RU

Ramzan Kadırov və qohumları: Çeçenistanı indi kim idarə edir və Kadırovdan sonra nə olacaq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Çeçenistanda hakimiyyət sistemi Kadırov-atanın və Kadırov-oğulun ailə bağları üzərində qurulub.

Ramzan Kadırov üçün bu həm yaxşı, həm də pisdir: bir tərəfdən hər şey ona tabe edilib, digər tərəfdən o olmasa, yaxın ətrafındakıların heç birinin zəmanəti olmayacaq.

Müxtəlif mənbələrin məlumatına görə, respublika rəhbərinin sağlamlığı ideal vəziyyətdə olmadığından, o, qohumlarını hakimiyyət strukturlarında vəzifələrə gətirməyə çalışır. BBC-nin Rusca xidməti hesablayıb ki, artıq Kadırovun 80-dən çox qohumu Çeçenistan hakimiyyətində yüksək postlar tutur.

Adam ilk dəfə evlənir

27 iyunda Çeçenistanın Əhməd-Yurt (əvvəllər - Centoroy) kəndində toy keçirilirdi. Təntənədən bir neçə gün əvvəl kəndə giriş bağlanmışdı - yalnız dəvətlilər içəri buraxılırdı.

Bəy öz şənliyinə məhdud seriyalı Mercedes-Benz G-Class avtomobili ilə gəldi - dünyada onlardan cəmi 460 ədəd var və maşının başlanğıc qiyməti 190 min dollardır. Sanksiyalara görə belə avtomobili Rusiyaya rəsmi şəkildə gətirmək olmaz, lakin Kadırovlar ailəsinin ata yurdu olan Əhməd-Yurt - öz qanunlarının keçərli olduğu yerdir.

Sosial şəbəkələrə düşən qısa videoda bəy əlini havaya qaldıraraq tapança ilə bir neçə dəfə atəş açır. Həmin an onun qolunda nadir Jacob & Co. Billionaire ASHOKA markalı, dəyəri 2 milyon dollardan artıq olan saatı görünür.

Hələ 2012-ci ildə region rəhbəri Ramzan Kadırov çeçen toylarda atəş açmağı qadağan etmişdi: "Bizdə əvvəllər atəş açırdılar. Bu toy karvanlarının hərəkəti zamanı baş verirdi. Biz bunu qəti şəkildə qadağan etdik, indi çox nadir hallarda bu qayda pozulur"- o vaxt o demişdi. Amma görünür bu hal "nadir" hesab edilib, çünki bəy Ramzan Kadırovun doğma oğlu idi.

"Qardaşım Adam evlənir", - deyə Rusiyada qadağan olunmuş Instagram sosial şəbəkəsində Kadırovun böyük qızı Ayşat yazıb. O dəqiqləşdirib: "Adam ilk dəfə evlənir!"

Bu qeydin təsadüfi olmadığı bildirilir: 2024-cü ilin iyununda "Novaya qazeta. Evropa" yazmışdı ki, Çeçenistan rəhbərinin üçüncü oğlu Adam Kadırov həyat yoldaşı ilə dini nikahı hələ bir il əvvəl, cəmi 16 yaşı olanda bağlayıb. Həmin gün ikinci oğlu, o vaxt 17 yaşı olan Zelimxan (Eli) da evlənmişdi.

O şənliklər barədə bəlkə də heç kim bilməzdi, əgər toy karvanındakı avtomobil yolda başqa bir maşına çırpılmasaydı...

Adam üçün rəsmi toy mərasiminin yalnız bir ildən sonra keçirilməsinin səbəbini heç kim açıqlamayıb. Amma "Novaya qazeta. Evropa" jurnalistləri bunun səbəbi kimi Prezident Vladimir Putinin yetkinlik yaşına çatmayan oğlanla evlilik ərəfəsində görüşməkdən imtina etməsini göstərirlər, guya Kreml bildirmişdi ki, Adam hələ çox gəncdir.

Bu il isə Putin Adamı qəbul edib, görüş "səmimi və mehriban" keçib.

Bundan sonra Çeçenistanda rəsmi toy mərasimi baş tutur.

Ayşat Kadırova yazıb ki, Adamın həyat yoldaşının adı Mednidir, - gəlinlə görüşmüş BBC mənbəyi deyir ki, o, Kadırovlara ən yaxın silahdaşlardan biri olan Adam Delimxanovun* nəvəsidir.

"Agentstvo" nəşri isə iddia edirdi ki, nikah bağlandığı vaxt qızın yaşı cəmi 14 olub - Rusiyada rəsmi olaraq evlilik 18 yaşdan mümkündür, lakin "hörmətəlayiq səbəblər olduqda" yerli hakimiyyət belə bir ittifaqa icazə verə bilər.

