RU

11 sentyabrdan sonrakı dünya

XXI əsrin ilk ilində terrorun sarsıtdığı dəyərlər və yanaşmalar

2001-ci ilin 11 sentyabr tarixi beynəlxalq münasibətlər sistemini köklü surətdə dəyişdirən dönüş nöqtəsi oldu. Əl-Qaidənin Nyu-York və Vaşinqtonda həyata keçirdiyi hücumlar ABŞ-ın güc mərkəzlərini –Dünya Ticarət Mərkəzini və Pentaqonu – hədəfə alaraq minlərlə insanın həyatına son qoymaqla yanaşı, beynəlxalq təhlükəsizlik konsepsiyalarını alt-üst etdi. Dünyada bir sual formalaşdı: dövlətlərin bütün hərbi arsenalı, kəşfiyyat şəbəkələri və diplomatik üstünlükləri mövcud olduğu halda, nisbətən kiçik bir qeyri-dövlət aktoru necə bu qədər güclü zərbə vura bildi?

Əvvəlcə baxaq görək, bu terror aktı dövlətlərin klassik güc anlayışına hansı dərsləri verdi? Ənənəvi olaraq güc dövlətlərin sərhədlərini qorumaq, rəqib ordularla qarşı-qarşıya gəlmək, nüvə balansını saxlamaq üzərində ölçülürdü. Lakin 11 sentyabr göstərdi ki, XXI əsrin təhlükələri klassik parametrlərlə izah oluna bilmir. Tanklar və təyyarələr yeni müharibə modelində çox vaxt simvolik gücə çevrilir, çünki düşmən artıq dövlət deyil, qlobal şəbəkədir. Beləliklə, “asimmetrik təhlükə” anlayışı beynəlxalq münasibətlərdə əsas kateqoriyaya çevrildi.

Hücumdan dərhal sonra ABŞ-ın verdiyi cavab yalnız hərbi, psixoloji və siyasi aspektdə idi. Ağ Ev bu hadisəni birbaşa “müharibə aktı” kimi qiymətləndirdi və beləliklə, beynəlxalq hüququn ənənəvi çərçivələri ilə yeni reallıq arasında gərginlik yarandı. Müharibənin tərəfi kimi dövlət yox, qlobal şəbəkə elan olunmuşdu. Bu isə hüquqi və siyasi baxımdan paradoks idi: dövlətlərarası sistem qeyri-dövlət aktoruna qarşı necə müharibə aparacaq?

Bəs ABŞ-ın “qlobal terrora qarşı müharibə” elan etməsi beynəlxalq nizamı hansı istiqamətdə dəyişdirdi? Belə yanaşma beynəlxalq münasibətlərdə yeni bir mərhələ açdı: qlobal təhlükəsizlik daha çox Vaşinqtonun tərif etdiyi prinsiplərə bağlandı. NATO öz tarixində ilk dəfə “5-ci maddə”ni işə salaraq ABŞ-a hücumu bütün alyansa hücum kimi qəbul etdi. Burada həmrəylik görüntüsü ilə yanaşı, ABŞ-ın hərbi gücünü legitimləşdirən bir çərçivə mövcud idi. Lakin eyni zamanda, bu siyasət birtərəfli addımların əsasını qoydu və nəticədə beynəlxalq hüququn universallığı ciddi şəkildə sarsıldı.

Hadisənin qlobal təsirləri bununla məhdudlaşmadı. Dünyanın hər yerində təhlükəsizlik siyasəti yeni əsaslar üzərində qurulmağa başladı. Dövlətlər sərhədləri, hava limanlarını, maliyyə sistemlərini və hətta virtual məkanı daha ciddi nəzarət altına aldılar. “Milli təhlükəsizlik” anlayışı artıq cəmiyyətin gündəlik həyatının idarə olunması ilə əlaqələndirildi. Vətəndaş azadlıqları ilə təhlükəsizlik tələbləri arasında yeni bir tarazlıq məsələsi ortaya çıxdı.

11 sentyabr hadisəsi demokratik cəmiyyətlərdə hansı ziddiyyətləri kəskinləşdirdi?

