RU

Bakının bitməyən tıxac problemi: “2-3 il ərzində həll etmək...”

Avtobloger DJ Tural (Yusifov) paytaxt yollarında müşahidə olunan tıxaclarla bağlı sosial şəbəkədə narazılığını bildirib.

O, şəxsi “Facebook” hesabında paylaşım edərək son günlərdə sıxlığın dözülməz həddə çatdığını vurğulayıb.

“Son bir həftədir tıxaclar artıq dözülməz həddə çatıb. Dünən axşam saat 19:55-də İTV-dən çıxdım. Düz bir saat sonra, 20:55-də ancaq Heydər Əliyev prospektinə çata bildim. O qədər yubanmışdım ki, üzü Siyəzənə getsəydim bəlkə də daha tez çatardım.

Ən qəribəsi isə budur ki, tıxacdan çıxanda niyə orada ilişib qaldığımı anlamadım. Konkret səbəb yox idi. Avtobus zolağı olan yollarda isə avtobuslar yanımızdan rahat keçib gedirdi. Onlar bizdən qat-qat şanslı idilər. Sizcə, son vaxtlar bu qədər ləngimələrin artma səbəbi nədir? Nə baş verir?”, - deyə DJ Tural paylaşımında qeyd edib.

Əslində hamı tıxaclardan şikayət edir, amma çıxış yolu təklif edən yoxdur. Məsələn, pik saatlarda avtobus və velosiped zolaqlarının nəqliyyata açılması mümkündürmü?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan DJ Tural bildirib ki, pik saatlarda avtobus və velosiped zolaqlarının nəqliyyata açılması əsla düzgün deyil:

“Velosiped yolu yalnız velosipedçilər üçündür, avtobus zolağı isə yalnız avtobusla hərəkət edənlər üçün nəzərdə tutulub.Şəhər təkcə maşını olan insanlar üçün deyil, eyni zamanda avtobusla gedən 30, 40, 50 nəfər adam üçündür. Pik saatlarda həmin zolağa minik avtomobillərinin buraxılması əlavə problemlər yaradır. Burada əsas məsələ şəhərə olan münasibətimizi dəyişməkdir.

Səkiləri satmamalıyıq və ya kommersiya məqsədli istifadə etməməliyik. Piyadaların rahat hərəkəti üçün qısa məsafələrə ayaqla, “samokat” və ya velosipedlə gedə bilməsinə şərait yaratmalıyıq. Biz niyə maşından istifadə edirik? Çünki nə piyada, nə də avtobusla rahat gedə bilirik. Məsələn, əgər mən yaşadığım yerdən işlədiyim yerə avtobusla daha gec çatıramsa, avtomobil istifadə etməyi üstün tutaram. Çünki avtobusla ora çatmaq üçün bir neçə marşrut dəyişməliyəm və vaxt itirirəm. Avtobus zolağına avtomobilləri buraxdıqda və ya avtobusu tıxacda saxladıqda insanlar deyir ki, elə avtobusdansa, öz maşınımda tıxacda qalaram”.

O vurğulayıb ki, çıxış yolunu yalnız vətəndaşlar deyil, vergi ödədikləri dövlət orqanları tapmalıdır:

“İctimai nəqliyyat inkişaf etdirilməlidir. Bundan əlavə, mikromodellik dövlət siyasətinin bir hissəsi olaraq onsuz da inkişaf etdirilməlidir. Üstəlik, çıxış yolunu mən də, siz də, başqaları da göstərməməlidir.  Bizim vergi ödədiyimiz orqanlar var və illərdir onlara vergi veririk. Buna görə də çıxış yolunu onlar tapmalıdır. Mən vergini ona görə ödəyirəm ki, o çıxış yolunu tapsın, mən ona niyə əlavə təklif verim?”

Onun sözlərinə görə, hazırda yollarda yaşanan çətinliklər illər ərzində həll olunmamış problemlərin yığılması nəticəsində meydana gəlib:

“Ölkənin əsas siyasətlərindən biri mikromobiliyin artırılması, ictimai və alternativ nəqliyyatın inkişaf etdirilməsidir. Sadəcə olaraq, hazırda yollarda qarşılaşdığımız çətinliklər illər ərzində həll olunmamış problemlərin yığılmasının nəticəsidir. Yəni 20 il əvvəl indiki strategiyanı seçmiş olsaydıq, heç birimiz tıxaclarda qalmazdıq. Hər kəs öz avtomobilində, ya da avtobus və velosiped vasitəsilə hərəkət edərdi.

Lakin 20 il ərzində səkilər zəbt olunub, yolların vəziyyəti yaxşı olmayıb, avtomobil yönümlü inkişaf baş verib, avtobus xətləri inkişaf etdirilməyib və tramvay sistemi ləğv edilib. Nəticədə ictimai nəqliyyat demək olar ki, sıfır vəziyyətinə gətirilib. Son bir neçə ildə dövlət bu sahəyə investisiya yatıraraq ictimai nəqliyyatın inkişafını təmin etməyə çalışır. Hazırda dövlət bunu həll etmək istəyir”. 

DJ Tural bildirib ki, son 20 ildə yığılan problemləri 2-3 il ərzində həll etmək mümkün deyil:

“Amma son 20 ildə yığılan problemləri 2-3 il ərzində həll etmək mümkün deyil və görünür ki, uzun müddətdə də tam həll etmək çətin olacaq. Məsələn, hazırda Əsəd Əhmədov küçəsindən keçirəm və oranı gördüyüm üçün deyirəm, səkinin düz dibində bina və ya kommersiya obyekti tikilib. Bundan sonra onu heç kim sökməyəcək və bu o deməkdir ki, Əsəd Əhmədov küçəsindəki problem həmişə qalacaq”.

Избранный
12
1
cebheinfo.az

2Источники