YouTube-da yeddi il əvvələ aid bir video qalıb, orada kiçik bir qızcığaz, ehtimal ki, Medni babasını ad günü münasibətilə təbrik edir.

Beləliklə, oğlunun evliliyi vasitəsilə Ramzan Kadırov özünün ən yaxın silahdaşlarından birinin nüfuzlu ailəsi ilə qohum olub.

Döyülməyə görə yüksəliş

Adam Ramzan Kadırovun bütün övladları arasında ən qalmaqallısıdır.

Məhz o, iki il əvvəl Qroznıdakı istintaq təcridxanasında əvvəlcə Quranı yandırdığına görə inanclıların hisslərini təhqir etməkdə, daha sonra isə guya Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilə əməkdaşlıqda ittiham olunaraq məhkum edilən Nikita Juraveli döymüşdü.

Döyülmənin videosunu respublika rəhbərinin özü yayımlamış və oğlunun hərəkətlərini dəstəkləmişdi.

Adama nəinki heç bir ittiham irəli sürülmədi, hətta onu səxavətlə mükafatlandırdılar. Bu hücumdan cəmi bir neçə gün sonra ona Çeçenistan Qəhrəmanı adı verildi.

Bu barədə elan edən Adam Delimxanov Kadırovun oğlunu "son dərəcə savadlı, hərtərəfli təhsil almış və məqsədyönlü gəncin parlaq nümunəsi" adlandırdı.

Tezliklə Adam Kadırov Çeçenistan rəhbərinin təhlükəsizliyinin təminatı şöbəsinin rəisi vəzifəsinə təyin edildi, Delimxanov isə bunu "tamamilə qanunauyğun" hadisələrin inkişafı adlandırdı, çünki Ramzan Kadırovun sevimli oğlu üçün "şərəf və ləyaqət anlayışları hər şeydən önəmlidir".

Adam hətta "Rusiya Rekordlar Kitabına" düşdü - region rəhbərinin təhlükəsizlik xidməti rəisi olmuş ən gənc şəxs kimi. O bu vəzifəyə cəmi 15 yaşında təyin edilmişdi ki, bu da əslində Rusiyanın əmək qanunvericiliyinə ziddir.

31 mart 2025-ci ildə Ramzan Kadırov Adamı Daxili İşlər Nazirliyinin regional idarəsinin kuratoru təyin etdi.

Baxmayaraq ki, bu ştat vəzifəsi deyil, status hesab olunur, amma yeniyetməyə DİN-in operativ iclaslarında iştirak etmək və əsas vəzifələrə namizədləri təsdiqləmək imkanı verir.

Bundan cəmi bir ay keçməmiş Adam yeni yüksəliş əldə etdi və Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olundu.

Adamın karyera pilləkənləri Ramzan Kadırovun yolunu xatırladır: əvvəl şəxsi qvardiya, sonra — DİN-in kuratorluğu, daha sonra isə Təhlükəsizlik Şurasında post (Adamın timsalında) və ya hökumətdə vəzifə (Ramzan Kadırovın timsalında olduğu kimi).

Güc strukturlarına nəzarət Çeçenistanda ali hakimiyyətə gedən əsas yoldur. Buna görə də ekspertlər hesab edirlər ki, Ramzan Kadırov məhz Adamı öz varisi kimi hazırlayır.

Təmtəraqlı toy mərasimi isə varisin həm çeçen cəmiyyətinin, həm də Kremlin gözündə artıq böyüdüyünü simvolizə etməliydi.

Müvəqqəti əmək qabiliyyətsizliyi

Çeçenistanın siyasi landşaftındakı dəyişikliklər, o cümlədən respublika rəhbərinin övladlarının sürətli karyera yüksəlişləri, Ramzan Kadırov üçün dönüş nöqtəsi olan 2019-cu ildən sonra başlayıb - həmin vaxt o, "müvəqqəti əmək qabiliyyətsizliyi" səbəbilə məzuniyyətə çıxmışdı.

Kadırov bunu "kiçik narahatlıq, hərarət və qrip"lə izah edirdi, amma eyni zamanda "sistem" aldığını qeyd etmişdi ki, bu da, adətən, "kiçik narahatlıq" zamanı tətbiq edilmir.

Bir il sonra, 2020-ci ilin yanvarında Kadırov yenidən məzuniyyətə çıxdı - yenə də "müvəqqəti əmək qabiliyyətsizliyi" səbəbilə.

2023-cü ildə isə o, hətta üç dəfə "məzuniyyətə" çıxdı və Moskvada Vladimir Putinin Federal Məclisə müraciətində iştirak etmədi.

