RU

Azərbaycan Avrasiyanın logistika qovşağına çevrilir

Bu gün tarix yenidən yazılır, xəritələr dəyişir, yollar birləşir. Uzun illər xəyal kimi görünən bir layihə - Zəngəzur dəhlizi (TRIPP) indi gerçəkliyə çevrilməkdədir. Azərbaycanın geosiyasi üstünlüyünü daha da möhkəmləndirən bu dəhliz yol olmaqdan çox, bölgənin taleyini dəyişəcək əhəmiyyətli magistraldır. 

Həqiqətən də Zəngəzur dəhlizinə (TRIPP) sadəcə coğrafi bir keçid kimi baxmaq doğru olmaz. Onu Qafqazın, Avrasiyanın gələcəyini formalaşdıran strateji yol kimi görmək daha dəqiq yanaşmadır. 

 Bu gün biz tarixi bir prosesin şahidiyik: Zəngəzur dəhlizi (TRIPP) nəqliyyat xəritəsində mühüm nəqliyyat qovşağı kimi diqqət çəkir. Azərbaycan dəhliz vasitəsilə Türkiyə, Mərkəzi Asiya, Rusiya və Avropa ilə quru yol bağlantısını gücləndirir. Bu yol Orta dəhliz layihəsinin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ayrılmaz hissəsi olaraq beynəlxalq yükdaşımaların daha təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq. Buradan keçən nəqliyyat vasitələri sadəcə mal daşımayacaq, obrazlı desək, regionların iqtisadi inkişafını, xalqlar arasında əməkdaşlığı və gələcəyə olan inamı özündə ehtiva edəcək. Azərbaycanın təşəbbüsü ilə yaranan bu nəqliyyat xətti artıq öz funksiyasını yerinə yetirməyə başlayır.

Zəngəzur dəhlizinin (TRIPP) fəaliyyətə başlaması üçün Azərbaycan genişmiqyaslı infrastruktur layihələrinə start verib. Horadizdən Ağbəndə qədər uzanan dəmir yolunun tikintisi sürətlə davam edir. Bu yol yalnız relslərin düzülməsi və vaqonların hərəkəti üçün çəkilmir. O, uzun illər blokadada qalmış Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək tarixi bir can damarıdır. Paralel olaraq, yeni avtomobil yolları çəkilir, mövcud yollar yenilənir. Dəhlizin keçəcəyi ərazilərdə körpülər salınır, tunellər qazılır, müasir mühəndis layihələri ilə infrastruktur qurulur. Bəlkə də ilk baxışda proses texniki iş kimi görünə bilər. Əslində isə bu, bölgənin iqtisadi tərəqqisinin bərpası, yeni imkanların açılması deməkdir.

Hava limanlarının tikintisi, sərhəd-keçid məntəqələrinin qurulması və gömrük infrastrukturunun yenilənməsi göstərir ki, Zəngəzur dəhlizi (TRIPP) keçid nöqtəsi kimi tarixə düşür. Onun logistika, ticarət, enerji və kommunikasiya mərkəzi olacağı da qaçılmazdır. Yaxın illərdə dediyimiz ərazilərdə yük qatarları, ticarət karvanları və beynəlxalq tranzit axınları artacaq ki, bu da Azərbaycanın regionda nəqliyyat liderliyini möhkəmləndirməsi ilə nəticələnəcək. Onu da xüsusi vurğulayaq ki, Zəngəzur dəhlizinə (TRIPP) olan maraq təkcə ölkəmizlə məhdudlaşmır. Türkiyə, Qazaxıstan, Özbəkistan, Çin və Rusiya kimi dövlətlər bu yolu Orta dəhlizin əsas hissəsi kimi görürlər. Bu da ona dəlalət edir ki, dəhliz çox böyük qlobal əhəmiyyətə malikdir. 

Xəzər dənizi üzərindən gələn yüklərin Avropaya daşınması bu gün yalnız Gürcüstan üzərindən həyata keçirilir. Sabah bu, Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə də mümkün olacaq. Belə olan halda nəqliyyat riskləri azalacaq, marşrutların təhlükəsizliyi artacaq və bölgədə iqtisadi rəqabət mühiti inkişaf edəcək. Dəhliz vasitəsilə Azərbaycanın qərb sərhədləri açıldığı kimi, Ələt Azad İqtisadi Zonası ilə də şərqdən gələn iqtisadi axınlar qarşılanacaq. Bu iki strateji məkan - biri qapı, digəri körpü funksiyası daşıyaraq, Azərbaycanı Şərqlə Qərbin, Orta Asiya ilə Avropanın kəsişməsində yerləşən logistik mərkəzə çevirəcək. Daşınan yüklər Xəzər dənizindən və Zəngəzur dəhlizindən (TRIPP) keçib Avropaya doğru yola çıxacaq.

Deməli, Zəngəzur dəhlizi (TRIPP) Azərbaycanın qərb sərhədlərinə "qucaq açacaq", Ələt Azad İqtisadi Zonası isə şərqdən gələn iqtisadi axınlara "evsahibliyi" edəcək. Biri qərbə açılan yol, digəri şərqdən gələn imkanların giriş nöqtəsi kimi dünyanın qlobal əhəmiyyətli marşrutun mövqeyini tutacaq. Necə deyərlər, biri körpü, digəri qapı olan bu iki böyük layihə Azərbaycanı artıq xəritənin kənarında deyil, qitələri birləşdirən logistik mərkəzin tam mərkəzində qərarlaşdıracaq. Xəzərin sahilində - Ələtdə qəbul edilən yüklər Zəngəzurdan keçərək Naxçıvana, oradan isə Türkiyə və Avropaya doğru yol alacaq. Amma bu, o demək deyil ki, Azərbaycan sadəcə tranzit ölkə rolunu oynayacaq. Əksinə, o, böyük ticarət oyunçularının yol xəritəsində əsas mərkəzlərdən biri olacaq. Çünki mallar buradan keçəcək, burada dəyərlər formalaşacaq, qitələr birləşəcək.

Çindən Avropaya uzanan Orta dəhliz Zəngəzur dəhlizi (TPIPP) vasitəsilə daha da güclənəcək və zəncirin əsas halqası olan Azərbaycan bu strateji yolun həm coğrafi mərkəzinə, həm də iqtisadi lokomotivi kimi çıxış edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşən bu marşrut Azərbaycanı Qafqazın əsas nəqliyyat qovşağı statusu ilə ön plana çıxaracaq. Bu da onu deməyə əsas verir ki, təbii sərvətləri ilə diqqət çəkən bölgə həm də yolların kəsişdiyi, ticarətin canlandığı, strateji marşrutların keçdiyi bir mərkəz olaraq da dəyərləndirilir.

Bütün bunlar göstərir ki, Zəngəzur dəhlizi (TRIPP) Azərbaycanın iqtisadi gücünü artıran, regionun gələcəyini formalaşdıran və xalqları birləşdirən strateji hədəfdir. Ələt Azad İqtisadi Zonası ilə birlikdə bu dəhliz ölkəmizi Şərqlə Qərbin, Orta Asiya ilə Avropanın arasında körpü kimi güclü bir logistik mərkəz rolunu oynayacaq. Bu gün çəkilən yollar, tikilən körpülər, qazılan tunellər sabahın sabitliyi, rifahı və əməkdaşlığı üçün atılan möhkəm təməllərdir. Bu yol bir nəqliyyat qovşağı olaraq bizi sabit gələcəyə, güclü iqtisadiyyata və yeni regional nizamın qurulmasına aparır. 

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Избранный
46
azerbaijan-news.az

1Источники