RU

Gənclərin şəxsi inkişafına həsr olunmuş onlayn forum keçirilib

09 sentyabr 2025-ci il tarixində, yeni tədris ilinin başlanması ərəfəsində, Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Şəxsi İnkişaf Səyahəti” adlı onlayn forum keçirilib.

Forumda məktəblilər, tələbələr, magistrantlar, doktorantlar və gənc müəllimlər iştirak edib. İnteraktiv şəkildə təşkil olunan forum Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Həsən Məmmədovun moderatorluğu ilə interaktiv şəkildə keçirilib.

Foruma ölkənin müxtəlif bölgələrindən qatılan gənclər yüksək fəallıq göstəriblər. İştirakçılar şəxsi inkişaf, özünü tanıma, güclü və zəif tərəflərin müəyyən edilməsi, dəyərlər və maraqların formalaşdırılması, qısa və uzunmüddətli məqsədlərin qurulması, eləcə də vaxtın idarə olunması mövzularında təqdimatlarda iştirak edib, sual-cavab sessiyalarında aktiv olublar və praktiki tapşırıqları yerinə yetirərək öz potensiallarını kəşf etməyə təşviq olunublar.

Forumda İctimai Birliyin sədri,  motivator və koordinator Aygül Məmmədova, eləcə də Birliyin sədr müavini, motivator, təlimçi  Aytən Kərimova spiker qismində çıxış ediblər. Onlar gənclərə şəxsi inkişaf, daxili potensialın kəşfi, məqsəd qoyma, vaxtın səmərəli idarə olunması mövzularında məlumat veriblər və praktik tapşırıqlar vasitəsilə iştirakçıların öyrənməsini dəstəkləyiblər.

Forumda xüsusi qonaq qismində “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev və qazi, pedaqoq-müəllim Ülvi Qədir çıxış ediblər. Onlar şəxsi həyat təcrübələrini gənclərlə bölüşərək məqsəd və vətənə bağlılıq mövzusunda motivasiyaedici mesajlar verərək, iştirakçılara ilham mənbəyi olublar.

Forum gənclərə şəxsi inkişaf yolunda mühüm imkanlar təqdim edib, həmçinin gənclərin fərdi motivasiyasını artırmaq, onları yeni tədris ilinə ruh yüksəkliyi ilə başlamağa təşviq etmək, gənclərin təcrübə mübadiləsini təmin etmək baxımından əhəmiyyətli olub.

Sonda ölkənin müxtəlif bölgələrindən olan iştirakçılar forumla bağlı müsbət fikirlər səsləndiriblər, bu kimi forumların tez-tez və əyani şəkildə də keçirilməsini arzuladıqlarını bildiriblər.

Избранный
31
3
hit.az

4Источники