O, 2024-cü ildəki müraciəti də buraxdı - Kadırov yaydığı ekran görüntüləri ilə göstərdi ki, müraciəti Çeçenistandan izləyib, zalda isə şəxsən yalnız Adam Delimxanov iştirak edib.

BBC-yə danışan və Çeçenistan hökumətinin nümayəndəsi ilə əlaqə saxlayan mənbə (təhlükəsizlik səbəbilə həmin şəxsin səlahiyyət sahəsi açıqlanmır) o vaxt iddia edirdi ki, Kadırov ciddi bir xəstəlikdən əziyyət çəkir.

"Novaya qazeta. Evropa"nın məlumatına görə, bu xəstəlik mədəaltı vəzinin nekrozudur.

2023-cü ildə həmin nəşrin jurnalistləri Kadirovun vəziyyətinin pisləşdiyini yazmışdılar.

Məlumatda deyilirdi ki, Çeçenistan rəhbəri xəstəxanaya yerləşdirilmiş və mənbənin iddiasına görə, süni tənəffüs aparatına qoşulub. Onun məzuniyyətləri də bununla izah edilirdi. O zaman xaricdən yayımlayan bəzi çeçen bloqerlər Kadırovun hətta yaxın zamanda öləcəyini proqnozlaşdırırdılar.

Ata Kadırovun tez-tez "yoxa çıxması" fonunda, 2023-cü ilin martında Vladimir Putin qəfildən Ramzanın o vaxt 17 yaşı olan böyük oğlu Əhməd Kadırovla görüşdü.

Bloqerlər həmin görüşdə xüsusi bir simvolizm gördülər, çünki bu, çox güclü şəkildə 2004-cü ili xatırladırdı: o zaman atasının öldürülməsindən sonra Ramzan özü Kremlə getmişdi.

O vaxt heç kim ciddi şəkildə düşünmürdü ki, yeniyetmə Çeçenistan rəhbəri postuna iddia edə bilər, amma Ramzan Kadırovun övladları həmin dövrdə doğrudan da rəsmi xəbərlərdə daha tez-tez görünməyə başlamışdılar.

Heç vaxt uduzmayan idman naziri

"Ramzan Kadırov çalışır ki, bütün qohumlarını respublikanın müxtəlif vəzifələrinə yerləşdirsin, əgər ona nəsə olsa, onlar hakimiyyətdə öz çəkilərini artıra bilsinlər", - təhlükəsizlik səbəbindən anonim qalmağı xahiş edən çeçen siyasəti üzrə ekspert deyir.

Məsələn, Ramzan və Medni Kadırovların nikahından olan ilk oğlu Əhməd 2022-ci ildən karyera pillələri ilə fəal şəkildə irəliləyir: 16 yaşında regionda gənclər siyasəti ilə məşğul olurdu, 2024-cü ildə isə fiziki mədəniyyət və idman naziri postuna gətirildi, az sonra "Əhməd" futbol klubuna rəhbərlik etməyə başladı.

Yəqin ki, Ramzan Kadırovun gözündə bu məntiqli təyinat idi: çünki Əhməd hələ 10 yaşında beynəlxalq MMA turnirində debüt etmişdi və idman karyerası ərzində rəqibi nə qədər güclü olsa da, heç vaxt uduzmaması ilə tanınmışdı.

Bəlkə də Ramzan Kadırovun varis olaraq məhz böyük oğlunu hazırlaması məntiqli görünə bilərdi.

Ancaq çeçen modelində həlledici olan "primogenitura" ("ilk övlad" olmaq) deyil, Kadırovun standartlarıdı: həmin şəxs müəyyən funksiyaları nə dərəcədə yerinə yetirə bilər.

Əhmədin "sivil" ictimai obrazı var idi: əvvəlcə döyüşlərdə iştirakı üzərində qurulmuşdu, 2022-ci ildən sonra isə mediada, əsasən, gənclər, sosial və idman blokunun təmsilçisi kimi çıxış etməyə başladı. Əhməd zorakılıqla bağlı ictimai qalmaqallarda iştirak etməyib, güc strukturları ilə də heç bir əlaqəsi yoxdur.

Onun ictimai obrazı daha çox dinc, barışıq yönümlü obrazdır, bu isə çeçen siyasətində "yumşaqlıq"la müqayisə olunur, halbuki region liderinin sahib ola bilməyəcəyi bir keyfiyyətdir.

İkinci oğul Zelimxan (Eli) - "Əhməd" döyüş klubunun baş direktoru, həm də Çeçenistan Boks Federasiyasının prezidentidir. Əhməd kimi Eli də gənclikdən döyüşlərlə sıx bağlı olub, amma sonradan kiçik qardaşı Adamın tutduğu vəzifələri almadı, idman sahəsində qaldı.