Qeyd etməliyik ki, demokratik rejimlərdə dövlət vətəndaşların hüquq və azadlıqlarını qorumaqla yanaşı, təhlükəsizliyini də təmin etməlidir. Lakin 11 sentyabr sonrası bu iki prinsip arasında balans getdikcə pozuldu. Dövlətlərin izləmə sistemlərini genişləndirməsi, şəxsi məlumatların toplanması, hava nəqliyyatında sərtləşdirilmiş qaydalar vətəndaşların gündəlik həyatında “təhlükəsizlik nəzarəti”ni adi hala çevirdi. Belə vəziyyət “azadlıq qarşılığında təhlükəsizlik” dilemmasını ortaya çıxardı və nəticədə bir çox demokratik ölkədə vətəndaşların dövlətdən gözləntiləri dəyişdi.

İlk mərhələnin ən vacib dərsi bu oldu: 11 sentyabr qlobal siyasətə yalnız yeni müharibə anlayışını gətirmədi, həm də dövlətlə vətəndaş arasında mövcud müqaviləni yenidən yazdı. Təhlükəsizlik mədəniyyəti gündəlik həyatın ayrılmaz hissəsinə çevrildi, beynəlxalq münasibətlər isə artıq yalnız dövlətlərin deyil, qeyri-dövlət aktorlarının diktə etdiyi reallıqlar üzərində qurulmağa başladı.

* * *

11 sentyabr terrorunun ilk şok dalğasından sonra ABŞ-ın reaksiyası sürətli və qəti oldu. 2001-ci ilin oktyabrında Əfqanıstanda başlanılan hərbi əməliyyat Vaşinqton üçün həm simvolik, həm də strateji addım idi. Məqsəd sadə görünürdü: Taliban rejimini devirmək, Əl-Qaidənin infrastrukturunu dağıtmaq və beynəlxalq terrora qarşı müharibənin ilk zəfərini qazanmaq. İlk aylarda bu məqsədlərə nail olundu; Taliban paytaxt Kabildən uzaqlaşdırıldı, Əl-Qaidənin açıq fəaliyyət imkanları azaldıldı. Lakin qısa müddət sonra ABŞ və müttəfiqləri üçün bir sual açıq qaldı: hərbi zəfər siyasi sabitlik gətirirmi?

Əfqanıstan əməliyyatının ilk uğurları uzunmüddətli nəticələrdə niyə sabitlik yaratmadı? Problemin kökü ondaydı ki, hərbi əməliyyatlar terror şəbəkələrini məhv edə bilsə də, dövlət quruculuğu və cəmiyyətin siyasi inteqrasiyası kimi məsələlər diqqətdən kənarda qalırdı. Əfqanıstan cəmiyyətində etnik parçalanma, iqtisadi gerilik və yerli tayfa strukturları beynəlxalq müdaxilənin dayanıqlılığını zəiflətdi. ABŞ və NATO daha çox hərbi üstünlüyə güvənirdi, halbuki siyasi legitimlik və lokal idarəçilik sistemi olmadan qazanılan hərbi nailiyyətlər qısaömürlü idi.

Bir neçə ildən sonra İraq əməliyyatı bu reallığı daha kəskin şəkildə üzə çıxardı. 2003-cü ildə ABŞ və müttəfiqləri kütləvi qırğın silahları ittihamı ilə Bağdada hücum etdilər. Amma sonda həmin silahların mövcudluğu sübut olunmadı, Səddam Hüseyn rejimi devrildi. Qısamüddətli hərbi uğur bu dəfə daha böyük siyasi xaosun qapısını açdı. İraq yeni qlobal güc balansında böyük bir sınaq meydanına çevrildi: şiə-sünni qarşıdurmaları, etnik parçalanmalar, terror qruplarının yenidən formalaşması və ABŞ-ın regiondakı nüfuzunun ciddi zədələnməsi.

