Ekspert: “2030-cu ildən sonra metrolarda məsafəli ödənişin tətbiqini ehtimal etmək olar”
“Bakı Metropoliteni” QSC aylıq və birdəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir. Qurum sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur:
“Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları, digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.
Qeyd edək ki, yaşlı insanlar, uşaqlar, təqaüdçülər, tələbələr kimi qruplar üçün xüsusi güzəştlər tətbiq olunur. Belə differensiallaşdırılmış tariflər hər bir şəhərin iqtisadi vəziyyəti və əhalinin sosial durumunun öyrənilməsindən sonra müəyyən edilir. Bu, dünya təcrübəsində geniş yayılmış normal bir praktikadır.
Məsələn, Böyük Britaniya, Londonda ictimai nəqliyyat tarifləri diferensiallaşdırılıb. Burada sutkanın saatlarına, getdiyin əraziyə və zonalara görə qiymətlər dəyişir. Çin şəhərlərində (Pekin, Şanxay, Qvanqçjou) tariflər məsafəyə uyğun mərhələlərlə artır: məsələn, Pekində 6 km-ə qədər 3 yuan, hər əlavə məsafəyə isə 1-2 yuan əlavə olunur. Helsinki ictimai nəqliyyatı zonalara bölüb: A zonası üçün 3.20 avro, A-C zonaları üçün isə 4.40 avro ödənilir.
Berlin və Parisdə həm zonaya, həm də məsafəyə əsaslanan kombinə edilmiş model tətbiq olunur.
Sidneydə məsafəyə əsaslanan ödənişlə yanaşı, həftəlik üst limit tətbiq edilir ki, sərnişin çox gediş etsə də, müəyyən həddən artıq pul ödəməsin.
Xatırladaq ki, Azərbaycanda metroda gedişhaqqı 50 qəpikdir. Bu məbləğ hər stansiyaya görə necə dəyişə bilər? Yaxın məsafə üçün 50 qəpikdən ucuz olması, uzağa daha da artması mümkündürmü?
50 qəpiklik sabit tarif dəyişərsə, Bakı sakinlərinin büdcəsi necə təsirlənəcək? Dünya təcrübəsi göstərir ki, belə sistemlər adətən ədalətli hesab olunur. Amma Azərbaycanın sosial reallıqları nəzərə alınmadan tətbiq edilərsə, bu, əks reaksiyalara səbəb ola bilər.
Rauf Ağamirzəyev
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, metro seqmentində məsafəli ödənişin tətbiq edilməsi yaxın zamanlarda gözlənilmir: “Bu, gələcəkdə gündəmə gəlməli olan mövzudur. Hazırda bu məsələ o qədər də aktual deyil. Çünki metro şəbəkəsinin indi yetərincə çağırışları var. Yeni dövlət proqramı təsdiq olunub, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinin qarşısında görüləcək işlərlə bağlı öhdəlik qoyulub. Biz bu işlərin ilkin mərhələsini artıq müşahid edirik. “Dərnəgül” deposunun birinci mərhələsinə start verilib, bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Xətlərin ayrılması layihəsinə gələn ilin əvvəlindən başlanılacaq və ilin sonuna kimi təhvil veriləcək. İlin sonunda isə fərqli istiqamətdə elan olunmuş yeni xətlərin tikintisinə start veriləcək. 2030-cu ilə qədər bu işlər görülməlidir. 10-11 yeni stansiyanın tikilməsi, xətlərin ayrılması və 3 müstəqil xətdin qısa intervalla hərəkəti təmin olunur. Əgər hazırda metro seqmentində 640 min arası günlük sərnişin qrafiki varsa, düşünürəm ki, 800 min və ya 1 milyona qədər artması gözlənilir".
Ekspertin sözlərinə görə, 2030-cu ildən sonra metrolarda məsafəli ödənişin tətbiqini ehtimal etmək olar: “İndiki vəziyyətdə onsuz da "Bakı Metropoliteni"nin görəcəyi işlər var. Bu işlər görüləndən, sərnişin axını parçalanandan və minumum intervalla hərəkət təmin ediləndən sonra qiymət məsələsi yerinə düşər. Hazırda isə məsafəyə görə qiymətin tətbiqi real deyil.
Böyük şəhərlərdə ictimai nəqliyyatın səmərəli təşkili üçün subsidiyalaşdırma geniş şəkildə tətbiq olunur. Bunun üçün əsas mexanizmlərdən biri isə “Brutto müqavilə”lərə keçiddir. “Brutto” modelinin əsas xüsusiyyəti hər kilometrə görə dövlət subsidiyasının ayrılmasıdır. Bu, həm avtobus, həm də metro seqmentində tətbiq oluna bilər və nəticə etibarilə bir çox vacib məsələlərin həllinə imkan yaradır. Bununla gündəlik, həftəlik, aylıq, üç, altı və 12 aylıq abunə biletləri, tələbələr, təqaüdçülər, əlillər və Vətən müharibəsi iştirakçıları üçün güzəştli və ya pulsuz keçidlər, müxtəlif nəqliyyat növləri arasında müəyyən vaxt aralığında pulsuz keçid sistemləri tətbiq oluna bilər. Bu model sərnişinlər üçün həm rahatlıq, həm də maliyyə baxımından qənaəti təmin edir. Bu model daşıyıcılara sabit gəlir imkanı yaradır və xidmət keyfiyyətinin yüksəldilməsi üçün motivasiya verir".
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli deyir ki, ictmai nəqliyyatda şəhərdaxili məsafəyə görə fərqli qiymətlər təyin edilməlidir. Onun sözlərinə görə loyal müştərilərə də güzəştlər edilməlidir: “Daha çox istifadəçiyə daha çox güzəştlər edilməlidir. Böyük şəhərlərdə, aylıq, rüblük, illik bilet qiymətləri fərqli olur. Bu bizdə də tətbiq edilməlidir. Tələbə ictimai nəqliyyatdan daha çox istifadə edirsə, illik kart alsın. İllik kart təbii ki, limitsiz istifadə hüququ verəcək. Bu zaman bir istifadədə xərc aşağı düşə bilər. Lakin istənilən halda metroda və avtobuslarda gediş haqlarının 50 qəpikdən aşağı düşməsini gözləmirəm.
Sistemi əziyyətli də olsa, dəyişmək lazımdır. Məsafəyə görə fərqli şərtlər daxilində ödəniş tələb etmək olar. Mən diferensiallaşma olmalıdır ki, gələcəkdə daha ədalətli qiymətlər olsun. Yaxın məsafə üçün indikindən daha aşağı qiymət olmayacaq. İslahatlar aparılmasa, ictimai nəqliyyatda yenidən qiymət artımın şahidi olacağıq".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”