RU

İslam ölkələri İsrailə qarşı birgə qərar qəbul etməlidir - Əraqçi

BAKI, TurkicWorld, Fərid Mikayılov

İran xarici işlər naziri Abbas Əraqçi İsrailin Qətərə qarşı son hərbi hücumunu kəskin şəkildə pisləyərək, bu addımı regionda davam edən təcavüz siyasətinin bir hissəsi adlandırıb.

TurkicWorld xəbər verir ki, Tunisdə keçirdiyi mətbuat konfransında çıxış edən Əraqçi İsraili “regionda sülh və təhlükəsizliyə ən böyük təhdid” adlandırıb və İslam ölkələrini kollektiv şəkildə hərəkət etməyə çağırıb.

“Fələstin, Yəmən və İranla yanaşı indi də Qətərə hücum edən İsrailin yaratdığı təhdid vahid qərar tələb edir. İslam ölkələri həm söz, həm də əməl ilə bu açıq cinayətlərə qarşı qəti mövqe sərgiləməlidir”- deyə o bildirib.

Nazir çıxışında Tunis hökumətinə də təşəkkür edərək, bu ölkənin İran xalqına açıq dəstəyini “aydın və qətiyyətli mövqe” kimi dəyərləndirib.

Əraqçi həmçinin ikitərəfli münasibətlərə də toxunaraq, İran və Tunis arasında ticarət, səhiyyə, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldiklərini açıqlayıb.

Səfərin əsas nəticələrindən biri kimi, tərəflər Tehranda İran–Tunis Birgə İqtisadi Komissiyasının 11 ildən sonra yenidən toplanmasına dair razılıq əldə ediblər.

Bu açıqlamalar İranın İsrailin regiondakı hərbi fəaliyyətlərinə qarşı sərt mövqeyini bir daha nümayiş etdirməklə yanaşı, Tehran–Tunis münasibətlərində yeni əməkdaşlıq perspektivlərinin formalaşdığını göstərir.

Избранный
84
turkic.world

1Источники