RU

İynəyə görə xəstənin ölümünə səbəb olan həkimlə bağlı qərar açıqlandı

Ali Məhkəmədə ehtiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Hikmət Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
 

İttihama görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi 1955-ci il təvəllüdlü Hikmət Əliyev barəsində Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
 

Qeyd edilib ki, ki, Hikmət Əliyev lisenziya əldə etmədən öz evində xəstələrin müayinə-müalicəsini qeyri-qanuni həyata keçirib.


Belə ki, Şəki rayon Kiş kənd sakini Sədiqvə Həsənova 2023-cü ildə kürək nahiyəsində olan ağrılarla həkimə müraciət edib. “Kifoskolioz” diaqnozu qoyulmuş qadına şprislə 1 ml miqdarında “Flosteron” və 5 ml-lik “Novokain” dərman qarışığı, həmçinin 2 ml “Etofleks” və 2 ml “Tiofleks” dərman preparatları vurulub.
 

Lakin iynələr qeyri-steril şəraitdə vurulduğundan qadının bədəninə infeksiya düşüb. Nəticədə bədəninə fleqmona (kəskin iltihabi qızartılar) yayılıb. O, orqanizmin ümumi intoksikasiyası nəticəsində inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.


Şəki Rayon Məhkəməsində keçirilən prosesdə Hikmət Əliyev Sədiqvə Həsənovanın ölümünə onun vurduğu iynənin səbəb olmadığını deyib. Mərhumun yaxınları isə həkimi qeyri-steril iynədən istifadə etməkdə ittiham ediblər və bunun ağır fəsadlara gətirib çıxardığını bildiriblər.


Məhkəmə 70 yaşlı həkimi qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilib. H.Əliyevə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək. Şəki Apellyasiya Məhkəməsi hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlayıb.


Kamal Məmmədov 

Tarix: 12 Sentyabr 2025, 08:58   
Избранный
106
pravda.az

1Источники