RU

"Qərb üçün İsrail Yaxın Şərqdə mühüm tərəfdaş olaraq qalır" - Politoloq

“Sara Vaqenknext” ittifaqının sədri Sara Vaqenknext Almaniya hökumətini İsrailin Qətərə hərbi zərbəsini pisləməyə və Təl-Əvivə silah tədarükünü qadağan etməyə çağırıb.

Bu barədə o "X" hesabında yazıb. "Bu hərbi zərbədən sonra Almaniya hökumətinin silah embarqosunu genişləndirməsi və İspaniya kimi İsrailə qarşı tam silah embarqosu tətbiq etməyin vaxtı çatıb", - Vaqenknext bildirib.

Bəs İsrailə silah embarqosu tətbiq oluna bilərmi?

Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirdi ki, İsrailə qarşı silah embarqosunun tətbiqi məsələsi həm hüquqi, həm də siyasi müstəvidə mürəkkəb xarakter daşıyır:

"Beynəlxalq hüquqa əsasən, silah embarqosu yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə qəbul edilə bilər. Lakin ABŞ-nin veto hüququ belə bir qərarı faktiki olaraq mümkünsüz edir. Avropa İttifaqı ölkələri müstəqil şəkildə müəyyən məhdudiyyətlər tətbiq edə bilsələr də, vahid mövqenin formalaşdırılması çətin görünür. İspaniya kimi bəzi dövlətlərin sərt addımları daha çox daxili siyasi amillərlə bağlıdır. Almaniya, Fransa və digər aparıcı ölkələr isə İsraillə strateji əlaqələri nəzərə alaraq ciddi embarqoya meyilli deyillər".

Politoloq qeyd etdi ki, silah embarqosu yalnız siyasi mövqe deyil, həm də iqtisadi maraqlara toxunan məsələdir.

"İsrail bir sıra Avropa dövlətlərinin müdafiə sənayesi ilə sıx əməkdaşlıq edir. Bu əlaqələrin pozulması həm Avropa istehsalçılarına iqtisadi zərbə vurar, həm də regional təhlükəsizlik balansına təsir göstərə bilər. Digər tərəfdən, ictimai təzyiq artdıqca bəzi Avropa hökumətləri müəyyən məhdudiyyətləri nəzərdən keçirə bilərlər, lakin bunlar əsasən simvolik xarakter daşıyacaq. Tam miqyaslı embarqo qərarının qəbul olunması real şəraitdə çox az ehtimal olunur. Qərb üçün İsrail Yaxın Şərqdə mühüm tərəfdaş olaraq qalır və regionda güc balansının dəyişməsi Qərbin maraqlarına uyğun deyil. Buna görə də, siyasi bəyanatlar səslənəcək, müəyyən məhdudiyyətlər müzakirə ediləcək, lakin praktik nəticə gözlənilmir. İsrailin hərbi-siyasi çəkisi belə bir addımın reallaşmasına imkan vermir", - deyə Tural İsmayılov əlavə etdi.

Xədicə BAXIŞLI

Избранный
15
1
redaktor.az

2Источники