RU

Vaşinqton razılaşması: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi

Bakı, 9 sentyabr, AZƏRTAC

Avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüş Cənubi Qafqazda uzunmüddətli münaqişənin sona çatması, diplomatiyamızın zəfəri, yeni bir mərhələnin başlanması, illərlə aparılan siyasi mübarizənin, əzm və qətiyyətin, müdrik liderliyin təntənəsidir.

“Əsrin müqaviləsi” Azərbaycanın enerji gücünün, “Zəfər tarixi” ərazi bütövlüyümüzün bərpasının təntənəsi olduğu kimi, “Vaşinqton razılaşması” diplomatiya tarixinin qələbəsi kimi mühüm əhəmiyyət daşıyır və tariximiz üçün yeni mərhələ açır. Görüşün əsas nəticəsi Sülh sazişinin paraflanması, regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin açılması oldu. Bu hadisə Vətən müharibəsində Zəfərin 5 illiyinə diplomatiyanın töhfəsidir. Bu, Prezident İlham Əliyevin addım-addım apardığı diplomatik fəaliyyətin uğurlu nəticəsi, ali liderliyin qələbəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib.

“ATƏT-in Minsk qrupunun ləğvi sülhün regionda əldə olunması üçün Azərbaycanın tələbinin reallığıdır. ABŞ administrasiyası tərəfindən uzun müddət müzakirə olunan 907-ci düzəlişin ləğv edilməsi qərarını isə Azərbaycan Prezidenti “33 il sonra ədalətin bərpası” kimi qiymətləndirdi. Bu addım iki ölkə arasında iqtisadi-maliyyə əməkdaşlığını sürətləndirə və investisiya axınını gücləndirə biləcək.

Görüşdə qəbul olunmuş sənədlərin mətni Azərbaycan həqiqətinin reallığıdır. Ermənistan iqtidarı artıq Azərbaycanın yaratdığı bu reallıqla barışmaqdan başqa yol görmür. Ermənistan tərəfindən Konstitusiyada dəyişiklik öhdəliyinin icrası isə Sülh sazişinin imzalanmasını hüquqi müstəvidə gerçəkləşdirəcək”, - deyə deputat qeyd edib.

Mehriban Vəliyeva qeyd edib ki, görüşün diqqət çəkən məqamlarından biri də Zəngəzur dəhlizinə regional və beynəlxalq kontekstdə yeni münasibət oldu: “ABŞ-ın təşəbbüsü ilə beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi və təhlükəsizliyi üçün dəhliz qısaca TRIPP adlandırıldı. Bununla bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma əldə edildi. Bu addım regionun logistika xəritəsini dəyişdirə və enerji-ticarət axınlarını yönləndirə biləcək”.

Deputat vurğulayıb ki, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və ABŞ Hökuməti arasında Anlaşma Memorandumu isə yeni imkanlar və perspektivlər açır: “Bu, Azərbaycan - ABŞ əməkdaşlığı üçün tamamilə yeni mərhələdir. Enerji, nəqliyyat, ticarət, süni intellekt, müdafiə və təhlükəsizlik sahələri üzrə Ağ Evlə razılaşma həm də etimad və etibarın ifadəsidir. Bu, sülhün yalnız siyasi yox, həm də iqtisadi əsaslarla təmin olunmasına yönəlmiş addımdır”.

Vaşinqton sammitinin geosiyasi mənzərədə də ciddi dalğalanmalar doğurduğunu deyən müsahibimiz bu razılaşmanın çoxlarını narahat etdiyinə diqqət çəkib: “Bu, Cənubi Qafqazda güc balansının dəyişməsinə, yeni çoxsahəli və çoxqütblü əməkdaşlıq xətlərinin formalaşmasına zəmin yaradır.

Bu razılaşmanın uzunmüddətli olması üçün hələ də bir sıra praktiki maneələrin qalmasını inkar etmək olmaz. Əlbəttə, bu tarixi hadisə hamının maraq dairəsində ola bilməz. Ancaq unutmayaq ki, regiona gələn yeni düzən artıq yola düşüb və geriyə yox, irəliyə addımlayır. Bunu istəməyən qüvvələr heç bir arqumentlə üstünlüyə malik deyillər və ola da bilməyəcəklər”.

Azərbaycanın təkcə Cənubi Qafqazın deyil, həm də Avrasiya məkanının aparıcı aktoruna çevrildiyini vurğulayan deputat deyib: “Regiondakı təşəbbüslər Bakının maraqları və şərtləri əsasında formalaşır. Zəngəzur dəhlizi, “Araz dəhlizi”, Şimal–Cənub və Şərq–Qərb layihələri Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır. Siyasi proseslər Azərbaycanın müharibədən sonrakı geosiyasi mövqeyini, beynəlxalq müttəfiqləri ilə əməkdaşlığını və regional nəqliyyat-logistika layihələrində həlledici rolunu nümayiş etdirir.

Vaşinqton görüşü region üçün unikal fürsət pəncərəsi açıb. Əgər tərəflər qarşılıqlı etimadı möhkəmləndirərək razılaşmaları ardıcıl şəkildə icra edərlərsə, Cənubi Qafqaz yalnız enerji və tranzit mərkəzinə deyil, həm də uzunmüddətli sülhün təmin olunduğu təhlükəsiz məkana çevrilə bilər. Lakin bu prosesdə siyasi iradə, regional güclərin mövqeyi və beynəlxalq dəstək həlledici olacaq. Azərbaycan regionda sülh və təhlükəsizlik naminə dönməz qətiyyət nümayiş etdirir və etdirəcək də. Azərbaycan güclü lideri, ordusu, hərbi və iqtisadı imkanı, yenilməz xalqı, etibarlı müttəfiqləri ilə Zəfərinə zəfər qatacaq. Azərbaycanın mövqeyi qonşularla sülh və əmin-amanlıq şəraitində yaşamaq, ölkələrin ərazi bütövlüyünə hörmət edərək qlobal sülhü, təhlükəsizliyi, iqtisadi inkişafı və qlobal idarəetməni dəstəkləyərək inkişaf etmək, insanlara barış, rifah bəxş etməkdir. Bunun əksini arzulayanlara isə beynəlxalq hüquq normalarının prinsiplərinə əsasən sərt və dönməzdir. Bu Azərbaycan xalqının, dövlətinin maraqlarından çıxış edən liderinin, Ali Baş Komandanının siyasi mövqeyidir”.

Избранный
50
azertag.az

1Источники