RU

Almatıda “Türk dövlətlərinin tarixi” akademik nəşrinə HAZIRLIQ

Yazını böyüt
Yazını kiçilt

Almatıda Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Türk Akademiyasının təşkilatçılığı ilə türk dövlətlərinin tarixinə dair vahid akademik əsərin hazırlanmasına həsr olunmuş ikinci işçi görüş keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Türk Akademiyasının mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, akademiyanın prezidenti Şahin Mustafayev, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Janseit Tuymebayev, Türkiyə Tarix Cəmiyyətinin sədri Yüksel Özgen, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvü İkram Adırbekov, TDT-yə üzv və müşahidəçi ölkələrin tarix və arxeologiya institutlarının rəhbərləri, tanınmış alimlər və ekspertlər iştirak ediblər.

Türk Akademiyasının prezidenti, akademik Ş. Mustafayev fundamental əsərin yaradılması üçün alimlərin səylərinin birləşdirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu, türk xalqlarının zəngin tarixi irsini sistemli və obyektiv şəkildə təqdim etməyə imkan verəcək.

İşçi görüş zamanı iştirakçılar gələcək monoqrafiyanın strukturu ətrafında geniş müzakirələr aparıb, təkliflərlə çıxış edib, ayrı-ayrı bölmələr üzrə işçi qrupların tərkibini razılaşdırıblar.

Xatırladaq ki, türk dövlətlərinin ümumi tarixinin yazılması təşəbbüsü ötən ilin 6 noyabrında Bişkekdə keçirilmiş TDT-nin XI Sammitində irəli sürülmüşdü.

Dövlət başçılarının tapşırığına əsasən, layihənin koordinasiyasını Türk Akademiyası həyata keçirir. Layihə çərçivəsində ilk işçi görüş bu ilin fevralında Ankarada baş tutub. Görüşün yekununda əməkdaşlıq protokolu imzalanıb, gələcək əsərin ümumi planı və konsepsiyası nəzərdən keçirilib, ikicildlik nəşrin hazırlanması barədə qərar qəbul olunub, həmçinin iştirakçı ölkələrin hər birindən milli komissiyalar formalaşdırılıb.

Избранный
24
2
hafta.az

3Источники