RU

Ədaləti bərpa edən LİDER

Təbiət də ədalətsizliklərə dözmür!

Öz gücü və imkanları ilə, özünəməxsus  şəkildə  "xəbərdarlıq"larını edir:

* Meşələr od  tutub yanır, insanlar günlərlə, həftələrlə çalışsalar da, söndürə bilmirlər!

* Bir-birinin ardınca  zəlzələlər baş  verir,  yer insanların ayağının altından qaçır!

* Sönmüş vulkanlar  yenidən  alovlanaraq  yerə, göyə  od püskürürlər!

* Güclü  küləklər, tufanlar ağacları qırır,  evlərin damını  götürüb aparır,  sunamilər yaradırlar!

* Leysan yağışları  sellərə çevrilərək, bütöv kəndləri yuyub aparır, yaşayış məntəqələrini  su  altında qoyur, qarşısına çıxan evləri, körpüləri dağıdaraq çaylara qovuşdururlar!

Lakin yenə baş verənlərdən  zəruri nəticələr çıxarmaq istəyənlər  azdır!

Pul  hərisliyi, vəzifə düşkünlüyü səlahiyyət sahiblərinin  gözlərini bağlayır, həqiqəti görmələrinə, ədalətli, doğru qərarlar çıxarmalarına imkan  vermir.

Ötən  dövrün  təcrübəsi göstərir ki,  ədalətsizliklərlə bacarmağın, haqqını təmin etməyin  bircə  yolu var:

Güclü olmalısan!

Belədə ədaləti də təmin edə  bilirsən,  səninlə hədə-qorxu dili ilə danışanların cavabını da lazımınca verərək yerində  oturdursan!

Bəs güclü olmağın yolu nədir?

***

Dünyada Birləşmiş Millətlər Təşkilatı adında  bir qurum var!

İki yüzədək dövlət ona üzv olaraq  dünyanın  problemlərini, öz problemlərini birlikdə, birgə güc və imkanlar hesabına  həll  edəcəyini  düşünür.

BMT-ni daha çevik idarə etməkdən  ötrü  Təhlükəsizlik  Şurası  adlı üst qurum da  yaradıblar.

Təhlükəsizlik Şurasına  beş daimi üzv  rəhbərlik  edir.

Onların hər biri həlledici səsə malikdir, BMT-nin bütün qərar və qətnamələrinə veto - yəni qadağa qoymaq  hüququndadırlar.

Yaradılandan belə qaydada çalışan bu qurum yaratdığı qaydanın artıq girovuna çevrilib.

Çünki BMT Təhlükəsizlik Şurasının  daimi üzvləri bir-biriləri ilə yola getmirlər, nadir hallarda ortaq məxrəcə gəlirlər.

Bəzən də əvəz-əvəzə gedirlər:  sən mənim istədiyimə veto qoydun, mən də sənin istəyinin  reallaşmasına imkan verməyəcəyəm!

Beş dövlətin dünya ilə bağlı  taleyüklü qərarların qəbulunda söz sahibi rolunu oynamasının özü ədalətsizlikdir!

Çünki həmin dövlətlər hər dəfə səsvermədə öz maraqlarını, subyektiv mövqelərini əsas götürürlər!

Həm də burada dünyanın bütün qitələrinin, digər dinlərinin nümayəndələri  təmsil olunmayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bu məqamı nəzərdə tutaraq dəfələrlə iradını bildirib: 

"Dünya beşdən böyükdür!"

Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edərkən deyilən məqamları nəzərdə tutaraq cəsarətli təklif irəli sürdü:

"BMT-də əsaslı islahatların  vaxtı çatmışdır!"

Lakin həmin beş dövlət  öz təsir imkanlarını əldən vermək, hakim mövqelərini başqaları ilə bölüşmək fikrində deyil.

Odur ki, BMT ən böyük qurum sayılsa da,  beynəlxalq hüququn müdafiəçisi  imicini formalaşdırsa da, əslində, məhdud maraqlara və kimlərinsə kimlərə  qarşı təsir və təzyiq vasitəsinə çevrilmiş təşkilat kimi qalmaqdadır!

