RU

Əmrullayevdən ANONS! – “Yaxın illərdə…”

Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə son illərdə gimnaziyalara qəbul qaydalarındakı dəyişikliklər barədə danışıb.

Vətəninfo.az  xəbər verir ki, nazirin sözlərinə görə, artıq gimnaziyalara qəbul prosesi mərkəzləşdirilmiş imtahanlar vasitəsilə həyata keçirilir:

“Əvvəllər valideynlər övladlarını bir neçə gimnaziyaya paralel olaraq qəbul etdirməyə çalışırdılar. İndi isə şagirdlər VI sinfi bitirdikdən sonra VII sinifdən etibarən vahid imtahan nəticəsində seçilərək təmayüllü lisey və gimnaziyalara qəbul olunurlar”.

Emin Əmrullayev bildirib ki, bu il imtahanda iştirak edənlərin sayı 4700 nəfər təşkil edib. Bu göstərici əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. Məsələn, ötən illərdə bu rəqəm 2600 nəfər idi.

Nazir əlavə edib ki, gimnaziyaların sayı da artırılıb:

“Əvvəllər 15 gimnaziya fəaliyyət göstərirdisə, indi onların sayı 39-a çatıb. Xüsusilə regionlarda yeni gimnaziyaların yaradılması diqqət mərkəzindədir. Məqsəd odur ki, yaxın illərdə ölkədə 100 gimnaziyanın fəaliyyəti təmin olunsun”.

Onun sözlərinə görə, bu, Azərbaycanın insan kapitalının inkişafı üçün mühüm baza yaradır:

“Əgər hər gimnaziyadan orta hesabla 100 nəfər məzun olsa, ümumilikdə 10 min yüksək hazırlıqlı məzun əldə ediləcək. Üstəlik, özəl məktəblər və digər təhsil müəssisələri də nəzərə alındıqda, ölkənin gələcəyi üçün güclü insan kapitalı formalaşacaq. 10–20 ildən sonra bu rəqəm yüz minlərlə ölçüləcək”.

Nazir qeyd edib ki, artıq ilk nəticələr özünü göstərir: Bakı, Gəncə, Quba və digər şəhərlərdə fəaliyyət göstərən təmayüllü gimnaziyaların məzunları yüksək nailiyyətlər əldə edir, dünyanın TOP-100 universitetlərinə qəbul olunurlar və hər il xaricdə tam təqaüdlə təhsil almaq imkanı qazanırlar.

Emin Əmrullayev vurğulayıb ki, bu gün atılan addımlar Azərbaycanın gələcəkdə əmək bazarında yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasına xidmət edəcək.

Bundan başqa, nazir bildirib ki, son illərdə 600-ə yaxın yeni məktəb binası tikilib və ya əsaslı şəkildə təmir olunub.

“Qəzalı məktəblərin sayı isə 2 dəfədən çox azalaraq 400-ə enib ” -, deyə nazir qeyd edib.

Избранный
5
2
veteninfo.az

3Источники