RU

Daim işığa doğru! Sadıq Elcanlı yazır

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sadıq ELCANLI

Məşhur bayatıda deyildiyi kimi, "Dünya bir pəncərədir, Hər gələn baxar, gedər". Bineyi-qədimdən o pəncərədən baxıb gedən nəsil-nəsil insanlar fani dedikləri dünyada iz qoymağa can atıb, özündən sonra gələn nəsillərə kömək etmək, yolların ən doğrusunu onlara göstərmək ümidi, arzusuyla yaşayıb. Bu, insanların əbədi karvan yolunda ən müqəddəs bir hissi, ehtirama layiq ən yüksək səviyyəli bir duyğusu, bütünlükdə bəşəriyyətə layiqli xidmət nümunəsidir. Dünyanın ən böyük elm və sənət zirvələri bu müqəddəs hiss, duyğu yaşantılarından, bu bəşəri xidmət ehtiyaclarından yaranıb...

Şabranın qocaman ziyalısı, şair-publisist, onillər boyu söz işığında yaşayan, öz sənətiylə yanaşı, jurnalistika ilə də məşğul olan Zakir Bayramlının yeni kitabı ilə tanışlığım bu düşüncələrlə başladı. Onun "525-ci qəzet"də çap edilən silsilə məqalələri əsasında tərtib olunmuş "Gənclər, sizə deyiləsi sözüm var" adlı bu kitabdakı yazıları bir istək, arzu, bütövlükdə, bu günün gəncliyinə, Vətən, Xalq, Azərbaycan naminə əsl həqiqətləri demək ehtiyacı birləşdirir. Uzun müddət rayon təhsil sistemində çalışan, düzlüyü, halallığı, vətənpərvərliyi ilə seçilən bu müdrik insan çağdaş dövrün gəncliyinə söz demək ehtiyacı hiss edib və bunu həyata keçirərək praktiki şəkildə reallaşdırıb.

Kitaba daxil edilən yazılar daha çox təhsil və tərbiyə məsələlərinə, bu problemlərin tarixi və müasir elmi-nəzəri təhlil və dərkinə həsr olunub. Yeri gəldikcə Şərqin və Qərbin böyük filosoflarının əsərlərinə, "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm sənət abidələrimizin möcüzəli ruh enerjisinə, etno-linqvistik təsir imkanlarına, Konfutsi kimi dahilərin söz xəzinəsinə, xüsusilə, Ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali həqiqətlərə qapı açan müdrik fikirlərinə müraciət olunur. Azərbaycan ailə-məktəb mühitinin uğurları, eləcə də problem və perspektivləri ciddi analtik, elmi-publisistik təhlilə cəlb edilir. Təhlillərdə, elmi-praktik qiymətləndirmələrdə analitik xırdalıqlar, sintetik bütövlük paralel aparılır, biri digərini tamamlayır, təsdiq, yaxud inkar edir və nəticədə qoyulan problem elmi-nəzəri, praktik-publisistik həllini tapır. Hətta bəzən müəllif öz poetik örnəklərindən də istifadə edir, beləliklə, problemə poeziya işığında baxmaqdan da çəkinmir. Məsələn, "Uğurlu gələcəyin təməli: gəncliyi həyata düzgün hazırlamaq" adlı yazıda olduğu kimi. Zakir Bayramlı yazır: "Təvazökarlıqdan uzaq çıxsa da, qeyd etməliyəm ki, gənclik haqqında düşüncələrimi bir vaxt mən də nəzmə çəkərək, misralarla dilə gətirmişəm:

Sən arzular çeşməsi,

Ümidlər çırağısan.

Ömür adlı evimin,

Ən əziz qonağısan...

Coşqun yaşamaq eşqim,

Sevincim də səndədir.

Polad kimi əyilməz,

Sərt gücüm də səndədir.

Gedərkən elə get ki,

Ümidimi aparma.

Gənclik hərarətimi

Ürəyimdən qoparma,

Su təki ax, gəncliyim,

İrəli bax, gəncliyim!

Zakir Bayramlı gəncliyi öz fikir və düşüncələri ilə yormur, bezdirmir, qarşıya çıxan çətinliklərdən qorxutmur, onu neqativə, ruh düşkünlüyünə yox, pozitivə, sevinclər dünyasına səsləyir: "Bədəncə sağlam, mənəviyyatca zəngin, elmi cəhətdən yetkin, müsbət xarakterli, xüsusi qabiliyyətli yeniyetmələr və gənclər Azərbaycanımızın uğurlu bu günü, sabahı və parlaq gələcəyidir". Bəli, bu, qocaman ziyalı, sözə güvənən, jurnalist sözünün yaradıcı qüdrətinə inanan qələm adamının sarsılmaz inamı, ümidi, optimist, pozitiv mövqeyi, məqamı, arzu və istəyidir. Bu bəzən inamsızlıq, ümidsizlik, hətta xəyanət küləkləri əsən müasir jurnalistikamızda doğru yol, vicdanlı mövqedir. 150 illik yubileyini bu yaxınlarda milli bayram kimi qeyd etdiyimiz Milli Mətbuatımızın ən böyük qələm sahibləri heç vaxt doğruları yazmaqdan çəkinməyib, həmişə həqiqətin hüzurunda qürurla dayanıb. Vətən və Xalq naminə qaranlıqları yox edən işıqlar yandırıb. Dahi Cəlil Məmmədquluzadənin tarixi çağırışı düşür yadıma: "Qələmin ən müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı... Sözün doğrusunu danışmaq hünəridir..."

Zakir Bayramlının "Gənclər, sizə deyiləsi sözüm var" kitabını oxuduqca öz xalqına, xüsusən millətinin gələcəyi olacaq gəncliyə doğruları, həqiqətləri demək istəyən, bu arzu və ümidlə, bu inam və inadla yola çıxan qələm sahibinin səsini eşitdim. İnanıram ki, o səs minlərlə, bəlkə yüzminlərlə gəncin gələcəyində, duyğu və düşüncələrində əks-səda verəcək, onları doğruların, həqiqətlərin sönməz işığına çağıracaq. Bu möhtəşəm missiyada müəllifə və qədirbilən oxucularına uğurlar arzulayıram. Yolunuz işıqlı olsun, ümid və inamınız azalmasın, arzularınız bütün ömrünüz boyu həyata keçsin! Bu dünyada öz xalqına, dövlətinə xidmətdən böyük missiya yoxdur. Daim işığa doğru!

27 avqust 2025-ci il

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
59
525.az

1Источники