Bunu biz həm də otuzillik  təcrübəmizdə yəqin etmişik!

Ötən əsrin doxsanıncı illərində BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının  Ermənistan tərəfindən işğalına dair dörd qətnamə qəbul etdi.

Həmin qətnamələrdə Ermənistanın bütün növ hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması tələb olunurdu.

Lakin məşhur Azərbaycan məsəlində deyildiyi kimi,  BMT-nin  oxuduğu duaya erməni donuzu məhəl qoymadı!

BMT də öz qətnamələrinin havadan asılı qalmasına dözdü, sözdən o  yana keçmədi!

Avropa İttifaqı və AŞPA da  qərar və qətnamələr  qəbul etməklə məşğuldurlar.

Beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsinə  xidmət etməli olan bu qurumların  fəaliyyətində isə  iki cəhət özünü qabarıq göstərir:

Əvvəla, bu qurumlar ikili standartlar, ikili yanaşma ilə işləyirlər!

İkincisi, onların qəbul etdikləri ədalətsiz sənədlər əksər halda havadan asılı qalaraq mənasız kağız parçalarına çevrilir.

Üzvlər arasında lobbiçilik  pərdəsi altında korrupsiya və rüşvətxorluq kök saldığından, hətta dəfələrlə  qurumun üzvləri  korrupsiya cinayətlərinə görə məhkum olunduqlarından  nüfuzdan düşərək  dişsiz təşkilata çevrilmişlər.

Əslində, beynəlxalq təşkilatlar ikili standartlar və korrupsiya  bataqlıqlarında  boğulduqlarından, üstəlik, güclülərin əlində  zəiflərə qarşı təzyiq və təhdid alətinə çevrildiklərindən onlardan hansısa  problemin həllini gözləmək mənasızdır...

Bütün bu deyilənlərə ən bariz nümunə kimi ATƏT-in Minsk qrupunu göstərmək olar.

Bu qurum  məhz  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə  həlli üçün  yaradılmışdı.

*  Otuz il müddətində  münaqişə tərəfləri olan  hər iki dövlətə saysız-hesabsız səfərlər keçirdilər.

* Hər dövlətin rəhbərləri ilə ayrıca,  dəfələrlə müxtəlif ünvanlarda birgə görüşlər keçirdilər.

* Nə qədər bozbaş yeyib, tut arağı içdilər!

* Danışıqlarda bir addım irəliləyiş olmadı!

* Bir qarış torpaq belə sülh yolu ilə azad edilmədi!

Əksinə, Azərbaycanı daim güzəştə getməyə, torpaq itkisi ilə barışmağa  razı salmağa çalışdılar.

Bu, mümkün olmadıqda isə sülh danışıqlarını sonsuzadək uzatmaq yolunu tutdular.

Azərbaycana yeni nəsil gələcəkdi, yeni rəhbərlik  guya "de fakto"nu "de yure" kimi tanıyacaqdı!

Bu qurumu yaradanlar da,  həmsədr dövlətlər də, əslində,  erməni maraqlarından çıxış edərək, erməni mövqeyini müdafiə edirdilər. 

MƏSƏLƏN:

Rusiya münaqişə başlayandan onun sonunadək Qarabağdakı separatçılara müxtəlif formada dəstək verib:

* Ermənistanın silahlanmasına göz yumub, hətta özü ona iki dəfə, hər dəfə  bir  milyard  dollarlıq  havayı silah-sursat verib.

* Rus hərbçiləri  erməni terrorçu dəstələrinin, qeyri-qanuni hərbi birləşmələrinin təminatçılarına və müdafiəçilərinə çevriliblər, Xocalı soyqırımında fəal iştirak ediblər.

* Rusiya sülhməramlı kontingenti isə sülh yaratmağa yox, terrorçu dəstələrinin qorunmasına, təmin və təchizatının aparılmasına xidmət edib.

* Məhz  Rusiya ordusunun sayəsində  Laçın dəhlizi xəyanət yoluna çevrilib.    

* Azərbaycana düşmən münasibəti bəsləyən ünsürlər bu yolla  Qarabağa gəlib-gedib,  torpaqların işğalda qalmasına  dəstək veriblər.