Bu isə Çeçenistanın və Kadırovlar klanının gələcəyini müəyyən edəcək şəxslərin gözündə ona əlavə xal qazandırmır. Eli ailəyə başqa yolla dəstək oldu - evlilik vasitəsilə. Onu senator Süleyman Geremeyevin* qızı ilə evləndirdilər və beləliklə, Kadirov daha bir nüfuzlu çeçen ailəsi ilə qohum oldu.

Problem ondadır ki, federal qanuna əsasən, region rəhbəri yalnız 30 yaşına çatmış Rusiya vətəndaşı ola bilər. Əhmədin cəmi 19, Elinin 18, Adamın isə ümumiyyətlə 17 yaşı var. Mövcud qanuna görə, əgər atasının yerini tutmaq arzusu varsa, Adam ən tez 2038-ci ildə bu vəzifəyə iddia edə bilər.

Buna görə də uzun müddət hesab olunurdu ki, varis, hətta müvəqqəti olsa belə, bu region üçün gözlənilməz şəkildə qadın ola bilər.

Paris podiumundan sədr müavini kreslosuna

2020-ci ilin fevralı. Ramzan Kadırov artıq altı ildir ki, Krımın ilhaqını dəstəklədiyinə görə Avropa İttifaqının sanksiya siyahısında idi.

Həmin vaxt onun qızı, 21 yaşlı "Firdavs" moda evinin rəhbəri Ayşat Kadırova Parisdəki dəfilədən əvvəl BBC jurnalistinə danışırdı:

"[Kolleksiyanın] əsasında dağlar, göy üzü və edelveys var. Bu çiçək sevgi və sədaqətin talismanıdır. Səkkiz il əvvəl mən atamın anam üçün bir buket edelveys hədiyyə etdiyini gördüm. Bu çiçəkləri tapmaq üçün atam dağlarda üç gün keçirməli olmuşdu! Onda mən bu hekayəni dəbin dili ilə danışmaq istədim".

Çeçenistan rəhbərinin qızı "Firdavs" moda evinə cəmi 17 yaşında rəhbərlik etməyə başlamışdı və "modest fashion" ("təvazökar moda") üslubunda müsəlman geyim brendini təbliğ edərək fəal şəkildə mediada görünməyə başlamışdı.

Buna qədər Ayşat yalnız bir nailiyyəti ilə tanınırdı - o, 14 yaşında Quranı əzbərdən öyrənmişdi.

Ayşat jurnalistlərlə danışmaqdan çəkinirdi, yanında ona cavabları pıçıldayan adamlar vardı, o isə gərgin şəkildə gülümsəyərək deyirdi: "Sadəcə, özümü toparlaya bilmirəm".

Ciddi xarici görünüşü Ayşatın Parisdən üç il əvvəl, 2017-ci ildə Qroznıda erotik qadın alt paltarı və intim aksessuarlar mağazası açmasına mane olmadı - bu mövzu respublikada qadağan hesab olunurdu.

Rəsmi olaraq, Çeçenistanda belə bir şeyin olmadığı bildirildi, Ayşat isə cəmiyyətdə «Uca Allaha və ailə dəyərlərinə hörmətin hökm sürdüyü» bir mühitdə qız, bacı və ya həyat yoldaşı nümunəsi kimi təqdim edildi.

Ayşatı siyasətə yönəltməyə 21 yaşında başladılar. Əvvəl o, mədəniyyət nazirinin birinci müavini vəzifəsinə gətirildi, bir il sonra isə nazir oldu.

"Sadəcə olaraq, bir insan mənim qohumum olduğu üçün onu heç vaxt təyin etmirəm. […] Nə vaxtsa o, vəzifənin öhdəsindən gələ bilməsə, mən tarix qoyub onu işdən çıxaracağam. O bu postu tərk edəcək və ömrü boyu ləkə qalacaq, buna görə də onun üçün böyük məsuliyyətdir", - atası qızının təyinatını belə izah eləmişdi.

Ramzan Kadırovun fikrincə, qızı işin öhdəsindən yaxşı gəlirdi: son bir neçə il ərzində o, Çeçenistanda çoxsaylı mükafatlar alıb, o cümlədən «İnsan Hüquqlarının Müdafiəsinə görə» medalını (izahda deyilir ki, mükafat «vətəndaşların konstitusiya hüquqlarının və maraqlarının qorunmasına böyük töhfəyə görə» verilib, lakin Ayşatın bu hüquqları necə qoruduğu açıqlanmır), həmçinin «Vətənə Xidmətə görə» II dərəcəli ordenlə təltif olunub.

2023-cü ilin oktyabrında 24 yaşlı Ayşat Kadırova Çeçenistan hökumətinin sədr müavini təyin edildi: bu, Kadırov klanı üçün ən vacib təyinatlardan biridir.

