RU

Sürətin 9-cu zirvəsi

Bakı növbəti dəfə "Formula-1" azarkeşlərinin diqqətini çəkir

Bakı sayca 9-cu dəfə möhtəşəm bir tədbirə - "Formula-1" Azərbaycan Qran-prisinə evsahibliyi edəcək. Sürətsevərlər sentyabrın 19-21-də keçiriləcək yarışda planetin ən güclü 10 komandası və 21 pilotun əzmkar mübarizəsinin şahidi olacaqlar. Yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər "Formula-1" treklərindən seçilir. 

Şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin növbəti dəfə qeydə alınacağı gözlənilir. 

Bakısız təsəvvür edilməyən "Formula-1"

Bakı küçələri 2016-cı ildən bəri 306 yarış dövrəsi boyu çoxlu hadisələrə şahidlik edib. Dramatik hadisələr, trekdə qəzalar, partlayan təkərlər, bəzən aqressiya ilə müşahidə olunan qalibiyyət və məğlubiyyətlər Bakı üçün xarakterikdir. Son yeddi yarışda qalib gəlmiş yeddi fərqli pilot eyni zamanda yarışın ən sürətli dövrəsinə imza atıb. İndiyədək Bakıda azarkeşlər bir çox hadisələrə - trek insidentlərinə, təkər partlamalarına, çoxsaylı qırmızı bayraqlara və təhlükəsizlik maşınlarına şahid olublar. Bundan əlavə, yarışlardan yalnız birində hər dövrəyə liderlik edən bir lider pilot olub. Orta hesabla, hər il keçirilən Azərbaycan Qran-prisində yarış boyu ilk üç pilot liderlik üzrə mübarizəyə qoşulub. Daha gərgin liderlik mübarizəsi ilə yadda qalan 2021-ci il yarışında isə bu rəqəm beşə yüksəlib.

Artıq dünyadakı "Formula-1" həvəskarları bu yarışı Bakısız təsəvvür etmirlər. Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası isə bu yarışlarda özünəməxsusluğu ilə seçilir. Trekin uzunluğu 6 kilometrdən bir qədər artıqdır.  Bu, uzunluğuna görə dünyada ikincidir.

Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası ətrafındakı tribunaların sayı 9-dur. Bunlar "Abşeron", "Azneft", "Muğam", "Sahil", "İçərişəhər", "Qız qalası", "Bulvar", "Xəzər" və "Filarmoniya" tribunalarıdır. Müşahidələrimizə əsasən əminliklə söyləyə bilərik ki, hazırlıq işləri ən yüksək səviyyədə görülməkdədir. Həmçinin ayaqüstü zonalar üçün də bilet satışı həyata keçirilir. Ümumi tamaşaçı tutumu (ayaqüstü zonalar daxil olmaqla) 30 minə yaxındır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində yerləşir. Ən ensiz hissəsi isə 7,6 metrdir (Qoşa qala divarlarının yanı).  Start xətti Azadlıq meydanında, finiş xətti isə Abşeron tribunasının qarşısında təyin olunan trekboyu döngələrin sayı 20-dir.

Onu da qeyd edək ki, quraşdırılan tribunalar elə yüksək səviyyədə hazırlanıb ki, daim istifadədə olsa belə, dağılıb sıradan çıxmır. Bu mötəbər yarışın yüksək səviyyədə KİV-də işıqlandırılmasına təcrübəli müxbirlər və fotomüxbirlər cəlb edilib. Beləliklə, dünyanın ən böyük informasiya alyansları, eləcə də ölkəmizin xəbər agentlikləri Bakıda keçiriləcək "Formula-1" yarışı barədə xəbərləri dünyaya yayacaqlar.

İlklər unudulmur 

Ölkəmizin sayca 9-cu dəfə evsahibliyi edəcəyi, cari mövsümün 17-ci mərhələsi olacaq "Formula-1"in artıq dünyada Azərbaycan modeli yaranıb. 2016-cı ildən etibarən ölkəmizdə keçirilən "Formula-1" Qran-prisi  həm ölkəmizin tanıdılmasına, həm də iqtisadiyyatın inkişafına böyük töhfə verib. Sürət yarışı Azərbaycanın görməli və tarixi yerlərinin, istirahət-kurort imkanlarının, mükəmməl mətbəx və gözəl təbiətinin təbliğində, eləcə də ölkənin xidmət sektorunun inkişafında müsbət rol oynayıb.

