RU

Çen Dongxiao: Dünya tədricən Qərb mərkəzli modeldən çoxqütblü nizamata doğru irəliləyir

Bakı, 9 sentyabr, AZƏRTAC

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun önəmi özünü, ilk növbədə, dialoq imkanlarında göstərir. Bərabər və səmimi ünsiyyət qlobal qeyri-sabitlik dövründə xüsusilə vacibdir. Dünyada multilateralizmə qarşı artan skeptisizm müşahidə olunur və yeni konsensusun qurulmasına ehtiyac var. AQEM bu istiqamətdə mühüm platformadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti Çen Dongxiao Bakıda Beyin Mərkəzləri Forumunun 13-cü iclasınının açılışında söyləyib.

O qeyd edib ki, AQEM-in Asiya qitəsini bütövlükdə əhatə etməsi böyük üstünlükdür. Qazanılan bilik və təcrübə yalnız regional əməkdaşlıq üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün dəyərli töhfədir. Forum isə bu bilik mübadiləsinin əsas meydanıdır.

“Təbii ki, çətinliklər də mövcuddur. Regionun bir çox ölkəsi təhlükəsizlik, inkişaf və idarəetmə çatışmazlıqları ilə üzləşir. Dialoq anlayışı və empatiya yaratsa da, bəzən fundamental fərqləri aradan qaldırmağa yetmir. Buna görə biz daha yaradıcı düşünməli, yeni yanaşmalar inkişaf etdirməliyik. Qarşıda isə böyük imkanlar dayanır. Dünya tədricən Qərb mərkəzli modeldən çoxqütblü nizamata doğru irəliləyir. Asiya ölkələri bu transformasiyanın əsas aparıcı qüvvəsidir və qlobal modernləşmə prosesində mühüm rol oynayır. Bu şəraitdə AQEM-in Beyin Mərkəzləri Forumunun rolu daha da artacaq”, - deyə Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti əlavə edib.

O sonda vurğulayıb ki, forumda müzakirə edilən məsələlər, yəni inkişaf və təhlükəsizlik, yaşıl və rəqəmsal keçidlər, təchizat zənciri dayanıqlılığı və regional əlaqə yalnız əməkdaşlığın möhkəmlənməsinə deyil, həm də gələcək üçün ümumi baxışın formalaşmasına xidmət edir.

Избранный
21
3
azertag.az

4Источники