İraq müharibəsi ABŞ-ın beynəlxalq nüfuzuna necə təsir göstərdi? ABŞ-ın legitimlik problemi bu müharibədə özünü tam göstərdi. BMT-nin açıq mandatı olmadan aparılan əməliyyat beynəlxalq hüququn ikili standartlarla işlədiyini sübut etdi. Qərb dünyasında belə ictimai etimad ciddi şəkildə sarsıldı, qlobal Cənub isə Vaşinqtonun siyasətini neokolonial niyyət kimi dəyərləndirdi. Nəticədə ABŞ “azadlıq ixrac edən güc” imicini itirdi və “öz maraqları üçün qaydaları pozan hegemon” obrazına yaxınlaşdı. Həmin vəziyyət yeni çoxqütblü münasibətlər sisteminin formalaşmasını sürətləndirdi.

Əfqanıstan və İraq əməliyyatları həm də regionun daxili dinamikalarını dəyişdi. İrandan tutmuş Türkiyəyə qədər bütün regional güclər yaranmış boşluqlardan istifadə etməyə çalışdı. İran şiə qrupları vasitəsilə İraqda təsirini gücləndirdi, Türkiyə isə həm İraq, həm də Əfqanıstan siyasətində aktiv rol oynamağa başladı. Mövcud vəziyyət bir sualı aktuallaşdırdı: ABŞ-ın müdaxilələri regionda sabitlik gətirmək əvəzinə yeni güc boşluqları yaratdımı? Bəli, yaranmış boşluqlar regional güclərin rəqabətini daha da kəskinləşdirdi. Əgər ABŞ-ın məqsədi qlobal təhlükəsizliyi artırmaq idisə, nəticədə əldə olunan yalnız geosiyasi qarışıqlıq və radikalizmin yeni formalarının ortaya çıxması oldu və bu proses sonradan İŞİD kimi təşkilatların yaranması üçün münbit zəmin yaratdı.

Beləliklə, Əfqanıstan və İraq müharibələri göstərdi ki, qlobal gücün hərbi resursları çox olsa da, siyasi nəticə əldə etmək yalnız silahla mümkün deyil. Əksinə, müharibələrdən sonra yaranan idarəçilik böhranı ABŞ-ın hegemon mövqeyinə qarşı beynəlxalq etirazları gücləndirdi və alternativ güc mərkəzlərinin formalaşmasına təkan verdi.

* * *

Əfqanıstan və İraq əməliyyatlarının uzanan nəticələri yalnız Yaxın Şərqdə yox, bütün beynəlxalq sistemdə güc nisbətlərini dəyişməyə başladı. ABŞ-ın “qlobal terrora qarşı müharibə” adı altında həyata keçirdiyi addımlar ilk mərhələdə hegemonluğunu möhkəmləndirmiş kimi görünürdü. Amma çox keçmədən bu siyasət həm onun hərbi gücünün məhdudiyyətlərini, həm də beynəlxalq legitimlik problemlərini açıq şəkildə göstərdi. Məhz bu zəiflik anından istifadə edən Rusiya və Çin kimi güclər öz geosiyasi mövqelərini yenidən qurmağa başladılar.

Rusiyanın reaksiyası xüsusilə maraqlı idi. 2000-ci illərin əvvəllərində Moskva Vaşinqtonla əməkdaşlığa müəyyən ümidlə yanaşırdı; hətta 11 sentyabrdan sonra NATO-nun Əfqanıstan əməliyyatına müəyyən dəstək verdi. Lakin İraq müharibəsi göstərdi ki, ABŞ beynəlxalq hüququ və BMT mexanizmlərini kənara qoyaraq birtərəfli addımlar ata bilər. Vəziyyət Rusiyada “ABŞ-ın qaydaları öz maraqlarına uyğun diktə etdiyi” qənaətini gücləndirdi. Beləliklə, Moskva 2007-ci ildən başlayaraq Münhen çıxışı ilə açıq şəkildə yeni çoxqütblü düzən çağırışını irəli sürdü. Yanaşmanın arxasında sadə bir sual dayanırdı: əgər ABŞ beynəlxalq hüququ pozmaqla özünü legitim hesab edirsə, nəyə görə digər güclər də öz maraqlarını eyni üsulla müdafiə edə bilməsinlər?

