RU

Ayxan Abbasovun işinin görünən və görünməyən tərəfləri - bir günə millidə nə dəyişdi?

Milli komandada bir baş məşqçinin görə biləcəyi əsas üç iş var - mental hazırlıq, komandanın potensialına və rəqibə uyğun sistemin müəyyənləşdirilməsi, düzgün futbolçu seçimi. Ayxan Abbasov bunların hamısını ən doğru şəkildə gerçəkləşdirə bildi və Ukrayna ilə oyunda millimizə xal qazandırdı. 

Çoxdandır ki, milli üzvlərimizdə belə ruh görmürdük. Ukrayna ilə oyunda sanki ölüm-dirim savaşına çıxmış döyüşçülərə bənzəyirdi futbolçularımız. Meydanın hər qarışı uğrunda mübarizə aparan milli üzvləri xarakter göstərdilər. Ustalıq səviyyəsinə görə geri qaldığımız rəqibə məhz bu keyfiyyət hesabına çətinlik yarada bilərdik, bunu da etdik. Bir neçə gün əvvəl İslandiya ilə oyunda rüsvayçı məğlubiyyətdən sonra milli üzvlərində bu ruhu oyatmaq müşkül tapşırığa oxşayırdı. Amma məşqçi var ki, futbolçunun ruhuna girə bilir, onun hisslərini oyadır. Ayxan Abbasov məhz belə mütəxəssislərdəndir. Vaxt sıxsa da, demək olar ki, millinin əksər üzvləri ilə fərdi söhbətlər edib, xalqımız qarşısında rüsvayçı məğlubiyyətin ləkəsini təmizləməyin vacibliyini çatdıra bilib futbolçularımıza. 

Ayxan Abbasov klublarda oynatdığı ənənəvi üç mərkəz müdafiəçili sistemi millidə də tətbiq etdi. Əslində, Santuş da üç mərkəz müdafiəçisi ilə oynayırdı. Amma Abbasovun həm sistemi, həm də taktiki tapşırıqları portuqaliyalı mütəxəssisdən fərqli idi. Məsələn, Santuş İslandiya ilə oyunda yarımmüdafiənin mərkəzində üç futbolçuya yer vermişdi - İsmayıl İbrahimli, Emin Mahmudov və Səbuhi Abdullazadə. Ayxan Abbasov isə Ukraynaya qarşı eyni zonanı üç yox, iki nəfərə tapşırmışdı - Abdulla Xaybullayev və Emin Mahmudov. Ən maraqlısı odur ki, Abbasovun sistemində iki nəfərin effektiv etdiyini, İslandiyaya qarşı üç nəfərə edə bilmirdilər. Burada sistemin düzgün icrası, özəllikləri və s. məqamlarla yanaşı doğru futbolçu seçimi də qeyd olunmalıdır. Abdulla Xaybullayev həm işgüzarlığı, həm də dağıdıcılıq qabiliyyətinə görə həm İsmayıldan, həm də Səbuhidən daha üstün futbolçudur. "İkinci nömrə" ilə oynayan komandaya orta xətdə məhz beləsi daha gərəkdir. Ona görə də Xaybullayev-Mahmudov tandemi daha faydalı oldu. 

Bu özü də ritorik sualdır ki, Ayxan Abbasovun millidə oyun praktikası olmadan əsas heyətdə meydana buraxdığı Xaybullayevi Santuş niyə diqqətdən kənar qoymuşdu... Elə yalnız "iti gözünə" görə Ayxan Abbasova alqış düşür. Xaybullayev dünən meydanda ən yaxşılardan idi. Qazanılan xalda onun da haqqı çox idi. Ayxan Abbasovun daha bir doğru seçimi Anton Krivatsyuk idi. Rəhman Daşdəmirovla müqayisədə Anton təcrübəsinə və göstəricilərinə görə start heyətdə oynamalı futbolçudur. 

Və ən sonda, kim deyir ki, bir günə heç nəyi dəyişmək olmur? Zatən, millidə hər məşqçinin vur-tut bir neçə günü olur. Sonra futbolçular dağılışır öz klublarına. Milli məşqçisi elə nə elədisə, bir neçə günə eləməlidir. Bir günə futbolçunun hazırlıq səviyyəsini qaldırmaq olmaz, bu doğrudur. Amma milli ruhu aşılamaq, düzgün oyunçu seçimi etmək, rəqibə uyğun sistem seçmək. Bunları daha yaxşı etmək üçün, bir mütəxəssisin millidə davamlı işləməsi şərtdir. Amma qısa zamanda belə, Ayxan Abbasov az iş görmədi. 

Emin Abbasov

saytlarin hazirlanmasi

Избранный
23
50
sportal.az

10Источники