RU

Liderlərin strateji baxışları Azərbaycan–Çin münasibətlərinə təkan verir

“Dövlət başçıları İlham Əliyev və Si Cinpinin strateji baxışları sayəsində Azərbaycan–Çin münasibətləri davamlı inkişaf edir.” Bu fikri Çinin Sıçuan əyalətinin qubernatoru xanım Şi Siaolin Baş nazirin müavini, Azərbaycan–Çin Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Sıçuan əyaləti ilə Azərbaycan arasında yaxşı dostluq münasibətlərinin formalaşdığını diqqətə çatdıran xanım Şi Siaolin 2008-ci ildə döyük dağıntılara səbəb olan zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə əyalətin Vençuan bölgəsinin Houba yaşayış məntəqəsində müasir məktəb binasının inşasına maddi yardım ayrıldığını minnətdarlıqla xatırlayıb. O, Sıçuan əyaləti ilə Bakı, əyalətin Mienyan şəhəri ilə Sumqayıt, Lianşan prefekturası ilə Şəki arasında dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu, ötən illərdə Sıçuanda Azərbaycan musiqi gecəsinin keçirildiyini, Sıçuandan olan musiqi qrupunun Şəkidə festivalda iştirak etdiyini, Çenduda “Azərbaycan Ticarət Evi”nin açıldığını, pandemiya dövründə qarşılıqlı yardımlar göstərildiyini diqqətə çatdırıb.

Baş nazirin müavini Şahin Mustafayev Azərbaycanın Çin ilə bütün sahələrdə münasibətlərin dərinləşməsində maraqlı olduğunu, bu kontekstdə Azərbaycan ilə Çinin əyalətləri arasında iqtisadi-ticari, mədəni, elm və təhsil, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Azərbaycan nümayəndə heyəti “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” şirkətinin təsisçisi və sədri Sie Yi ilə də görüşüb, iki ölkə arasında iqtisadi əlaqələrdən danışılıb.

Azərbaycanda əlverişli biznes və investisiya mühitinin formalaşdığını diqqətə çatdıran Baş nazirin müavini Ş.Mustafayev əlverişli coğrafi mövqe və nəqliyyat-tranzit dəhlizləri sayəsində Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğunu, bundan başqa, xüsusi iqtisadi zonalarda, o cümlədən Ələt Azad İqtisadi Zonasında və ölkəmizin sənaye parklarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradıldığını deyib.

Bu kontekstdə “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” şirkətinin Ələt Azad İqtisadi Zonasında günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisə açmaq planının, həmçinin ölkəmizin investisiya potensialının Çinin işgüzar dairələrini Azərbaycana sərmayə yatırmağa təşviq edəcəyinə əminlik ifadə olunub.

Şirkətin təsisçisi və sədri Sie Yi Azərbaycan Prezidenti İlham Əliyevin Çinə sonuncu səfəri zamanı onun rəhbərlik etdiyi heyəti qəbul etməsini məmnunluqla xatırlayıb. “Görüşdə Prezident İlham Əliyevin bizim Ələt AİZ-də müəssisə açmaq planımıza tam dəstək verməsini bildirməsindən sonra Azərbaycana sərmayə yatırmaqda doğru seçim etdiyimizə əmin oldum. Düşünürük ki, Azərbaycanda açacağımız müəssisə başlanğıcdır. Gələcəkdə Azərbaycanı həm şirkətimizin istehsal mərkəzi, həm də yaşıl enerji habı kimi görürük”, – deyə Sie Yi bildirib.

Sonra Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” arasında Ələt AİZ-də günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə İnvestisiya Sazişi imzalanıb.

XQ

Избранный
15
3
xalqqazeti.az

4Источники