RU

Rusiyanın Azərbaycanda yumşaq güc agenturası varmış?!

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"Yumşaq güc" Qərblə Sovet İttifaqı arasında kəskin qarşıdurma səbəbindən ortaya çıxmışdı. Cozef Nayın bu konsepsiyası SSRİ-yə - Rusiyaya qarşı yönəlmişdi. Bu konsepsiya irəli sürüldükdən qısa müddət sonra Sovet İttifaqı dağıldı.

Yox, Şər İmperiyasını Cozef Nayın konsepsiyası dağıtmadı (hərçənd bunun da təkanı olmuşdu). İndi məlum olur ki, Rusiya prezidenti Vladimir Putin keçmiş-keçinmiş "İttifaq"ı diriltmək üçün - "yeni SSRİ" xülyasını reallaşdırmaqdan ötrü "quduz" pullar xərcləyib. Daha doğrusu, onun keçmiş Sovet respublikalarına, yəni indiki müstəqil dövlətlərə "kurator" təyin etdiyi kəşfiyyat zabitləri Rusiya büdcəsindən ayrılmış pulları basıb yeyiblər, üstündən də... su yox, araq içiblər. Bunu biləndə isə Putin həmin sistemi - Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsini ləğv edib. Rusiyanın özünün "The İnsider" resursuna ötürülən məlumatlara görə, Putininn kəşfiyyatçı emissarları onu aldadıblar.

Məsələn; elə biri "QRU"-nun zabiti Valeri Çernışev. The İnsider-ə sızdırılmış xüsusi məlumata görə, bu adam Azərbaycan üzrə kurator olub. Ermənistan, Gürcüstan, Moldova, eləcə də, Mərkəzi Asiya ölkələri üzrə "kurator"ların siyahısına baxırsan, hamısı hərbi kəşfiyyatın, Xarici Kəşfiyyat Xidmətinin, Federal Təhlükəsizlik Xidmətinin zabitləridir. "QRU" dedikləri, bilirsiniz, nədir?! Deyim: Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi.

Təsəvvür edin: Azərbaycana qarşı "yumşaq güc" yaratmaq və idarə etmək hərbi kəşfiyyatçı Çernışevə həvalə olunub (!) Bir sözlə, postsovet ölkələri ilə "mədəni əlaqələr" qurmaq... hərbçilərə tapşırılıb (?!)

Bəs bu hərbçilər "kurator" olduqları ölkələrdə "yumşaq güc" deyilən şeyi necə yaratmalıymışlar və necə yaradırmışlar?

Təbii ki, söhbət qeyri-hökumət təşkilatlarından, media strukturlarından və yəqin, həm də siyasi partiyalardan gedir. Rusiyanı müdafiə edən - Rusiyadan maliyyələşən ictimai birlikləri, medianı, hətta siyasətçiləri göz önünə gətirin. Bax, onları həmin o Rusiya Baş Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabiti Valeri Çernışev idarə edirmiş! Azərbaycanın yüksək çinli məmurları, hərbçiləri, ictimai, siyasi xadimləri haqqında məlumat axırmış. Hardan?! Azərbaycandan. Deməli, Azərbaycanda Rusiya Baş Kəşfiyyat İdarəsinin - Çernışevin təsir agentləri, bütöv bir agentura şəbəkəsi var.

Ləğv edilmiş idarənin keçmiş əməkdaşının "The İnsider"-ə verdiyi məlumata görə, Azərbaycanda "yumşaq güc" yaratmaq, Türkiyənin Azərbaycanda nüfuzunu azaldıb, Rusiyanın nüfuzunu gücləndirmək və Azərbaycanın özünə içəridən təsir rıçaqı yaratmaq məqsədilə Rusiya büdcəsindən nə az, nə çox, düz 100 milyon dollar xərclənib. Nəticə?! Sıfır!

Niyə sıfır?! Çünki pulu yeyiblər. Rus "kurator"lar Azərbaycanlı qeheteşniklərlə, media və sair ilə birlikdə əməlli-başlı korrupsiya sxemi qurublar, Putini "uyudublar".

Bu, əlbəttə, Azərbaycan üçün "xoşbəxt korrupsiya" sayıla bilər. Yaxşı ki, ruslar və onların yerli agentləri Rusiyanın 100 milyonluq dövlət vəsaitinin altından girib üstündən çıxıblar.

Həmin o məxfi əməkdaş, görün nə deyib: "...bir çox şey, sadəcə, hesabat xatirinə və ya "balalayka diplomatiyası" ruhunda edilirdi. Elə hey içirdilər, içirdilər və yenə içirdilər".

Bu da sizə Putinsayağı "yumşaq güc"! Bu da sizə Rusiya kəşfiyyatı! Bunlar "mədəni" əlaqələri də "balta üsulu" ilə qururmuşlar! Bizim "sapı özümüzdən olan baltalar" da onlara "kömək" edirmiş.

Xoşbəxtlikdən kömək edə bilməyiblər. Ancaq hər bir halda onlar - Azərbaycanlı informatorlar, "təsir agentləri" öz ölkəsinə - Azərbaycana qarşı Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edirmişlər.

İndi maraqlısı budur: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, prokurorluq və sair bu məlumatla bağlı işləyəcəkmi?!

Rusiyanın azərbaycanlı agentlərinin - "yumşaq güc" korrupsionerlərinin adları açıqlanacaqmı?!

Seyid Əhmədli, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
bizimyol.info

1Источники