RU

Emin Mahmudov: Millinin bombardiri olmaq çox möhtəşəm hissdir

"Bir qol vurmağım çox zaman aldı. Bir ildir o rekordu yeniləyə bilmirdim. Amma şükür, bu gün bunu bacardım".

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda vurduğu tarixi qol barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla bombardir olduğu üçün böyük qürur hissi keçirdiyini bildirib: "İlk növbədə azarkeşlərə təşəkkür edirəm. İslandiyaya 0:5 hesabı ilə məğlub olmağımıza baxmayaraq, bizə bu gün motivasiya verdilər. Millinin bombardiri olmaq çox möhtəşəm hissdir. Öz üzərimdə işləyirdim. Komanda yoldaşlarıma təşəkkür edirəm, onlar olmasaydı buna nail ola bilməzdim. Baş məşqçi Ayxan Abbasova da təşəkkür edirəm, bizə çox dəstək oldu. Bizimlə cəmi bir gün işləməsinə baxmayaraq, həvəsləndirə bildi. Bir günə çox şey dəyişmək olmaz. Bəzi taktiki düzəlişlər oldu, əsas da psixoloji olaraq özünəinamızı qaytardı".

Mahmudov yığmada yerli mütəxəssislə işləməyin daha rahat olduğunu bildirib: "Buna rəhbərlik qərar verir. Yerli məşqçilərlə daha rahatdır. Ayxan müəllim bizi tanıyırdı, ona görə yaxşı oldu. Yerli mütəxəssislə işləmək daha rahatdır".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb. Emin Mahmudov sabiq futbolçu Qurban Qurbanova məxsus 21 illik rekordu vurub. "Qarabağ"ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib. Emin Mahmudov 2016-cı ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 56-cı matçında 15 qola çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
47
3
olaylar.az

4Источники