RU

Qoyun əti 25 manata qalxdı - idxalla bağlıdır, ya problemin ayrı kökü var?...


Akif Nəsirli: “Bakı və iri şəhərlərdə topdansatışdan pərakəndəyə gələn yolda bir neçə vasitəçi qiyməti şişirdir”

Son aylarda ətin qiyməti günü-gündən bahalaşır. Bakıda və rayonlarda pərakəndə ət satışı məntəqələrində qiymətlər artıb. Belə ki, mal ətinin qiyməti 17-18 manat olub. Qoyun ətinin qiyməti isə 25 manata qədər bahalaşıb.

Ekspertlər bu bahalaşmanın qışda da davam edəcəyini bildirirlər. Hesab edirlər ki, bahalaşmanın qarşısını almaq üçün hökumət təcili tədbirlər görməlidir. Tədbir isə ondan ibarət olmalıdır ki, örüş yerləri heyvandarlıqla məşğul olan sahibkarlara qaytarılmalıdır. Həmçinin, diri heyvanın idxalının azalmasının da qiymətə təsir etdiyi iddia olunur.

Ümumiyyətlə, ətin bahalaşmasına səbəb nədir və qiymət artımının qarşısı necə alına bilər?

“Xarici bazarlarda qiymətlərin yüksəlməsi daxildə də qiymətə təsir edir, valyuta məzənnəsi də idxal olunan məhsulun maya dəyərini artırır”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ətin qiymətində artımın yalnız idxalla bağlı olduğunu demək düzgün olmaz: “Azərbaycanda ət bazarında bahalaşmanı bir neçə əsas faktor şərtləndirir. İlk olaraq deyim ki, heyvandarlıqda yem məhsullarının (xüsusilə arpa, qarğıdalı, yonca) qiyməti həm daxildə, həm də idxalda artıb. Bu, heyvandarlıq təsərrüfatlarının məhsullarının maya dəyərini yüksəldir. Baytarlıq preparatları, yanacaq, nəqliyyat və elektrik xərcləri də heyvandarlıqda əlavə yük yaradır.

Eyni zamanda, yay mövsümündə bəzi rayonlarda otlaq qıtlığı və suvarma problemləri mal-qaranın yemlənməsini çətinləşdirib. Yayda xəstəliklər də artır ki, bu da heyvanların tələf olma risqini artırır. Ona görə də payız-qışa keçid dövründə təsərrüfatlar ətə daha çox qiymət qoyur. Qurban bayramı sonrası bazarda bir müddət qiymət enməsi olur, sonra yenidən tələblə bağlı artım baş verir”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan əhəmiyyətli həcmdə diri mal-qara və ət məhsulları idxal edir (əsasən Gürcüstan, Braziliya və bəzi MDB ölkələrindən). Xarici bazarlarda qiymətlərin yüksəlməsi daxildə də qiymətə təsir edir. Valyuta məzənnəsi də idxal olunan məhsulun maya dəyərini artırır: “Əhalinin ətə olan tələbi stabil yüksəkdir, amma daxildə istehsal bu tələbi tam qarşılamır. Nəticədə bazarda azalma və qiymət artımı yaranır. Ətin qiymətinin təkcə fermer və idxalçılarla bağlı olmadığını nəzərə almaq lazımdır. Bakı və iri şəhərlərdə topdansatışdan pərakəndəyə gələn yolda bir neçə vasitəçi qiyməti şişirdir. Yəni nəticə olaraq, ət qiymətlərinin bahalaşması həm daxili xərclərin artması, həm də idxal bazarlarının təsiri ilə bağlıdır. Bunu sadəcə idxalla izah etmək doğru olmaz, çünki maya dəyərinin əsas yükü ölkə daxilində formalaşır”.

Günel CƏLİLOVA

Избранный
30
baki-xeber.com

1Источники