RU

Azərbaycan olmadan dəhliz mümkündürmü? Tehran görüşünün pərdəarxası

Xəbər verdiyimiz kimi, Tehranda Ermənistan, İran və Hindistan arasında xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə sözügedən görüşü Musavat.com-a şərh edərkən xatırladıb ki, Paşinyanın elan etdiyi “Sülh Kəsişməsi” layihəsi Şimal-Cənub və Şərq-Qərb layihələrinin Ermənistan ərazisində kəsişməsini özündə ehtiva edir:

“Bu çərçivədə Hindistan, İran və Ermənistan Şimal-Cənub marşrutuna dair birgə danışıqlar və çalışmalar həyata keçirməkdədirlər. Əslində sadəcə Ermənistan deyil, Azərbaycan da bu iki qlobal dəhlizin kəsişmə nöqtəsindədir. Ölkəmizin ərazisindən həm Şərq-Qərb dəhlizi işə salınıb, həm də Şimal-Cənub istiqamətində daşınmalar həyata keçirilir. Azərbaycandan keçən xətt Şimali Avropanı Rusiya, İran, Azərbaycan vasitəsilə son nöqtədə Hindistanın Mumbay şəhəri ilə birləşdirəcək. Bu istiqamətdə yeganə çatışmayan hissə Azərbaycan və İran Astarası arasında dəmir yolunun çəkilməsi istiqamətində sahəvi iş razılaşması artıq əldə olunub, bu yolu rus şirkətləri çəkəcək.

sehla

Bu xəttin çəkilməsinə dair siyasi razılaşma hələ 2023-cü ilin mayında əldə olunmuşdu. Hətta gələcəkdə Rusiya-İran arasında qaz tranzitində də Azərbaycanın keçid rolunu oynayacağı, həmçinin Azərbaycandan keçən Şimal-Cənub dəhlizinin Fars Körfəzinədək uzanacağı gözlənilir.

Beləliklə, yuxarıda adı çəkilən üç ölkə arasında danışıqları Azərbaycana qarşı təhdid hesab etmək doğru olmasa da, bu daha geniş, qlobal miqyaslı iki layihənin rəqabəti olaraq dərk edilməkdədir. İstənilən halda nəqliyyat dəhlizinin reallaşması üçün təhlükəsizlik əsas şərtdir.

İran isə xüsusilə ən son, iyun ayındakı İsrail-ABŞ hücumları və qlobal sanksiyalar fonunda heç də təhlükəsiz keçid sayılmaz”.

Ş.Cəlilzadə vurğulayıb ki, Ermənistanın qlobal dəhlizlərin bir parçasına çevrilməsi onun Azərbaycanla razılaşması, qlobal Şərq-Qərb dəhlizinin yeganə çatışmayan parçası olan Zəngəzur dəhlizinin açılması kimi şərtlərin reallaşması, regional sülh və sabitliyə verdiyi töhfə ilə paralel şəkildə baş tuta bilər.

Nigar HƏSƏNLİ,
Musavat.com

Избранный
67
musavat.com

1Источники