Bu vəzifənin özü həm də o deməkdir ki, Ramzan Kadırovun qızı respublikadakı maliyyə axınlarının böyük hissəsinə cavabdehdir: sosial proqramlar, infrastruktur, təhsil, sosial müavinətlərin ödənilməsi və səhiyyə üçün federal büdcədən ayrılan vəsaitlər.

Tutduğu vəzifəyə baxmayaraq, Ayşat nadir hallarda müsahibə verirdi: onu "Qroznı TV" xəbərlərində göstərirdilər, amma əksər videolarda heç nə demirdi.

İnternetdə onun bəzi qısa videolarını tapmaq mümkündür, məsələn, çeçen toy adətləri və yeni mədəniyyət naziri təyinatı haqqında şərhləri.

Səfalət həddinin altında

Bir ildən artıq iş müddətində Ayşat Kadırova çeçen müəllimlərin və yazıçıların mükafatlarla təltif olunmasını təklif edib.

Moskva səfəri zamanı baş nazir müavini Golikova ilə görüşüb, Ukrayna müharibəsində həlak olmuş çeçenlərin uşaqlarının hər birinə 10 min rubl vermək üçün Çeçenistanın əsas maliyyə orqanı Əhməd Kadırov Fondundan vəsait ayırıb.

Respublika rəhbəri iddia edirdi ki, fonda vəsait çeçen sahibkarlar tərəfindən ianə edilir, lakin çoxsaylı sübutlar var ki, fond çeçen büdcə işçilərinin əmək haqqından məcburi tutulmalarla formalaşdırılır.

Demək olmaz ki, Çeçenistanın sosial sektoru asan dövr yaşayır. Son bir ildə işsizlik bir qədər azalsa da, yoxsulluq səviyyəsi hələ də çox yüksəkdir - 2023-cü ildə Ayşat vəzifəyə başladığı zaman, hər üç ailədən birinin aylıq gəliri 14 min rubldan da az idi. Bu isə səfalət həddinin altında olmaq demək idi.

Aşağı gəlirli ailələrin əhəmiyyətli hissəsini çoxuşaqlı ailələr təşkil edir: 107 min belə ailədən 104-ü üç və daha çox uşağa malikdir.

Hətta 2023-cü ildə dövlət "RIA Novosti" tərəfindən hazırlanmış Rusiya regionlarının əmək haqqı dinamizmi üzrə reytinqində Çeçenistan bütün Rusiya regionları arasında (bu statistika işğal edilmiş Krımı da əhatə edir) aşağı sıralarda idi.

2024-cü il üzrə həyat səviyyəsinə görə isə Çeçenistan 85 region arasında 65-ci yeri tutmuşdu.

Son iki ildə Çeçenistan səhiyyəyə ayrılan vəsaitləri artırıb (əvvəllər uzun illər boyu bu sahədə də aşağı sıralarda idi).

2025-ci ildə respublikada sosial sahəyə ümumi büdcənin 67,2 faizi ayrılıb. Lakin vəsaitin böyük hissəsi sosial siyasətə yönələcək - buna hərbi xidmətdə həlak olmuşların ailələrinin dəstəyi və "arxa cəbhə işçiləri" üçün kommunal xidmətlərin ödənilməsi kimi tədbirlər daxildir.

Aşağı gəlirli şəxslərin birbaşa dəstəyi üçün cəmi 10,58 milyon rubl ayrılıb - bu, 91,22 milyard rubldan ibarət ümumi büdcənin 0,012 faizi deməkdir.

2022-ci ildə Ramzan Kadırov artıq aşağı gəlirli ailələrin kişilərini "işsiz olanlar" adlandırmışdı, çünki eşitmişdi ki, onlar Ukraynaya qarşı müharibəyə getməkdən imtina edirlər.

"Bu, işləmək istəməyən insanlardır. Bunlar insan da deyil, ümumiyyətlə heç kimsə deyil. Respublika onlara milyardlar xərcləyir, kommunal xərclərini ödəyir, yardım edir, amma onlar işləmək istəmir, sadəcə, qarınlarını qaşıyırlar. Onları şənbə işlərinə çıxarmaq, pulsuz işləməyə məcbur etmək lazımdır", - Kadırov o vaxt demişdi.

Ayşat Kadırova vəzifəsi çərçivəsində bu problemlərlə məşğul olmalı idi, amma fevralın sonunda gözlənilməz şəkildə elan etdi ki, hökumətdəki sədr müavini kreslosunu tərk edir.

"Bu iş daha çox güclü bir kişi üçün uyğundur", - deyə o bildirdi.

İki həftə sonra "Verstka" nəşri müəyyən etdi ki, Ayşat əvvəl Əhməd Kadırov Fonduna məxsus olan "Çeçen Mineral Suları" şirkətinin tək sahibi olub.

