RU

"Sülh müqaviləsi bağlandıqdan sonra Ermənistana gediş-gəliş təmin olunacaq" - Deputat

"Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atılır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan vətəndaşlarının Ermənistana necə girəcəyi barədə açıqlamasını şərh edərkən bildirdi.

O, qeyd etdi ki, sülh mətni artıq paraflanıb və hər iki dövlətin aidiyyəti strukturları kommunikasiyaların açılması ilə bağlı zəruri işləri həyata keçirirlər:

"Sərhədin demarkasiyası, delimitasiyası və digər məsələlərdə də nəzərəçarpan dinamika müşahidə olunur. Bu, ümumi prosesin müsbət məcrada getdiyini göstərir. Azərbaycan və Türkiyə vətəndaşlarının Ermənistana səfər etməsi məsələsinə gəldikdə, yaxın vaxtlarda olmasa da, sülh müqaviləsi bağlandıqdan sonra proses başlayacaq. Diplomatik münasibətlərin qurulması fonunda gediş-gəlişin təmin olunacağı gözlənilir".

Deputat qeyd etdi ki, Zəngəzur dəhlizi ilə bağlı isə vəziyyət fərqlidir:

"Buradan keçid Azərbaycan və Türkiyə vətəndaşları üçün maneəsiz şəkildə təşkil ediləcək və bu öhdəliyi Ermənistan öz üzərinə götürüb. Sadəcə, bu prosesin necə idarə olunacağı hələ müəyyənləşdirilməlidir: pasportların elektron qeydiyyatı və ya digər rəqəmsal vasitələrdən istifadə edilə bilər. Həmçinin iki dövlətin aidiyyəti strukturları arasında elektron təmas vasitəsilə də tənzimlənməsi mümkündür. Bu isə müəyyən vaxt tələb edir. Əsas məsələ Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında yüklərin və sərnişinlərin maneəsiz, təhlükəsiz daşınmasıdır. Ermənistan strukturları ilə təmasların minimuma endirilməsi üçün rəqəmsal sənədləşmə və digər alətlərə üstünlük verilir. Ermənistan da beynəlxalq təcrübələri öyrənərək bu istiqamətdə müəyyən təkliflərlə çıxış edəcək".

Azər Allahverənov əlavə etdi ki, bizim üçün vacib olan “Azərbaycandan Azərbaycana” təminatıdır.

"Beynəlxalq yüklərin və digər ölkə sərnişinlərinin daşınması məsələsində də optimal variant seçilə bilər. Lakin Ermənistan cəmiyyətinə səfər məsələsi üçün əvvəlcə etimad quruculuğu istiqamətində ciddi işlər aparılmalıdır. Cəmiyyət buna hazır olmalıdır. Əgər bir dövlət sülh şəraitində yaşayırsa, həmin dövlətin vətəndaşlarına qarşı nifaq, ayrı-seçkilik və hüquq pozuntuları baş verməməlidir. Bunun üçün siyasi iradə və dəqiq hüquqi normalar formalaşmalıdır. Əsaslanan mexanizmlər çevik işləməli, vəziyyəti adekvat qiymətləndirməli və insanların hüquq və azadlıqlarını təmin etməlidir. Buraya həm Azərbaycan, həm də Ermənistan vətəndaşları daxildir", - deyə millət vəkili bildirdi.

Xədicə BAXIŞLI

Избранный
10
1
redaktor.az

2Источники