RU

Epşteynin sirli kitabı açıldı - Tramp, Klinton və şahzadə Endryu haqda nə yazılıb?

ABŞ-da mərhum maliyyəçi və məhkum edilmiş pedofil Ceffri Epşteyn ətrafındakı qalmaqal yeni sənədlərin üzə çıxması ilə yenidən gündəmə gəlib. ABŞ Konqresinin Nəzarət Komitəsi Epşteynin əmlakına aid materialları, o cümlədən onun 50 illik yubileyi münasibətilə hazırlanmış “İlk 50 il” adlı kitabı yayımlayıb.

Ceffri Epşteyni həbsə aparan yol 2008-ci ilə təsadüf edir. Həmin ilin martında 14 yaşlı bir qızın valideynləri Florida polisinə Epşteynin “Palm Beach” evində qızlarını zorladığını iddia edib.

Araşdırmalar zamanı evin hər yerində qızların fotoşəkilləri tapılıb və Ceffri Epşteyn yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etməkdə təqsirli bilinib. Buna görə o, cinsi cinayətkar kimi qeydiyyata alınıb. Lakin sövdələşmə nəticəsində ağır həbs cəzasından xilas olub. 11 il sonra o, cinsi əlaqə üçün yetkinlik yaşına çatmayan qızların şəbəkəsini idarə etməkdə ittiham olunub. O, məhkəməni gözləyərkən həbsxanada ölüb. Epşteynin ölümünün intihar olduğu bildirilib. Bu iki cinayət araşdırması ilə əlaqəli istintaqçılar qurbanlar və şahidlərin dindirmələri stenoqramları və Epşteynin müxtəlif əmlaklarına basqınlar zamanı müsadirə edilmiş əşyalar da daxil olmaqla çoxlu sənədlər toplayıb.

2021-ci ildə Ceffri Epşteynin britaniyalı keçmiş sevgilisi Qisleyn Maksvell haqqında ayrıca araşdırma aparılıb. Araşdırma qızların seksual istismarı, qadın alveri etmə cinayətini əhatə edib. Maksvell işi ilə bağlı bir sıra sənədlər də ictimaiyyətə açıqlanıb. Orada bir neçə yüksək vəzifəli şəxsin adı çəkilir. Lakin onlar Epşteyn və ya onun tərəfdaşları haqqında yeni açıqlamalar ehtiva etmir.

Bu ilin əvvəlində Tramp vəzifəsini icra etməyə başlamasından həftələr sonra, Ədliyyə Departamenti və FTB məxfilikdən çıxarılan Epşteyn fayllarının ilk mərhələsini açıqlayıb. Bura Ceffri Epşteynin təyyarəsindən uçuş qeydləri və tanıdığı məşhur insanların adlarını ehtiva edən əlaqə kitabının redaktə edilmiş versiyası daxildir.

“Wall Street Journal”a görə, Epşteynlə bağlı yayılmamış sənədlərdə Trampın adı çəkilir və bu barədə may ayında baş prokuror Pam Bondi də danışıb. Qəzet qeyd edib ki, dosyelərdə Trampın adının hallanması qanunsuzluğa dəlil deyil. Nəşr edilməmiş sənədlərin məzmunu naməlum qalsa da, mövcud materiallarda Epşteynə bağlı olan bir sıra yüksək vəzifəli şəxslərin adı çəkilir. 2024-cü ildə məhkəmə sənədlərinin buraxılışında onlarla ad qeyd edilib. Açılan 900 səhifədə adı çəkilən şəriklər, dostlar və iddia edilən qurbanlar arasında Şahzadə Endryu, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və Maykl Cekson da var idi.

Həm keçmiş ABŞ prezidenti, həm də Britaniya kralı Epşteyn cinayətləri barədə hər hansı məlumatı inkar edir. Cekson 2009-cu ildə vəfat edib. Epşteynin yetkinlik yaşına çatmayan qızların cinsi istismar məqsədi ilə alverinə görə 20 il həbs cəzası çəkən keçmiş sevgilisi Qisleyn Maksvell tərəfindən tərtib edilən 238 səhifəlik albomda siyasətçilərin, məşhurların və nüfuzlu iş adamlarının qeydləri, ad günü arzuları və fotoları yer alır.

Sənədlər arasında ABŞ prezidenti Donald Trampın imzaladığı iddia edilən bir qeyd də var. Həmin qeyddə “Ad günün mübarək və hər gün başqa bir gözəl sirr ola bilər” sözləri yazıldığı bildirilir. Lakin Ağ Ev dərhal açıqlama yayaraq notanın saxta olduğunu, Trampın belə bir şey yazmadığını bəyan edib. İmzanın da Trampın orijinal imzasına uyğun gəlmədiyi vurğulanıb. Buna baxmayaraq, demokrat qanunvericilər sənədləri ictimailəşdirərək Trampı yalan danışmaqda və həqiqəti gizlətməkdə ittiham ediblər.

Respublikaçılar isə əksinə, Demokrat Partiyasını Epşteyn qalmaqalını siyasiləşdirməkdə günahlandırır. Kitabda Trampdan başqa keçmiş prezident Bill Klintonun da qeydləri var. Klintonun sözçüsü bildirib ki, o, Epşteynlə tanış olub, amma cinayətləri barədə xəbərsiz olub.

Böyük Britaniyanın keçmiş naziri və səfiri Lord Mandelson isə Epşteyni ən yaxşı dostum adlandırdığı yazı ilə gündəmə gəlib. Onun ofisi BBC-yə açıqlamasında Mandelsonun bu tanışlıqdan çoxdan peşman olduğunu bildirib.

Alboma düşən digər detallardan biri də naməlum qadının şahzadə Endryu, Klinton və Tramp ilə Epşteyn vasitəsilə tanış olduğunu yazmasıdır.

Qadın, həmçinin, Bukingem sarayının şəxsi məhəllələrini görmək və kraliçanın taxtına oturmaq kimi təcrübələrindən bəhs edir.

Epşteynin şəxsi ünvan kitabçası və 2007-ci ildə federal prokurorlarla imzaladığı təqib olunmamaq barədə saziş də açıqlanan sənədlərin içindədir. Bu sənədlərin yayılması ABŞ-da həm ictimaiyyət, həm də siyasi dairələrdə rezonans doğurub.

Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə həbsxanada müəmmalı şəkildə vəfat edib. Onun adı uzun illərdir pedofiliya, insan alveri və yüksək dairələrdəki əlaqələrlə bağlı qalmaqallarda çəkilir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
39
musavat.com

1Источники