2023-cü ildə bu şirkətin gəliri 1,4 milyard rubla çatıb.

"İki mümkün izahat var. "Birincisi, bu, qaçılmaz olana doğru daha bir addım ola bilər: Ayşatın Əhməd Kadırov Fonduna gətirilməsi. Onun ailənin böyük qızı kimi anası və nənəsinin yolu ilə getməsi məntiqlidir. İkincisi, güclü patriarxal qüvvələr var. Onun gedişi başqalarına, bəlkə də, kiçik qardaşlarına gələcək yüksək vəzifələrdə yer almağa yol açır", - Şimali Qafqaz üzrə ekspert Harold Çembers deyir.

Çeçenistanda baş nazirin müavini postu hələ də boşdur.

Və başqaları da...

Rəsmi mənbələrə görə, Ramzan Kadırovun 14 uşağı var, onlardan yeddisi azyaşlıdır. Altı yetkin uşaq isə artıq regional idarəçilikdə fəal iştirak edirdi.

İkinci böyük uşaq, 25 yaşlı Xədicət Kadırova keçən ilin fevralında Çeçenistan rəhbərinin administrasiyasında sosial blokla əlaqələr üzrə müavin təyin edildi. Bundan əvvəl, 2020-ci ildə o, uşaq bağçası müdiri vəzifəsindən birbaşa Qroznıdakı məktəbəqədər təhsil departamentinə rəhbərliyə gətirilmişdi.

Təbii ki, onun da mükafatları var - "Çeçenistan Respublikasına Xidmətə görə» və Əhməd Kadırov ordeni.

Ramzan Kadırov müxtəlif vəzifələrə həm də qan qohumluğu olmayan ailə üzvlərini yerləşdirib. Ayşatın əri Visxan Matsuyev - Çeçenistan kənd təsərrüfatı naziri, Xədicətin əri Adam Alxanov səhiyyə naziridir.

Əhməd Kadırov vəzifədən getdikdən sonra boş qalmış gənclərlə iş üzrə nazir postuna isə Kadırovun dördüncü qızı Tabriklə evli olan Ramzan Vismuradov təyin olunub.

Çeçenistanda qohumbazlıq artıq uzun müddətdir ki, yenilik deyil: BBC-nin 2018-ci ilin yayında apardığı araşdırma göstərdi ki, o vaxt Ramzan Kadırovun ən azı 45 qohumu regionun idarə edilməsində iştirak edir.

Sonradan uşaqlar böyüyüb ailə qurduqca Çeçenistan hakimiyyət strukturlarında Kadırovun qohumlarının da sayı azı iki dəfə artıb.

"Korrupsiyaya qarşı mübarizə" qanunu dövlət məmurlarının yaxın qohumlarının (valideynlər, həyat yoldaşları, uşaqlar, qardaşlar və bacılar) rəhbərliyi altında işləməməsini tələb edir. Bu, maraqların toqquşmasının qarşısı almaq üçündür.

Amma əgər formal olaraq bu şəxslər idarəçilik münasibətləri ilə bağlı deyilsə, qanun baxımından problem yoxdur.

Ramzan Kadırov da öz yaxınlarının və dostlarının rəsmi kabinetlərə doldurmasında heç bir xüsusi şey görmür.

2020-ci ildə o, respublikada qohumlarını rəhbər vəzifələrə təyin edərkən açıq şəkildə etiraf etdi ki, qohumluq dərəcəsini nəzərə alıb, amma yalnız özü üçün yox, atasının, Əhməd-hacının xatirinə.

Hökumət iclasında Kadırovun dediyi bu ifadə isə xüsusilə gülməli səslənmişdi: "İnsanlar deyirlər ki, mən qohumlarımı və yaxınlarımı vəzifələrə təyin edirəm. Əslində, bu zalda baxsanız görərsiniz ki, hökumətdə və administrasiyada qohumlarım çox azdır".

Ramzan Kadırov bu boşluğu 2023 və 2024-cü illərdə uğurla aradan qaldırdı: nazirliklər övladları və onların həyat yoldaşları ilə dolduruldu.

"Yəqin ki, Ramzan Əhmətoviç düşünür, ya da ən azı qohumları mütləq düşünürlər ki, əgər Tanrı eləməsin, onların böyük qohumu vəfat edərsə, necə olacaq. Əlbəttə ki, onlar vəzifələr tutmağı mövqelərini gücləndirmək imkanı kimi görürlər. Kadırovun qohumu olmaq, əlbəttə, çox möhtəşəmdir, həqiqətən heç bir vəzifəyə ehtiyac yoxdur. Amma bu, yalnız Kadırov sağ olduğu müddətdədir. Bəs Kadırov birdən yox olarsa?" - deyə uzun müddət Çeçenistanda fəaliyyət göstərmiş hüquq müdafiəçisi İqor Kalyapin qeyd edir.

