RU

Azərbaycanın Babəki, Babəkin Azərbaycanı

Babəkin tariximizdəki yerini anlamaq üçün öncə islam dininin hansı şəraitdə meydana çıxmasına nəzər salmaq lazımdır.

610-cu ilin ərəb təqvimi ilə ramazan ayının 26-dan 27-ə keçən gecə Məkkə tacirlərindən Məhəmməd ibn Abdullah inzivaya çəkildiyi Hira dağındakı mağarada semit dinlərində Allahın baş mələyi kimi təqdim olunan Cəbrayıldan vəhy aldığını söylədi. Bununla Ərəb yarımadasında yeni bir dinin təşəkkülü başladı. Məsələnin dini və metafizik tərəflərini tamamilə bir kənara qoyaraq islam dininin təşəkkül etdiyi dövrdə dünyanın geopolitik mənzərəsinə baxaq. 603-cü ildə Göytürk xaqanlığı parçalanmışdı. Hindistan ərazisində Pallava kimi kiçik feodal dövlətlər vardı. Sasanilər və Bizans dövrün ən qüdrətli imperiyaları idilər və bir-birlərinə qənim kəsilmişdilər. Sasanilərin hərbi nüfuzu artmış, Bizans daxili siyasi böhranla üzləşmişdi. Bu, Sasanilər və Bizans arasında bir növ neytral bölgə kimi qalmış Məkkə mərkəzli ərəb regionunda iqtisadi, sosial, siyasi, ideoloji, mədəni təmərküzləşmə üçün zəmin yaratmışdı.

Ərəblər əsrlər boyu həm yəhudilər və xristianlar, həm də Sasani təbəələri tərəfindən aşağılanmışdılar. Tanrının onlara peyğəmbər göndərməməsində və samballı bir dövlətləri olmamaqda suçlanan ərəblərə Məkkəli soydaşları içərisindən bir peyğəmbər çıxması yeni tarixi səhifə açırdı. Əlbəttə, islam peyğəmbərinin dəvəti onların heç də hamısının ürəyincə deyildi, ciddi müqavimətlə üzləşdi. Lakin Allahdan başqa Allah olmadığını vurğulayaraq bütpərəst sistemə qarşı çıxan yeni müsəlman icması öz inamlarını hakim mövqeyə çatdıra bildilər. İslam əvvəlcə Məkkə və çevrəsində yaşayan ərəb qəbilələri üçün öyüd səciyyəsi daşıyırdı, lakin tərəfdarları genişləndikcə hətta Sasani və Bizans imperatorlarına da “son dini qəbul etmələri üçün” dəvətlər göndərildi. Heç şübhəsiz, kifayət qədər oturuşmuş imperiyaların elitası islamı qəbul edəsi deyildi. Sasanilərlə cəng artıq qapıda idi. 633-cü ildə başlayan bu savaş 651-ci ildə Sasanilərin tarix səhnəsindən silinməsi ilə başa çatdı.

Bizans, necə deyərlər, yağışdan çıxıb yağmura düşmüşdü. Bir tərəfdən “əzəli rəqibi” Sasanilər süqut etmiş, lakin imperiyanın əraziləri yenicə dövlət qurmuş ərəblərə qismət olmuşdu. İslamın meydana çıxması ilə ərəblər Bizans torpaqlarına da hərbi yürüşlərə başlamış və Şərqi Roma İmperiyası üçün yeni təhdidə çevrilmişdi. Lakin ərəblərin qarşısındakı yeganə qüvvə təkcə Bizans deyildi. Türklər bu dəfə Xəzər xaqanlığını qurmuş və xilafətlə ağır döyüşlərə girmişdilər.

Beləliklə, Babəkin zamanında dünyada 3 əsas geopolitik qüvvə vardı- Ərəbi xilafəti, Şərqi Roma İmperiyası, Xəzər xaqanlığı. Bu üç qüvvə Sasani coğrafiyasına hökm etmək iddiasında idilər və öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edirdilər. III Yəzdəgirdin dəyirmanda öldürülməsindən Babək ilk dəfə Bəzz qalasına sahib olduğu və ərəb mənbələrində “xürrəmilər” adlanan sektaya liderlik etməyə başladığı 816-cı ilə qədər keçən 165 il ərzində post-Sasani coğrafiyasında çox mühüm dəyişikliklər baş vermiş, yeni anlayışlar, tendensiyalar və dinamikalar meydana çıxmışdı- bütün bunlar tarixi dialektikanın qaçılmaz nəticələri idi.

Bu məqamda ilk növbədə və xüsusi olaraq onu vurğulayaq ki, ərəb istilasından sonra “Azərbaycan” məfhumu yaranmışdı. “Azərbaycan” kəliməsinin mənşəyi barədə ehtimalları bir kənara qoyaq və danılmaz həqiqətdən çıxış edək. Məhz “Azərbaycan” formasında coğrafi adın işlənməsi ərəb ilhaqından qaynaqlanmışdı. Azərbaycan öz lokalizasiyasına görə həm Bizansın, həm də Xəzərlərin təsirlərinə açıq bir bölgə idi və əsrlər boyu ən müxtəlif yürüşlərə məruz qalmışdı. Ərəb istilası keçmiş Albaniyanın dini sistemini- diofizit xristianlığı çökdürür, Atropatenanın əski həyat tərzini və inanclarını təqib edirdi. Bununla belə, Əməvi və Abbasi xəlifələrini ruhani məsələlərdən daha çox bölgənin sərvətləri, toplanan vergilər, “üstün xalq” kimi ərəblərə itaət olunması maraqlandırırdı.

