RU

“Azərbaycanda 12 illik təhsilə keçid ediləcəyi gözlənilir”  

Məlum olduğu kimim Özbəkistan da artıq 12 illik təhsil sisteminə keçid edir. Ölkənin Məktəbəqədər və məktəb təhsili nazirinin müavini Sərdor Rəcəbov qeyd edib ki, bununla da həm təhsilin keyfiyyətini yüksəltmək, həm də abituriyentlərin xarici universitetlərə daxil olması üçün mövcud maneələri aradan qaldırılması nəzərdə tutulur:

"Bu gün bizim məzunlarımız xarici universitetlərə daxil olarkən bir illik hazırlıq kurslarına (təqdimat kurslarına) məcbur olurlar və bir il itirilir. Əgər qanunvericiliyə 12 illik sistem tətbiq etsək, o zaman bir sıra ölkələrdə məzunlarımızın baza kursu keçməsinə ehtiyac qalmayacaq və onlar birbaşa bakalavr pilləsinə daxil olmaq imkanı əldə edəcəklər", - nazir müavini deyib.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində 12 illik icbari təhsil sistemi tətbiq olunur. Ölkələr arasında fərqlər olsa da, ümumən beynəlxalq standartlara görə ibtidai, orta və tam orta mərhələləri əhatə edir.

12 illik təhsil sistemi olan ölkələr sırasında Avropanın Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa, Çexiya, Macarıstan, Skandinaviya ölkələri (Norveç, İsveç, Finlandiya, Danimarka) var.

Türkiyədə 2012-ci ildən etibarən “4+4+4” sistemi ilə 12 illik icbari təhsil tətbiq olunur.

Rusiyanın bəzi bölgələrdə eksperimental olsa da, əsasən 11 illikdir, amma beynəlxalq standartlarda 12 illik qəbul edilir.

Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Belarusda da 12 illik orta təhsil tətbiq olunur.

Bundan başqa, ABŞ və Kanada, Yaponiya, Cənubi Koreya Çində, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İordaniya, İsrail və digərlərində, eləcə də Afrika və Latın Amerikası ölkələrində də  12 illik sistem tətbiq edilir.

Azərbaycana gəldikdə isə, məlumdur ki, ölkəmizdə hələ də 11 illik orta təhsil sistemi mövcuddur (4+5+2). Amma bir neçə dəfə 12 illik sistemə keçidlə bağlı müzakirələr aparılıb.

Bəs Azərbaycanda da 12 illik təhsil sisteminə keçid mümkün ola bilərmi?

Təhsil

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, Azərbaycan da 2020-ci ilə qədər 12 illik təhsilə keçid etməli idi, lakin bu proses müəyyən səbəblərdən alınmayıb:

“Dünyada təxminən 220-dən artıq dövlət var və onların da 190-a yaxınında 12 illik təhsil sistemi mövcuddur. Ölkəmizdə təhsil hələ sovet dövründən 11 illikdir. Pribaltika dövlətləri – Latviya və Litva hələ ötən əsrin 90-cı illərindən 12 illik təhsil sisteminə keçid ediblər. Artıq Özbəkistan da postsovet məkanında ilk olaraq 12 illik təhsil sisteminə keçdi.

Bizdə isə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, hansı ki, 24 oktyabr 2013-cü ildə ölkə prezidentinin 13 nömrəli sərəncamı ilə təsdiq olunub, həmin strategiyada da göstərilirdi ki, 12 illik təhsilə keçid hazırlanmalıdır. Eləcə də ölkə prezidentinin 19 yanvar 2015-ci il tarixli 995 nömrəli sərəncamı ilə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi üzrə tədbirlər planında” göstərilmişdi ki, 2020-ci ilə qədər 12 illik təhsilə keçilməlidir. Amma çox təəssüflər olsun ki, biz bu keçidi reallaşdıra bilmədik.

Bu, təkcə təhsildən asılı deyil, ölkənin bir sıra digər strukturlarında da ciddi dəyişikliklərə gətirib çıxara bilər. Məsələn, hərbi çağırışın 18 deyil, 19 yaşdan olması ən azı belə nəticələrdən biridir. Bir neçə başqa faktlar da mövcuddur. Lakin biz işin həmişəki kimi qorxulu tərəfindən yapışdıq -  5 yaşlı uşaqları məktəbə hazırlığa cəlb etdik. Halbuki məktəbə hazırlıq məktəbəqədər təhsilin bir mərhələsidir. Hazırda 5 yaşlı uşaqların təxminən 90 faizi artıq təhsilə cəlb olunur və onların böyük əksəriyyəti ümumtəhsil məktəblərində təşkil olunan məktəbəhazırlıq qruplarındadır.

Çox təəssüflə qeyd etmək olar ki, yaxın gələcəkdə, 5 yaşlıların birinci sinfə qəbul olunacağı və bununla da 12 illik təhsilə keçid ediləcəyi gözlənilir. Amma burada da ciddi suallar ortaya çıxır. Çünki ümumtəhsildə təhsil səviyyələrinin müddəti və bir səviyyədən digərinə keçid qaydaları mövcuddur. Hazırda bizdə 4+5+2 sistemi tətbiq olunur, yəni: 4 il ibtidai təhsil, 5 il ümumi orta, 2 il tam orta. Əgər 12 illik təhsilə keçid etsək və 5 yaşlıları birinci sinfə götürsək, hansı model ilə işləyəcəyimiz hələ məlum deyil. Dünyanın müxtəlif ölkələrində fərqli sistemlər mövcuddur  - məsələn, 5+5+2, yaxud 6+4+2.

Qeyd etmək lazımdır ki, ölkədə təhsil islahatları əsasən formal xarakter daşıyır. 12 illik təhsilə keçid də formal olmamalıdır. İndiki halda düşünürəm ki, Elm və Təhsil Nazirliyinin funksional rəhbərliyində olan şəxslər ilk növbədə təhsillə bağlı ismarıclar verməlidirlər. O zaman islahatlar daha əsaslı olar. Hər bir nazirlikdə olduğu kimi, Elm və Təhsil Nazirliyində də strateji təhsil, proqnozlaşdırma və planlaşdırma şöbəsi olmalıdır. Atılan bütün addımlar ən azı 6 ay öncədən planlaşdırılır, araşdırılır, risklər hesablanır. Amma bizdə təhsil sahəsində həmin şöbənin fəaliyyəti demək olar ki, yoxdur. Əsas məsələ odur ki, 12 illik təhsil barədə düşüncə yalnız bu səviyyədə qalır və istənilən vaxt formal keçid edilə bilər. Amma bu nə dərəcədə effektiv olacaq, hansı mənfi və müsbət nəticələr doğuracaq - bunu yalnız zaman göstərəcək”.

Xalidə Gəray
Musavat.com

Избранный
83
musavat.com

1Источники