Uşaqların rəhbəri

2018-ci ildə BBC Çeçenistanda hakimiyyətin necə qurulduğu barədə ətraflı araşdırma yayımladıqda, qərar qəbul edən şəxslər arasında Kadirov soyadlıların sayı çox deyildi.

"Əgər sən Kadirov soyadına maliksənsə, dostum, amma xidmət və nailiyyətlərin yoxdursa, heç yerə düzələ bilməzsən. Bizdə, Kadirovlarda çoxlu insan var ki, onları işlə təmin etmək lazımdır. Onları nazirlər, deputatlar, rəhbərlər, generallar edə bilərik, amma xidmətləri yoxdur. Yalnız xidməti olan şəxslər (karyera pilləsi ilə) irəliləyir", - Kadirov o zaman belə demişdi.

Kadirovun yaxın dairəsinə həmişə bir neçə əsas şəxs daxil idi: Dövlət Dumasının deputatı Adam Delimxanov (bəzi KİV-lərə görə Ramzan Kadirovun əmisi uşağı, amma BBC bunu təsdiqləyə bilməyib), Çeçenistanın güc strukturları üzrə sədr müavini Abuzayd Vismuradov (Kadırovla eyni məktəbdə oxuyub) və Çeçenistan parlamentinin spikeri Magomed Daudov.

Yalnız son vaxtlar Çeçenistanda "Lord" kimi tanınan Daudovun karyerasında dəyişiklik baş verdi. Ötən ilin mayında, bölgə parlamentinə, demək olar, doqquz il rəhbərlik etdikdən sonra, Daudov qəfil istefa verdi.

"Ona iş axtarırıq", - həmin vaxt Ramzan Kadırov qısa şəkildə şərh etmişdi.

İş tapıldı, amma yəqin ki, Kadırovun özünün ümid etdiyi kimi olmadı: Daudov Müs­lim Xuçiyevin yerinə Çeçenistan hökumətinin sədri oldu. Xuçiyev isə Mixail Mişustinin köməkçisi təyin edilmişdi.

"Novaya qazeta Evropa" ehtimal edir ki, əvvəlcə Qədırovun başqa planı var idi: o, "Lord"u respublika hüdudlarından kənarda işlə təmin etmək istəyirdi.

Hətta söz-söhbət gəzirdi ki, Daudov İnquşetiyanın rəhbəri postuna iddia edir və bu, Çeçenistan rəhbərinin xeyrinə olardı.

Lakin nəşrin yazdığına görə, Moskva Kadırovun təhlükəsizlik işçilərinin belə vəzifələrə təyin edilməsinə qarşı çıxmışdı. Buna görə də indi Daudov Kadırovun çoxsaylı qohumlarına rəhbərlik edir.

Ramzan Kadırovun həmkəndliləri də hələlik öz postlarını qoruyub saxlayırlar. Kadırovlar klanının vətəni olan Centaroy kəndi (indiki adı Axmat-Yurt) onların dayağıdır.

Buradan olan insanların əksəriyyəti ya Ramzana qohumdur, ya onunla bir yerdə böyüyüb, ya da Axmat Kadırovun çevrəsində olub. Bu isə o deməkdir ki, kiçik Kadırov onlara güvənir.

Onların arasında Çeçenistandan federal vəzifəyə keçmiş "Mərkəz E"nin rəis müavini Ruslan Alxanov (Kadırov onunla da qohum olub - Alxanovun oğlu Adam Ramzan Kadırovun qızı Xədicətə evlənib), DİN-in iqtisadi və ictimai təhlükəsizlik şurası sədrinin müavini Vahit Usmayev və DİN-in Nəqliyyat üzrə Qroznı xətti idarəsinin rəisi Əli Tağırov da var.

Şəxsiyyətə pərəstiş problemi

Rusiyalılardan ailəsini gizlədən Vladimir Putin onların təhlükəsizliyi məsələsinə həssas yanaşması ilə tanınır. Bəzən o, başqalarına da müdafiə təmin etməyə hazır olur. Məsələn, hakimiyyəti ona ötürən Boris Yeltsinin ailəsi təhlükəsizlik zəmanəti almışdı. Yeltsin istefa verdiyi gün Putin ona və ailəsinə cinayət təqibindən tam toxunulmazlıq təqdim etmişdi.

Yeltsinin qızı Tatyana Dyaçenkoya qarşı korrupsiya ittihamları səslənsə də, o, heç bir təqibə məruz qalmadı və "Müharibəyə yox" postuna görə də başqa ruslardan fərqli olaraq, cəzalanmadı.