ATƏT-in həmsədr dövləti Fransa hələ Minsk qrupuna daxil ediləndə obyektiv və bitərəf olacağına söz vermişdi.

* Makronun prezidentliyi dövründə Fransa nəinki bitərəf və obyektiv oldu,  əksinə, Azərbaycana qarşı düşmənçiliyi pik həddinə çatdı!

* Prezident seçkilərində ermənilərin verdikləri səsə görə onlara borclu qalan Makron erməni diasporunun çaldığı bütün havalara oynadı.

* Fransa parlamenti Azərbaycana qarşı qərəzli qətnamələrin qəbulu mərkəzlərindən birinə çevrildi.

* Məhz  Fransanın təşəbbüs və təkidi ilə Aİ-yə  məxsus casus şəbəkəsi  Ermənistan-Azərbaycan sərhədində yerləşdirildi və bu günədək də casusluqla məşğuldurlar.

* Bütün bunlar azmış kimi, Fransa sülh prosesinə böyük maneələr törədərək Ermənistanı  sürətlə silahlandırır, erməni ordusu ilə birgə təlimlər keçirir.

ATƏT-in digər həmsədr dövləti olan ABŞ də  ermənipərəst mövqeyi ilə fərqlənib.

* ABŞ  Konqresi  erməni diasporunun təsiri, ayrı-ayrı konqresmen və senatorların aldıqları  rüşvət əvəzində çıxarılan ədalətsiz qərarların məskəninə çevrilmişdir.

* Torpağı işğala məruz qalan  Azərbaycana qarşı çıxarılan 907-ci düzəliş ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin necə "obyektiv və ədalətli" olmasından xəbər verir.

* Baydenin prezidentliyi dövründə ABŞ ilə Ermənistan arasında imzalanan strateji əməkdaşlıq müqaviləsi isə  ermənipərəstliyin  pik nöqtəsinə çevrildi!

Azərbaycan bütün bunlara dözdü, duruş gətirdi, heç zaman işğalla barışmadı, bir qarış torpağından belə əl çəkmədi!

Özü istəmədən belə  bu siyasi oyunların iştirakçısına çevrildi!

Həm Ulu Öndər Heydər Əliyev,  həm də Prezident İlham Əliyev  yaxşı bilirdilər ki, ATƏT-in Minsk qrupu heç zaman ədaləti bərpa edərək Azərbaycan torpaqlarını dinc yolla  geri qaytarmayacaqdır! 

Lakin sülh danışıqlarından,  sülh yolundan da  imtina etmək olmazdı!

O zaman  bədxahlarımız  və düşmənlərimiz bundan istifadə edər, Azərbaycanı aqressiv  dövlət kimi tanıdaraq ona qarşı sanksiyalar tətbiq edərdilər.

Azərbaycan ən doğru olanını etdi:

* İqtisadi cəhətdən  güclənməyə nail oldu!

* Beynəlxalq nüfuzunu artırdı, beynəlxalq təşkilatlarda fəaliyyətini gücləndirdi, özünə xeyli dost qazandı!

* Yeni gənclər nəsli tərbiyələndirərək  onların da iştirak etdikləri güclü və müasir ordu yaratdı, onu ən müasir silahlarla silahlandırdı!

İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi, nəyi nə vaxt və necə həll etmək məharəti sülhün və ədalətin silah gücünə bərqərar olmasına şərait yaratdı!

***

Cənab İlham Əliyev ATƏT-in Minsk qrupunun  heç nəyə yaramadığını  və heç nəyə nail olmayacağını dəqiq bilsə də, heç zaman danışıqlar prosesindən imtina etmədi.

Qüdrətli ordu yaratdıqdan sonra əlverişli məqamın yetişməsini gözlədi.

Havadarlarına və müdafiəçilərinə arxayın olan Ermənistan isə artıq özünü işğal etdiyi Azərbaycan torpaqlarının ağası kimi aparırdı.

Özgə torpaqlarında yaratdığı qondarma "dqr"də vaxtaşırı qanunsuz prezident seçkiləri keçirir, saxta parlamentin fəaliyyətini davam etdirirdi!

