BAKI, 10 sentyabr. TELEQRAF
NATO Polşanın hava məkanına Rusiya PUA-ların daxil olması ilə bağlı açıqlamalardan sonra alyansın müqaviləsinin 4-cü maddəsini tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Adam Şlapka bildirib.
Qeyd edək ki, NATO-nun 4-cü maddəsi üzv ölkələrə müttəfiqlərlə məsləhətləşmə aparmaq hüququ verir. Əgər bir NATO ölkəsi öz təhlükəsizliyinin pozulduğunu və ya təhdid altında olduğunu hesab edirsə, o, NATO-nun digər üzvləri ilə məsləhətləşmələr aparmaq üçün 4-cü maddədən istifadə edə bilər.
Bu maddə dərhal hərbi müdaxilə tələb etmir. Məqsəd məsələnin müzakirəsi, informasiya paylaşımı və birlikdə addımların planlaşdırılmasıdır.
4-cü maddə NATO-nun kollektiv müdafiə prinsipi ilə (5-ci maddə) qarışdırılmamalıdır. 5-ci maddə faktiki hərbi müdaxilə üçün istifadə olunur, 4-cü maddə isə yalnız konsultasiya və koordinasiya üçündür.
Xatırladaq ki, gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib.
Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.