Onun əri Valentin Yumaşev isə 2018-ci ilə qədər Putinin müşaviri olub.

Yeltsinin keçmiş məmurları repressiyalara məruz qalmadılar və ailə öz əmlakını və toxunulmazlığını qoruyub saxlaya bilib.

Oxşar vəziyyətlə Anatoli Sobçakın ailəsi də üzləşib. Sobçak Putinin siyasi müəllimi olub. Ksenia Sobçak nə desə də, ciddi təzyiqə məruz qalmayıb. Lyudmila Narusova da Federasiya Şurasındakı yerini qoruyub saxlayıb.

Putinə qarşı çıxan insanların uşaqları isə mütəmadi olaraq problemlərlə üzləşiblər. Məsələn, Mixail Xodorkovskinin həbsindən sonra ABŞ-da olan oğlu Pavelə vəkillər vasitəsilə bildirilmişdi ki, "öz təhlükəsizliyi üçün Rusiyadan uzaq durması daha yaxşıdır".

Qətlə yetirilmiş Boris Nemtsovun qızı Janna Nemtsova isə anonim təhdidlər almaya başlayanda Rusiyanı tərk edib.

Hətta həbs olunmuş Xabarovsk vilayətinin sabiq rəhbəri Sergey Furqalın oğlu da təzyiqlər barədə danışıb (öz atası cinayəti qəbul etməyib).

Çox ekspertlər hesab edirlər ki, Vladimir Putin üçün Ramzan Kadırova dəstək vermək artıq Əhməd Kadırovun ailəsinə təşəkkürünü ifadə edir.

Əhməd Kadırov İkinci Çeçen Müharibəsinin əvvəlində Kreml tərəfinə keçmiş və Rusiya Prezidentini "çeçen xalqının xilasçısı" adlandırmışdı.

Ramzan Kadırovun özünə gəlincə, ailəsinin Putini qayğılandırması o qədər də inandıcı deyil.

Putinin onun ailəsi üçün region rəhbərinin minimal yaşını məhdudlaşdıran qanundan imtina etməsi ehtimalı da yoxdur. Buna görə də, əgər Kadırov vəzifəsini oğluna, Adama verməyi planlaşdırırsa, ona daha incə bir plan lazımdır: kim "varis" böyüyüb təcrübə qazanana qədər kreslonu formal olaraq tutacaq və eyni zamanda Kreml üçün də münasib olacaq.

Çeçenistanda hakimiyyət Kadırovların şəxsiyyət kultuna əsaslanır və bu kultu, sadəcə, təkrarlamaq mümkün deyil. Kim Ramzanın yerinə gələrsə (dəqiq desək, Kremlin bölgəyə rəhbərlik üçün göndərəcəyi şəxs), həmin insan çeçen cəmiyyəti qarşısında legitimliyini sübut etməli olacaq. Bu baxımdan Kadırovun çoxsaylı qohumları yalnız əngəl yaradacaq.

"Onları [qohumları] idarə etmək daha asandır. Ailə əlaqələri nəzəri baxımdan daha yüksək sədaqət təmin edir ki, bu da Kadırov əleyhinə potensial sui-qəsdlərin qarşısını almağı asanlaşdırır. Nəhayət, bu təyinatlar çeçen hökumətinin Kadırov ailəsi ilə sinonim olduğu ideyasını gücləndirir",- deyə Şimali Qafqaz üzrə ekspert və analitik Harold Çembers bildirib.

Ramzan Kadırov Çeçenistanla bağlı problemi həll edib ki, bu, Kreml üçün tam qənaətbəxşdir. Amma onun ardından şəxsiyyət kultu problemi ilə məşğul olmaq lazım gələcək.

Bu baxımdan Çeçenistan üzrə anonim qalmaq istəmiş ekspert bildirir ki, Ramzan Kadırov özü də bilmir ki, ailəni qorumaq üçün "ailə korporasiyası" yaratmaq effektiv addımdır, yoxsa yox:

"Kadirov ailənin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir. Mövcud resursları onları vəzifələrə təyin etmək, Putinə təqdim etmək, onun dəstəyini ən azından ictimai şəkildə nümayiş etməkdir. Amma məlum deyil, Putin Kadırov ailəsini nəzərə alacaqmı", - Harold Çembers deyib.

*Həmçinin "Novaya qazeta Evropa"nın versiyasına görə, Adam Delimxanovun nəvəsi Medni Əli Kadırovun həyat yoldaşıdır, Adamin yox. BBC bu versiyanı təsdiqləyə bilməyib.

**"Verstka", "Qafqaz.Realliyi" və "Agentstvo" nəşrləri Rusiyada "xarici agent" kimi tanınıb.

Избранный
42
bbc.com

1Источники