RU

Trampın adamları Bakıda - Zəngəzur hazırlığı başladı

ABŞ Azərbaycandan sonra Ermənistanla da danışıqlar aparacaq; dəhlizin bizə aid hissəsi bu tarixdə təhvil verilir...

8 sentyabr 2025-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-nin Orta dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib. 

XİN-dən verilən xəbərə görə, görüş zamanı cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.

Bu xüsusda Azərbaycanın qərb bölgələri ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin - Zəngəzur dəhlizinin əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycanın son onilliklər ərzində Orta dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhs olunub, bu səylərin Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi konkret layihələrlə reallaşdırıldığı diqqətə çatdırılıb. Orta dəhliz üzrə Xəzər dənizinin şərqindəki tərəfdaş dövlətlər, dost və qardaş Mərkəzi Asiya ölkələri ilə həmçinin Azərbaycanın strateji əlaqələrə malik olduğu məmnunluqla xatırlanıb.

Görüş zamanı Azərbaycanın uzun illər boyu Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı bildirilib, hazırda ölkəmizin təbii qazı ilə təchiz olunan ölkələrin sayının 14-ə çatdığı qeyd olunub. Ölkəmizin hazırda nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə genişmiqyaslı fəaliyyətlər həyata keçirdiyi qeyd olunub, bu məqsədlə Qara Dəniz Enerji sualtı kabelinin inşası kimi konkret layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, az öncə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələrinin Zəngəzur dəhlizi ilə bağlı tezliklə Ermənistana gedəcəyi haqda məlumat yayılıb.

Bu səfərlərin önəmi nədir? ABŞ Tramp yolunun açılışına hazırlıq işlərinə start verib?

Yeri gəlmişkən, Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikintisi işlərinin gələn il tamamlanması nəzərdə tutulur. Bunu Abşeron Logistika Terminalında Çinin Cijang əyalətindən göndərilən növbəti blok qatarın qəbuluna həsr olunmuş tədbirdə çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.

Nazirlik rəsmisi bildirib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində böyük uğur əldə olunub. Onun sözlərinə görə, paralel olaraq Türkiyədə də bu istiqamətdə layihələr icra olunur: “Qars-Dilucu xəttinin 224 km-lik hissəsinin təməli qoyulub və yaxın 4 ildə tam başa çatdırılacaq. Zəngəzur dəhlizinin istismara verilməsi ilə Orta dəhliz üzrə illik əlavə 15 milyon ton yükdaşımaya nail olunacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, ötən il Çindən Avropa istiqamətinə 358 blok qatar yola salınıb, bu isə Azərbaycanın tranzit imkanlarının artdığını və ölkədə aparılan infrastruktur islahatlarının real nəticələr verdiyini göstərir. 

Ermənistan Xarici İşlər Nazirliyi yaxın vaxtlarda ABŞ tərəfi ilə bir sıra müzakirələrin aparılacağını bildirib. Qurumun mətbuat katibi Ani Badalyan “Azatutyun” radiosuna açıqlama verib. Onun sözlərinə görə, gündəlikdə olan məsələlərdən biri də “Tramp yolu” layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsi ilə bağlı olacaq: “Amerika tərəfi ilə yaxın günlərdə müzakirələr nəzərdə tutulur, o cümlədən "Tramp yolu"nun həyata keçirilməsi istiqamətində. ABŞ tərəfdaşlarının İrəvana səfəri və müzakirələrin detalları barədə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq", - deyə Badalyan bildirib. ABŞ tərəfinin səfərinin tarixi və gündəliyi barədə məlumatın sonradan dəqiqləşdiriləcəyi gözlənilir.

