsa da, görmə keyfiyyəti tam bərpa olunmur. Uzun müddət müalicə olunmamış Mərkəzi seroz xorioretinopatiya fəsadlara gətirib çıxarda bilər. Bunlardan biri isə yeni damarların əmələ gəlməsidir, hansı ki, ciddi müalicə tələb edə bilər.

Aygün M
Medicina.az


Избранный
37
1
medicina.az

2Источники