RU

ABŞ Müdafiə Nazirliyi niyə Müharibə Nazirliyi adlandırıldı? - Hərbi ekspertdən AÇIQLAMA

ABŞ-nin Müdafiə Nazirliyinin adı dəyişib. Bu barədə ABŞ Prezidenti Donald Tramp Sərəncam imzalayıb. 
Sərəncama əsasən, ABŞ Müdafiə Nazirliyi Müharibə Nazirliyi adlanacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, ABŞ-nin Müdafiə Nazirliyi əvvəllər, yəni 1947-ci ilə qədər Müharibə Nazirliyi adlandırılırdı.

"Sonradan bu ad dəyişdirildi və struktura yeni ad verildi. Hazırda ABŞ Prezidenti hesab edir ki, Müdafiə Nazirliyinin adını dəyişməklə onu daha üstün və təsirli bir səviyyəyə qaldırmaq mümkündür. Bu addımın məqsədi ABŞ-nin gələcək fəaliyyətlərində hərbi gücdən daha geniş istifadə konsepsiyasını həyata keçirmək və milli maraqları qorumaqdır. Digər tərəfdən, son iki dünya müharibəsində ABŞ Müdafiə Nazirliyi mühüm qələbələr əldə etsə də, İkinci Dünya müharibəsindən sonra qələbələr seriyası başa çatıb və ABŞ-nin böyük hərbi nailiyyətləri qeydə alınmayıb".

Ekspert qeyd etdi ki, Trampın Müdafiə Nazirliyinə əvvəlki adını qaytarmaq təşəbbüsü, ABŞ-nin milli və dövlət maraqlarını daha sərt hərbi üsullarla həyata keçirmək niyyətindən irəli gəlir.

"Nəticədə gələcəkdə Amerikanın daha sərt addımlar ataraq öz maraqlarını müdafiə edəcəyi, Avropada və Yaxın Şərqdə qüvvələrini müəyyən qədər azaltmaqla, daha çox Çinə qarşı rəqabət planlarını həyata keçirəcəyi gözlənilir. Başqa sözlə, ABŞ ənənəvi rəqiblərinə qarşı siyasi və diplomatik üsullardan daha çox hərbi güc faktoruna üstünlük verəcək. Lakin məntiq baxımından, Donald Trampın Nobel Sülh Mükafatı alması ilə paralel olaraq Müdafiə Nazirliyinin “müharibə qurumu” kimi gücləndirilməsi müəyyən dərəcədə ziddiyyət təşkil edir. Bu addımlar ABŞ üçün böyük maliyyə xərcləri vəd edir. Eyni zamanda ABŞ qanunvericilik aktlarını, milli müdafiə strategiyasını və milli təhlükəsizlik doktrinasını Müdafiə Nazirliyinin hədəflərinə uyğunlaşdırmalıdır ki, bu da milyardlarla dollar vəsait tələb edə bilər", - deyə Ədalət Verdiyev əlavə etdi.

Xədicə BAXIŞLI

Избранный
18
redaktor.az

1Источники