İsveçdən Ukraynaya 820 milyon avro dəyərində yardım paketi
İsveç hökuməti Ukraynaya ümumi dəyəri təxminən 9,2 milyard kron (təxminən 820 milyon avro) olan sayca 20-ci hərbi dəstək paketini təqdim edib.
Bu barədə aia.az hökumətin bəyanatına istinadən məlumat verir.
İsveçin müdafiə naziri Pol Yonson yardımın Ukrayna hərbçilərinin döyüş meydanındakı mövqelərini gücləndirməyə yönəldiyini vurğulayıb:
"İsveç Rusiyaya təzyiqi gücləndirmək üçün Ukraynaya hərbi dəstəyini artırır. Daha çox "Archer" artilleriya qurğuları, pilotsuz uçuş aparatları və döyüş sursatları həlledici əhəmiyyət kəsb edəcək. Avropanın sülh və azadlıq hüququ var və bu hüquq qorunmalıdır", - o bildirib.
Müdafiə Nazirliyi qeyd edib ki, 2026-cı ilin üçün büdcə layihəsində əlavə 31,5 milyard kronun (2,84 milyard dollar) ayrılması və yardım proqramının 2027-ci ilə qədər uzadılması nəzərdə tutulub. Beləliklə, 2026-2027-ci illərdə Ukraynaya illik hərbi dəstək 40 milyard kron (3,63 milyard dollar) təşkil edəcək.