Get-gedə quduraraq cızıqlarından çıxır, həyasızlıqlara  əl atırdılar.

Artıq separatçı qurum üçün  Şuşada yeni parlament binası inşa etdirir, Azərbaycanın mədən-qazıntı yataqlarından çıxarılan sərvətləri gecə-gündüz daşıyaraq mənimsəyirdilər.

Azğınlıq və hədsizlik elə bir nöqtəyə gəlib çatdı ki,  Ermənistanın yeni rəhbəri N.Paşinyan Xankəndidə içib sərxoş olaraq "Qarabağ  Ermənistandır  və nöqtə" söyləyərək  bütün sülh danışıqlarını mənasız etdi.

Ədalətin zor ilə bərpasından  başqa yol qalmadığını gözəl bilən cənab İlham Əliyev yenə də tələsmədi, səbir və təmkinlə hərəkət etdi!

Əvvəlcə Soçidə keçirilən Valday Beynəlxalq Diskussiya Klubunda, sonra isə  Münhen Təhlükəsizlik  Konfransında çıxış edərək və Paşinyanla  debata girərək Ermənistanın qudurğan hərəkətinin yanlışlığını  və yolverilməzliyini  bir daha dünya ictimaiyyətinə  çatdırdı.

Sonra Ermənistanın  daha ciddi səhvlərə yol verərək yanlış addımlar  atmasını gözlədi!

N.Paşinyan havadarlarının və dəstəkçilərinin müdafiəsindən ruhlanaraq  hədə-qorxu yolunu tutmuşdu.

Aprel müharibəsinin  gedişindən və nəticələrindən heç bir dərs götürmədi!

* Artıq həddini aşanları cəzalandırmaq zamanı  çatmışdı!

*  Artıq ədalətin  silah gücünə bərpası məqamı çatmışdı!

*  Artıq Azərbaycanın özünün güc və qüdrətindən istifadə vaxtı yetişmişdi!

İlham Əliyev azğınlaşmış düşməni cəzalandırmaq üçün çoxdan həsrətlə gözlədiyimiz  "İrəli!" əmrini verdi!

***

Azərbaycan müharibəni təkcə sürətlə deyil, həm də məharət və ləyaqətlə apardı!

Yeni strategiya və taktikaya, habelə ən yeni texnologiyaya  əsaslanan  müasir  silahlar tətbiq etdi.

Düşməni taktiki cəhətdən üstələyərək onun əsas qüvvələrinin mərkəzdə  cəmləşdirilməsinə nail oldu,  özü isə sərhədboyu irəliləyərək Şuşanı ələ keçirməklə həmin əsas qüvvələrini mühasirəyə  aldı.

PUA-larla endirilən dəqiq zərbələr, xüsusi təyinatlıların və komando qüvvələrinin cəsarət və peşəkarlıqları düşmənin canına vahimə və qorxu  saldı, onları  silah-sursatlarını, hərbi texnikalarını ataraq qaçmağa vadar etdi.

Ermənilər öz murdarlıqlarını bir daha göstərərək döyüş bölgələrindən yüz kilometrlərlə uzaqda yerləşən yaşayış məntəqələrini - Gəncə, Tərtər, Bərdə, Goranboy şəhərlərini ballistik raketlərlə vurdular, qadağan edilmiş fosforlu və kasetli bombalarla  atəşə tutdular, dinc əhali arasında böyük tələfatlar yaşatdılar.

Azərbaycan öz ləyaqətini itirmədi, hərbi əməliyyatlar dövründə, habelə lokal xarakterli antiterror tədbirləri keçirərkən bir nəfər belə mülki vətəndaşa və obyektə xətər toxundurmadı.

Ərazilərimizi könüllü surətdə tərk etmək istəyən Ermənistan vətəndaşlarına təhlükəsiz şərait yaratdı,  ölkəmizdən çıxmalarına  heç bir maneə törətmədi.

"Dəmir yumruq" sürətlə və məharətlə işlədi, "məğlubedilməz" Ermənistan ordusunu  44 gündə məhv etdi,  düşməni qarşısında diz çökdürərək kapitulyasiya aktını imzalatdırdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyev  heç bir dövlətin  edə bilmədiyini qısa zaman ərzində həyata keçirdi:

* 44 gün ərzində otuzillik işğala birdəfəlik son qoydu!

