Ajans.az xəbər verir ki,bu barədə BELTA informasiya agentliyi məlumat yayıb. "Biz səfirliyimizi Minskə qaytarmaq istəyirik. İstəyirik ki, ölkələrimiz arasında iqtisadi əlaqələr inkişaf etsin, ticarət də inkişaf etsin", – deyə Koul bildirib. Amerika nümayəndəsi əlavə edib ki, Vaşinqton və Minsk arasında münasibətlərin normallaşdırılması üçün hələ çox iş görülməlidir. Onun sözlərinə görə, iki ölkə arasında müəyyən fikir ayrılıqları mövcuddur, lakin bunların açıq şəkildə gündəmə gətirilməsi tərəflərin maraqlarına uyğun deyil. Koul görüş zamanı ABŞ prezidenti Donald Trampın Lukaşenkoya ünvanladığı məktubu da təqdim edib. Məktubda Tramp belaruslu həmkarını ad günü münasibətilə təbrik edib, həmçinin Belarusun tanınmış tennisçisi Aryna Sabalenkanın Nyu-York turnirindəki uğurunu xüsusi qeyd edib. Tramp məktubunda “Sizin sağlamlığınız və rifahınız, həmçinin ümumi məqsədlərimizə nail olmaqda davamlı irəliləyiş üçün dua edirik” sözlərini yazıb. Qeyd edək ki, ABŞ 2008-ci ildə səfirini Minskdən geri çağırmışdı. O vaxtdan bəri iki ölkə arasında diplomatik münasibətlər müvəqqəti işlər vəkili səviyyəsində davam etdirilir. Son illər tərəflər arasında münasibətlərin yenidən qurulması üçün müxtəlif səviyyələrdə danışıqlar aparılır. Bu bəyanat, ABŞ-ın Belarusla münasibətləri yeni mərhələyə daşımaq niyyətində olduğunu göstərən əlamətdar diplomatik addım kimi qiymətləndirilir.