Elxan

 Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, bu səfərlərin xüsusi əhəmiyyəti var: “Vaşinqtonda əldə edilən razılaşmaların yerinə yetirilməsinin sürətini artırmaq lazımdır. Çünki razılaşmanın əleyhdarları da çoxdur və həmin qüvvələr fəallaşıblar. Misal üçün, Rusiya rəsmiləri Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında 8 avqustda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzaladıqları müqaviləyə ilk günlər səbirli yanaşır, razılaşmanın əleyhinə açıqlama vermirdilər. Bu onunla əlaqəli idi ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarının dəvəti üzərinə Trampla Alyaskada görüşə hazırlaşırdı. Bu ərəfədə Kreml sahibinin və onun əlaltılarının 8 avqust müqaviləsinin əleyhinə açıqlamalar verməsi doğru sayılmırdı. Bu, Trampın səylərini şübhə altına almaq anlamına gələrdi. Vaşinqtonda imzalanan müqavilədən bir ay keçib və zaman keçdikcə rusiyalı rəsmilər Azərbaycan və Ermənistan liderlərinin ABŞ paytaxtında imzaladıqları müqavilənin əleyhinə açıqlamalar verməyə başlayıblar”.

Politoloq qeyd etdi ki, Kreml, həmişəki kimi, xarici işlər naziri Sergey Lavrovu qabağa verib: “O, Bakı və İrəvan arasında Vaşinqtonda əldə olunan razılaşmanı iki ölkənin suveren hüququ saysa da, iki zəruri əlavəsini də unutmayıb. Birincisi, Lavrov deyib ki, Rusiya razılaşmaların icrasını yaxından izləyir. İkincisi, Lavrovun fikrincə, müqavilə ilə bağlı ilkin müsbət rəylər tədricən skeptik qiymətləndirmələrlə əvəzlənib və guya sənəddə hər şey razılaşdırılmayıb. Lavrovun açıqlaması Kremlin Vaşinqton razılaşmasının icrasına mane olmağa çalışacağından xəbər verir. Rusiyanın xarici işlər naziri müqavilə barədə "skeptik rəylər" sözləri ilə Ermənistanın radikal müxalifətini nəzərdə tutub. Çünki məhz erməni radikallar Vaşinqtonda imzalanan müqaviləni topa tutublar. Kremlin dayağı da məhz onlardır. Ona görə də İrəvan və Vaşinqton tələsməlidirlər. Zəngəzur dəhlizinin tikintisini və Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini sürətləndirmək lazımdır. Gecikmə Kremlin xeyrinə işləyəcək".

Bakı

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin sürətləndirilməsi vacibdir və bu istiqamətdə addımlar təqdir olunmalıdır: “8 avqust Vaşinqton razılaşmasından bir ay keçdi və belə görünür ki, Donald Tramp administrasiyası çox qısa zaman ərzində dəhlizin həm tikintisi, həm ona təhlükəsizilik zəmanətlərinin verilməsi, eləcə də iqtisadi mənfəətlər məsələsini dəqiqləşdirməyə yönəlik addımlar atır. İntensiv səfərlər bunu deməyə əsas verir ki, proses davam etdirilir. Digər tərəfdən, hesab edirəm ki, Zəngəzur dəhlizi ilə bağlı 44 günlük Vətən müharibəsindən ötən 5 ilə yaxın müddətdə kifayət qədər müzakirələr gedib. Hazırda ABŞ əlində çox yaxşı fürsət formalaşdırıb və çalışır ki, bu fürsətləri tez dəyərləndirsin, reallığa çevirsin”.

Ekspertin sözlərinə görə, eyni zamanda nəzərə almaq lazımdır ki, prezident Tramp üçün hakimiyyəti başa çatanadək bütün məqsədlərə çatmaq önəmlidir, proseslərin sürətləndirilməsində bu amil də rol oynayır: “Tramp birinci dəfəki prezidentliyinin bitməsinə yaxın başladığı bütün layihələri ikinci prezidentliyi dövründə reallaşdırıb təhvil verməyə çalışır. Hesab edirəm ki, bu dövrdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi mümkün ola bilər. ABŞ üçün qeyd olunan proseslər arzuolunmaz hesab olunur. Əslində Azərbaycan üçün də yubadılma arzuedilməzdir. Baxmayaraq ki, Ermənistan ərazisində ABŞ-ın şirkəti dəhlizin tikinti və təhlükəsizliyi işlərini icra edəcək, lakin Azərbaycanla da məsləhətləşmələr həyata keçirilir. Çünki Zəngəzur dəhlizi Orta dəhlizin önəmli seqmentidir. Burada ticarət yolları, bağlantıları üzərində böyük geosiyasi savaş getdiyini görürük. Azərbaycan burada həm də tranzit dövlətə çevrilir”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Избранный
25
musavat.com

1Источники