RU

Xətaidə "Uğura gedən yol əngəl tanıdır" adlı tədbir keçirildi - FOTO/VİDEO

10.09.2025-ci il tarixdə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Konstitusiya və Suverenlik ili çərçivəsində "Uğura gedən yol əngəl tanımır" mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Sosial Xidmətlər Agentliyi, "Koxlear İmplantlı Şəxslərə" Sosial Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir koxlear implantlı uşaqların ifasında Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz, suverenliyimiz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Müşfiq Məmmədli, Aydın Mirzəzadə, Fazil Mustafa, Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, xalq artisti Valeh Kərimov,  inkluziv xüsusiyyətlərə malik uşaqlar, şəhid ailələri, rayon ictimaiyyəti  iştirak ediblər.

Tədbirdə çıxış edənlər bu gün amfiteatrda fərqli formatda, insan qəlbindəki mərhəmət hisslərini oyadan tədbir keçirildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, əsl qüsur fiziki və əqli cəhətdən məhdudiyyət deyil, o, insanın zehnində, həyata baxışlarında, düşüncələrində formalaşır və həmin şəxslər cəmiyyət üçün təhlükəli, zərərli olurlar. Bildirilib ki, bugünkü tədbirin həsr olunduğu fiziki cəhətdən məhdudiyyətli uşaqlar öz istedadları ilə parlaq gələcəklərini müəyyənləşdiriblər.

Dövlətimizin həmin uşaqlarla bağlı kifayət qədər tədbirlər həyata keçirdiyi, onlara xüsusi diqqət və qayğı göstərildiyi vurğulanıb. Nəticədə onların həyata baxışında pozitiv meyillər yaranıb və istedadlarını göstərməkdən çəkinmirlər. Qeyd olunub ki, hər bir vətəndaşın, hər bir qurumun ümdə vəzifəsi bu cür uşaqların öz bacarıqları ilə cəmiyyətimizi rəngləndirməsinə dəstək göstərməkdir. Bugünkü tədbirin də məhz bu amala xidmət etdiyi diqqətə çatdırılıb. Natiqlərin sözlərinə görə, görülən işlər öz bəhrəsini verir. Belə ki, cəmiyyətimizin fərqli fərdləri olan həmin uşaqların inklüziv həyata qoşulması onların müalicəsində də müsbət nəticələrə səbəb olur.

Çıxış edənlər uğura gedən yolun əngəl tanımadığını, səbir, iradə və əzm tələb etdiyini deyiblər. Çıxışlardan sonra keçirilən bədii hissədə fiziki məhdudiyyətli uşaqlar öz istedadlarını nümayiş etdiriblər. Sonda tədbirin təşkilində iştirak edən şirkət və qurumlar, o cümlədən günün qəhrəmanları olan uşaqlar təltif olunublar. Tədbir çərçivəsində, həmçinin fiziki məhdudiyyətli uşaqların çəkdikləri rəsm əsərləri də nümayiş etdirilib.

Избранный
24
1
unikal.az

2Источники