Bunu da aydınlaşdırmaq lazımdir ki, bəs ABŞ-ın müdaxilə siyasəti Rusiya üçün hansı strateji fürsətləri yaratdı? Birincisi, Vaşinqtonun Yaxın Şərqdə ilişib qalması Moskvanın postsovet məkanında təsirini artırması üçün əlverişli imkan yaratdı. Gürcüstan, Ukrayna və Orta Asiya istiqamətlərində Rusiya daha sərt siyasət yürütməyə başladı. İkincisi, enerji bazarlarında qiymətlərin yüksəlməsi Kremlə iqtisadi resurslar qazandırdı və bu da hərbi-siyasi gücün bərpasına şərait yaratdı. Çinin reaksiyası isə fərqli istiqamətdə inkişaf etdi. Pekin Vaşinqtonun Yaxın Şərqdəki müdaxilələrini sakit şəkildə izləyərək öz iqtisadi yüksəlişinə fokuslandı. ABŞ-ın hərbi resurslarının böyük hissəsi Yaxın Şərqdə ilişib qaldığı dövrdə Çin qlobal istehsal mərkəzinə çevrildi. Belə vəziyyət bir siyasi sual doğurur: ABŞ-ın 11 sentyabr sonrası strategiyası təsadüfən Çin üçün “strateji fürsət pəncərəsi”nə çevrilmədimi? Bəli, əslində ABŞ-ın Yaxın Şərqdə uzunmüddətli hərbi əməliyyatlara cəlb olunması Pekinin əlini gücləndirdi. ABŞ-ın diqqəti terrora qarşı müharibəyə yönəlmişdi, Çin isə “sakit yüksəliş” strategiyası ilə həm iqtisadi gücünü, həm də siyasi təsir imkanlarını artırdı və bu proses 2020-ci illərə doğru ABŞ–Çin rəqabətinin əsasını təşkil etdi.

Region səviyyəsində isə tamamilə yeni bir mənzərə formalaşdı. İran-İraq müharibəsindən sonra şiə qrupları vasitəsilə təsir dairəsini genişləndirdi və faktiki olaraq Bağdad üzərində siyasi nüfuza sahib oldu. Bunlar Tehranın bölgədəki nüfuzunu misli görünməmiş səviyyədə artırdı. Səudiyyə Ərəbistanı və körfəz ölkələri isə ABŞ-a güvənməyin etibarlılığı ilə bağlı suallar qaldırdılar. ABŞ-ın Yaxın Şərqdəki müdaxilələri regional güclərin rəqabətini necə dəyişdirdi? Vaşinqtonun yaratdığı güc boşluqları region ölkələrini yeni balans axtarışına məcbur etdi. İran nüfuzunu genişləndirdi, Türkiyə regional vasitəçi və hərbi aktora çevrildi, Səudiyyə Ərəbistanı isə həm İranla rəqabətdə, həm də ABŞ-dan asılılıq dilemmasında daha sərt addımlar atmağa başladı. Beləliklə, ABŞ-ın “sabitlik gətirmək” niyyəti, əksinə, regionu daha mürəkkəb rəqabətin mərkəzinə çevirdi.

Nəticədə, 11 sentyabr hadisələri yalnız qlobal terrora qarşı mübarizənin başlanğıcı olmadı, həm də beynəlxalq sistemdə yeni qütbləşmənin təməlini qoydu. Rusiya və Çin ABŞ-ın zəifliklərini öz güclənmələri üçün imkan kimi dəyərləndirdi, Yaxın Şərqdə isə regional güclər tarixi rəqabətlərini yeni şərtlərdə davam etdirdilər. Dünyada “vahid hegemon” reallığı zəiflədikcə, çoxqütblü sistemin əsas konturları formalaşmağa başladı.

Bu mənada, 11 sentyabr həm dövlətlər, həm də cəmiyyətlər üçün bir sınaq oldu: demokratiyanı qorumaqla təhlükəsizlik təmin edilə bilərmi, yoxsa qorxu siyasəti qalib gələrək avtoritar tendensiyaları gücləndirəcəkmi? Cavab hələ də axtarılır, amma aydın olan budur ki, 11 sentyabr qlobal siyasəti yalnız keçmişdə deyil, elə bu gün də müəyyənləşdirən başlıca amillərdən biridir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Избранный
45
xalqqazeti.az

1Источники