"Formula-1" yarışlarının Azərbaycanın paytaxtında keçirilməsi ilə bağlı FOM (Formula One Management) ilə danışıqlar 2013-cü ildə başlanıb və 2014-cü ilin martında ilkin müqavilə imzalanıb. Azərbaycanda Qran-prinin təşkili ilə dövlət səviyyəsində məşğul olublar. Bu da layihənin statusunu və onun ölkə üçün əhəmiyyətini göstərir. İlk dəfə 2016-cı ildə paytaxtımızda keçirilən "Formula-1" Avropa Qran-prisinin Bakı mərhələsi yeniliklə yadda qalıb. Bu, sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırıldı. 10 pilot 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdi. Yeni qaydaya görə isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub.

Etiraf edək ki, idmanın bu növünün özünəməxsus azarkeş ordusu olsa da, "Formula-1" ölkəmiz üçün yenidir. Azərbaycan Qran-prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin uğurlu təbliğat kampaniyası ölkəmizdə "Formula-1" idmanını sevənlərin sayını artırıb. Azərbaycanın təbliğini qarşıya məqsəd qoyan Əməliyyat Şirkəti turistlərin ölkəmizə cəlb edilməsinə nail olub. Ölkəmizdə keçirilən son 8 yarış ərəfəsində paytaxtda hotellərin dolu olması yarışın iqtisadi baxımdan mühüm rol oynadığını nümayiş etdirib. Auditoriyasına görə futbol üzrə dünya çempionatından və Olimpiya Oyunlarından sonra üçüncü yerdə olan "Formula-1" yarışına evsahibliyi etmək, ilk növbədə, ölkənin qüdrətindən xəbər verir.

İngiltərədən Azərbaycanadək

"Formula-1"  yarışlarının yaranma tarixi XX əsrin 20-30-cu illərini əhatə edir. Həmin illər təşkil olunan Avropa Qran-pri turnirləri qısa müddət ərzində böyük marağa səbəb oldu. Lakin II Dünya müharibəsinin başlaması ilə bu yarışlara da fasilə verildi. Yalnız müharibədən sonra yenidən aktiv fəaliyyətə başlayan FİA, formula yarışlarına  yeni qaydalarla start verdi.

Bu növ üzrə ilk rəsmi dünya çempionatı isə 1950-ci il mayın 13-də, İngiltərənin Silverstoun trekində təşkil olundu. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə apardı. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci gələn "Alfa Romeo"nun italiyalı pilotu Cüzeppe Nino Farina "F1" yarışının ilk qalibi kimi tarixə düşdü. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio oldu. Lakin sonralar X.M.Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxdı. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951-ci, 1954-cü, 1955-ci, 1956-cı və 1957-ci illərdə) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman vermədi. 

Hər il "Formula-1" üzrə dünya çempionatı çərçivəsində Qran-pri adlanan bir neçə mərhələ yarışı keçirilir. Bu mərhələlər müxtəlif ölkələrdə, o cümlədən Avstraliya, Monako, Bəhreyn, İspaniya və bir çox başqa ölkələrdə təşkil edilir. 

Dünyada geniş tamaşaçı auditoriyasına malik bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunları və futbol üzrə  dünya  çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan "Formula-1" Qran-priləri bir zamanlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanın dörd bir tərəfində təşkil edilir. "Formula-1"də qələbə uğrunda komandalar və heyətində pilotlar mübarizə aparır. Hər komandada iki pilot və buna müvafiq olaraq iki bolid olmalıdır. Mövsüm boyu keçirilən "Formula-1" Qran-pri yarışlarında ən çox xal toplayan pilot dünya çempionu olur. 

Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunikasiya imkanları hər zaman həlledici rola malikdir. Bir çox ölkələr beynəlxalq tədbirlərə evsahibliyi etmək üçün rəqabət aparır, yarış və tədbirlərin ev sahibləri 5-10 il sonra üçün belə müəyyən olunur. Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.

Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edib. Böyük miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Eyni zamanda belə tədbirlər ölkəmiz, dövlətimiz üçün müəyyən dividendlər gətirir.

Elçin CƏFƏROV,

"Azərbaycan"

Избранный
108
azerbaijan-news.az

1Источники