RU

Paşinyanın partiyası: Müdafiə büdcəsinin əvvəlki səviyyədə saxlanması onun olmaması demək deyil

“Müdafiə büdcəsinin həcmini əvvəlki səviyyədə saxlamaq ümumiyyətlə büdcənin olmaması demək deyil. Bu, sadəcə olaraq, keçən il necə idisə, elə də qalması və həmin büdcə çərçivəsində silahlanmaq deməkdir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından deputat, parlamentin Avropa inteqrasiyası üzrə daimi komissiyasının rəhbəri Arman Eqoyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın müdafiə büdcəsi hər il artır və əgər büdcənin həcmi dəyişməz qalırsa, bu, əvvəlki illərlə müqayisədə artıq yüksəlmiş göstəricilərin qorunub saxlanması anlamına gəlir. “Hər bir dövlət öz ehtiyacları üçün silah ala bilər. Biz də silahlanırıq, Ermənistan da silah alır. Hansı dövlətin silah almaması barədə kimsə danışıb?”, – deyə erməni deputat əlavə edib.

Eqoyan qeyd edib ki, əgər Azərbaycan prezidenti İlham Əliyevin çıxışına qulaq asılsa, o da sülhün bərqərar olduğunu söyləyir. “Dünyadakı bütün ordular döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmalıdır. O nə deməlidir? Ordular döyüşə hazır olmamalıdırmı? Kim deyib ki, bizim yeni müqavilələrimiz olmayacaq?”, – deyə o suallar verib. Deputat əlavə edib ki, Azərbaycanın müdafiə büdcəsi daha böyükdür, çünki Azərbaycan Ermənistanla müqayisədə daha varlı dövlətdir.

Erməni siyasətçinin sözlərinə görə, Azərbaycan prezidenti öz ölkəsinin maraqlarına, Ermənistanın baş naziri Paşinyan isə Ermənistanın maraqlarına xidmət edir. “Hər bir dövlətin öz maraqları və baxışları var. İmzalanmış sənəd var və həmin sənədin altında hər iksinin imzası dayanır. Həmin sənədə görə, yolun adı ‘Tramp marşrutu’dur. Bundan başqa, sənəddə yazılıb ki, yollar onların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək”, – deyə Arman Eqoyan vurğulayıb. O, sənədlərin məzmununa diqqətlə baxmağa çağırıb: “Əgər hansısa üstünlük olacaqsa, bu, hər iki tərəf üçün olacaq”.

Musavat.com

 

Избранный
13
musavat.com

1Источники