* Sonra yenə təmkinlə davrandı.

* 2023-cü ilin aprelində Azərbaycanın ərazi bütövlüyünə nail oldu!

* 2023-cü ilin sentyabrında isə Dövlət suverenliyini və Konstitusiya  əsaslarını təmin etdi!

Beləliklə, ölkə ərazisində  separatizmin kökünü  birdəfəlik kəsdi, bir nəfər belə separatçı qalmasına yol vermədi!

***

Sülhyaratma prosesində də Müzəffər Ali Baş Komandan İlham Əliyev  müdriklik və uzaqgörənliklə  hərəkət edir.

Ermənistanın dostları və havadarları dəridən-qabıqdan çıxaraq vasitəçilik  missiyasını yerinə yetirməyə can atır, uduzulanların əvəzini sülh müqaviləsi şərtlərinin tərtibi zamanı çıxmağa  can atırdılar.

Cənab İlham Əliyev bütün bu səylərə, canfəşanlıqlara son qoydu, erməni maraqlarının təmsilçilərini  danışıqlar prosesindən tamamən kənarlaşdırdı!

Həm də sübut etdi ki, vasitəçilərsiz danışıqlarda  daha sürətli nəticələr qazanılır!

Bunu  Azərbaycana məxsus  dörd kəndin sülh yolu ilə  qaytarılması,  habelə delimitasiya və demarkasiya  proseslərində qazanılan nəticələr də sübuta yetirirdi.

Prezident  İlham Əliyev ilk günlərdən irəli sürdüyü bütün şərtlərin yerinə yetirilməsində qətiyyət və əzmkarlıq göstərərək öz istəklərinə tələsmədən nail olur!

Vaşinqton  görüşləri də deyilənləri bir daha təsdiq edir!

***

Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər müharibəsində əldə etdiklərinin digər bir hissəsinə sülh və dostluq yolu ilə, həm də dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidenti Donald Trampın iştirakı və dəstəyi ilə keçirilən görüş və razılaşmalarda  mühüm sənədləri imzalamaqla nail olur. 

İlham Əliyevin avqustun 8-də ABŞ-də  Ağ Evdə Donald Trampla keçirilən görüşü üç mühüm istiqaməti ilə yadda qaldı:

Birinci, Azərbaycan ilə ABŞ arasında  ikitərəfli, dövlətlərarası münasibətlərdə yeni tarixi mərhələnin başlanmasıdır.

Razılaşmaya və imzalanan memoranduma əsasən, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası hazırlanaraq  qəbul ediləcəkdir.

Bu, Azərbaycan üçün tarixi  nailiyyətdir!

Strateji tərəfdaşlıq formatı bir çox vacib sahəni - qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit,  süni intellekt, müdafiə sahəsində kontraktlar və  terrorizmlə  mübarizəni əhatə edir.

İkincisi, Beynəlxalq  Sülh və Rifah Naminə Tramp Marşrutunun yaradılması - başqa sözlə, Zəngəzur dəhlizinin (TRIPP) ABŞ vasitəsilə açılmasıdır.

Bu, Ermənistanın müxtəlif vasitə və bəhanələrlə boyun qaçırdığı və Azərbaycanın israrlı olduğu - Azərbaycandan-Azərbaycana sərbəst hərəkət yolunun da işə salınması deməkdir.

Donald  Trampın məsələyə şəxsən müdaxiləsi həm də  kənarda dayanaraq mane olmaq istəyənlərin  yerində oturdulması deməkdir!

"Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin  təsis edilməsinə dair  Saziş"  layihəsinin  paraflanması  isə ən vacib sənədlərdən biri idi.

Əvvəla, saziş layihəsində Azərbaycanın prinsipial mövqeyi və dəyişməz şərti əksini tapmışdır.

İkincisi, D.Trampın şahidliyi ilə imzalanan bu sənədin icra edilməməsi mümkün deyil, əks halda ABŞ Prezidentinə  hörmətsizlik kimi qiymətləndiriləcəkdir.