Azərbaycan coğrafiyası istər etnik, istərsə də dini baxımdan monolit deyildi. İnanc baxımından atəşpərəstlər, Məzdəkin və Maninin davamçıları, müsəlmanlar, xristianlar, musəvilər, mağlar və şamanlar- hər cür təbəqə vardı. Etnik baxımdan da ölkə kifayət qədər rəngarəng idi. İndi “İran qrupu” adlandırdığımız xalqların əcdadları, Qafqaz mənşəli etnik qruplar, Makedoniyalı İskəndərin sürgün etdikləri tayfalar, Sasani-Bizans savaşında yer dəyişənlər, yaxud əsir alınanlar əhalinin əsas tərkibini yaradırdılar. Bu əsas tərkibdə çox önəmli bir qrup da vardı- prototürklər!

Hələ e.ə I minilliyin başlarında Alp Ər Tunqanın başçılığı ilə bölgəyə ayaq açmış skif-saklar etnik xəritənin dəyişməsinə təkan vermişdilər. Sonrakı yüzillərdə hunlar Araz çayının hər iki sahilində məskunlaşmış və xüsusilə onların bir qolu- “ağaçərilər” linqivistik areal yaratmışdılar. Babək dövrünün linqivistik atlasına nəzər saldıqda məlum olur ki, regionda əsas danışıq dilləri- pəhləvi farscası, kürd, qarqar- alban və ağaçərilərin dilləri idi. Tarixi qaynaqların “Bərdədə Arran dilində danışırdılar” deyə şahidlik etdiyi mühitdə öz məxsusi əlifbası olan qarqar dili önə çıxmışdı. Babəkin yeniyetməlik çağlarında nökərlik etdiyi Rəvvadilərin qəsrində kürdcə danışılırdı. Sasani və onların bir qolu olan Mehrani feodalları “pəhləvi” farscasını mənimsəmişdilər. Lakin Arazın hər iki sahilində- xüsusilə Sisak mahalında və Savalan dağı zonasında ağaçərilər öz məxsusi dillərində- türkcə danışırdılar. Sözügedən bölgənin ayrıca “azəri dili”ndə danışdığı şübhəsizdir, bütün qaynaqlarda birmənalı vurğulanır.

Yaqubi “Kitab əl-Büldan” adlı əsərində yazır ki, Azərbaycanın şəhər və naxiyələrində yaşayan xalq Babəkin olduğu Bəzz şəhəri əhalisindən olan qədim Azəri və cavidanilərdən mürrəkəbdir. Sonra ərəblər oranı fəth etdilər. Osmanın xəlifəliyi dövründə Müğirə ibn-Şöbə Səqəfi oranı fəth etdi. O yerin xəracı dörd min min dirhəm idi. Bu pulu bir il artırır, o biri il isə yüngülləşdirirdilər.”

Lakin, zənnimizcə, bu dilin bir hun ləhcəsi olduğunu görməzlikdən gəlmək üçün ortaya fərqli, amma heç bir akademik tənqidə dözməyən nəzəriyyələr ortaya atılıb. Problem belədir: Babəkin dövründə “Azəri dili” deyilən işlək bir dil var, lakin həmin dili ari ailəsinə yerləşdirmək mümkün deyil. Öz saysız-hesabsız tərəfdarlarına və mütəşəkkil ordusuna məhz bu unikal dildə- erkən Azərbaycan dilində- göstəriş verən Babək ərəblər qədər fars şüubiyyəçilərinin də düşməni idi. Odur ki, Babəkin mübarizəsini anlamağa cəhd belə etmək istəməyən islam tarixçilərinin baxış bucağından çıxış edərək Babəkin Azərbaycan tarixindəki yerinə və roluna obyektiv qiymət vermək mümkün deyil. Ümumiyyətlə, inancı və ideologiyanı elmə qarışdırmaq həmişə fəsad yaradır və manipulyasiyalara rəvac verir. Odur ki, məsələyə neytral bir mövqedən yanaşmalı və deməliyik:

1. Babək- Azərbaycanlı idi.
2. Azərbaycanlı Babək üçün ərəb xilafəti işğalçı, islam isə ərəb ideologiyası idi- o, sırf coğrafiyaya xas və əsrlərlə burada formalaşmış dəyərlərə, o cümlədən anti-Sasani ehkamlara arxalanırdı.
3. Babək Azərbaycanın unikallaşmaqda olan mədəni arealını siyasi areala çevirmiş, müstəqil dövlət qurmuşdu.

Bəli, Babək tarix səhnəsinə çıxmış ilk qüdrətli azərbaycanlıdır! Onun “Azərbaycan” adlanan coğrafiyada doğulması şəksizdir. Orta çağın məşhur islam üləmalarından Fəxrəddin ər-Razi yazırdı: “Babəkilər Babəkin tərəfdarı idilər. Babəkin özü isə azərbaycanlı idi”. Ümumiyyətlə, orta çağlarda insanları isimlərində doğulduğu, yaşadığı məkana görə fərqləndirirdilər. Nizaminin “Gəncəvi” təxəllüsünü yada salmaq kifayətdir. Fəqət Babək təkcə coğrafi anlamda deyil, həm də bir mədəni-siyasi arealın yetirməsi olaraq azərbaycanlı idi. Onun ərəb istilasına və ideologiyasına qarşı mübarizəsinin əsasında da məhz mənsubu olduğu kültürəl arealın dəyərləri dayanırdı.

Избранный
15
aznews.az

1Источники