
Ölkəni kütləvi iğtişaşlar bürüdükdən sonra ən azı 7557 məhbus Nepal həbsxanalarından qaçıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Republica” qəzeti Cənubi Asiya ölkəsinin daxili işlər nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Qəzetin yazdığına görə, nazirliyə 13 islah müəssisəsindən qaçan məhbuslar barədə məlumat daxil olub.
Qaçan cinayətkarların tutulması üçün hüquq-mühafizə orqanlarının və silahlı qüvvələrin bölmələri ölkə üzrə yerləşdirilib.
Səlahiyyətlilər vətəndaşları ehtiyatlı olmağa və hər hansı şübhəli vəziyyət barədə məlumat verməyə çağırıb.
Qeyd edək ki, sentyabrın 8-də Katmanduda minlərlə nümayişçinin hökumətin sosial media və mesajlaşma proqramlarını məhdudlaşdırmaq qərarına və korrupsiyaya qarşı etiraz etdiyi “Z nəslinin inqilabı” adlı etiraz aksiyası keçirilib. Etirazçılar əsasən gənclərdən ibarət olub. “India Today” telekanalının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti silah, su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər. Aksiya zamanı 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Etiraz aksiyaları ölkənin bir sıra digər böyük şəhərlərində də keçirilib. Digər tərəfdən, Nepalın Baş naziri Şarma Oli ölkədə baş verən kütləvi etirazlarla əlaqədar istefa verib.