Vaşinqton görüşündə Azərbaycan və ABŞ dövlət başçılarının bir-birilərinə qarşılıqlı hörmət və əməkdaşlıq istəklərindən də bəhrələnən bir neçə addım atıldı.

Əvvəla, ABŞ Prezidenti D.Tramp  münasibətlərin inkişafında əngələ çevrilən  907-ci düzəlişin fəaliyyətini dondurdu.

ATƏT-in Minsk qrupunun (həmsədr dövlətlərindən biri də ABŞ-dir)  bağlanmasına dəstək verdi və beləliklə, tədbirdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə məktub imzalayıb göndərdilər.

Ağ Evdə mətbuata  bəyanatla çıxışında  Azərbaycan  Prezidenti İlham Əliyev dedi: "Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq".

Cənab İlham Əliyev hələ əvvəllər də dəfələrlə Donald Trampın ABŞ-nin müharibə  başlatmayan  prezidenti olduğunu qeyd etmişdi.

Bu dəfə isə onun sülhpərvər missiyasının layiqincə qeyd olunması üçün Paşinyanla birgə  Nobel Sülh Mükafatları  Komitəsinə  məktub göndərilməsi barədə təşəbbüs irəli sürdü.

D.Tramp Azərbaycan Prezidentinin fəaliyyətinə dəyərli sözlərlə verdiyi qiyməti Ağ Evin rəmzi qızıl açar hədiyyəsi ilə bir daha təsdiqlədi.

Bununla İlham Əliyev Trampın  qızıl açar  bağışladığı nadir insanlardan biri oldu!

***

Azərbaycan hərbi qələbəsinə 8 noyabr 2020-ci ildə düşmənə kapitulyasiya aktını imzalatmaqla  nail olmuşdu!

Azərbaycan beynəlxalq-siyasi qələbəsini  8 avqust 2025-ci ildə Vaşinqtonda qazandı.

I Qarabağ müharibəsində uduzaraq torpaqlarını itirən Azərbaycan  otuz ildən sonra  işğalçıları məğlub edərək  öz ərazilərindən qovdu.

II Qarabağ müharibəsini Zəfərlə başa çatdırdıqdan sonra isə daha üç mühüm  qələbəyə imza atdı:

* Ərazi bütövlüyünü bərpa etdi;

* Dövlət suverenliyinin və Konstitusiya əsaslarının təmininə nail  oldu;

* Rusiya Sülhməramlı Kontingentini  sülh yolu ilə, dinc şəkildə ölkə ərazisindən çıxardı.

Vaşinqton görüşündə əldə olunan nailiyyətlər isə  qazanılan qələbələrin  davamı, Azərbaycanın qarşısına qoyduğu hədəflərə sülh yolu ilə, dinc şəkildə çatması sayıla bilər!

Bu uğurlar həm də Azərbaycan Prezidenti İlham Əliyevin  qlobal lider kimi  yüksək siyasi nüfuzunun və siyasətçi məharətinin təsdiqidir!

***

İlahi ədalət gec-tez öz yerini alır.

Lakin  sakit dayanaraq onun nə vaxt bərqərar olacağını da gözləmək olmaz!

Necə deyərlər, "Allahdan buyruq, ağzıma quyruq" yoxdur!

"Səndən hərəkət, məndən bərəkət" daha real  nəticəverimlidir!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin etdiyi bütün xəbərdarlıqlar baş verdi!

Prezidentimiz demişdi:

* Azərbaycan heç zaman işğalla barışmayacaqdır!

* Biz bir qarış torpağımızı belə kimsəyə güzəştə getməyəcəyik!

* Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir!

* Sülh danışıqları bir nəticə verməsə, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edəcəkdir!

İlham Əliyev bütün dediklərini etdi!

Azərbaycan  xalqı bütün istəklərinə qovuşdu!

İlahi ədalət öz yerini aldı!

Yarı  hərb,  yarı  sülh yolu ilə!

Dostlar  sevinsin, düşmənin gözü kor olsun!

Bəxtiyar  SADIQOV

Избранный
78
azerbaijan-news.az

1Источники