“2022-ci ilin oktyabrında Ukrayna prezidenti Volodimir Zelenski fərman imzalayaraq Rusiya prezidenti Vladimir Putinlə danışıqları qadağan etmişdi. Lakin Donald Trampın ABŞ-da prezident seçilməsindən sonra bu addımın yanlış olduğu üzə çıxdı. Zelenski də anladı ki, Rusiya-Ukrayna müharibəsinə yalnız iki dövlət başçısının imzası ilə son qoymaq mümkündür. Putinin hakimiyyətdə qalmaq ehtimalı hələ də yüksək olduğundan Zelenski dəfələrlə neytral məkanda görüş təklif edib. Moskva isə bu təşəbbüsü qəbul etmədi və mövqeyini əsaslandıraraq bildirdi ki, belə görüşlərdən əvvəl ciddi hazırlıq aparılmalı, razılaşdırılmış sənədlər hazırlanmalıdır. Diplomatiyada adətən liderlərin görüşündən əvvəl nümayəndələr danışıqlar aparır, sənəd üzərində razılığa gəlirlər və yalnız bundan sonra dövlət başçıları görüşərək qalan məsələləri yekunlaşdırıb imzalayırlar. Rusiya da məhz bu arqumenti irəli sürürdü”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Xatırladaq ki, yaxın vaxtlara qədər Kiyev Moskva ilə birbaşa təmasları istisna edirdi, indi isə istəyir. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əsas məsələlərdə razılıq hələ mümkün deyil, amma görüş üçün ən uyğun yer Moskvadır. Zelenski və nümayəndələri Moskvaya gələrsə, onlara təhlükəsizlik zəmanəti veriləcək. Putin Kiyevin təklif etdiyi digər yerləri də nəzərdən keçirir. O vurğulayıb ki, NATO qüvvələri Ukraynaya daxil olsa, Rusiya onlara cavab verə bilər.
Siyasi şərhçinin sözlərinə görə, Trampın Putinlə görüşündə müəyyən məsələlər razılaşdırıldıqdan sonra Zelenski ilə Putin arasında dialoq mövzusu yenidən gündəmə gəlib.
“Ancaq Rusiya bu dəfə də qəbul etmədi. Son günlər Putin formal olaraq imtina etmir, amma Zelenskini Moskvaya dəvət edir. Bu isə, əslində, “görüşmürəm” deməkdir. Çünki Zelenskinin Moskvaya getməsi həm Ukrayna cəmiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməz. Bu addım işğalçının ayağına getmək kimi qiymətləndirilər və Zelenski üçün siyasi son demək olardı. Üstəlik, Moskvada aparılacaq danışıqların real nəticə verməsi də qeyri-mümkündür. Buna görə də Zelenski Putinin bu təklifini “danışıqlardan imtina” kimi dəyərləndirib. Tramp da çətin vəziyyətdə qalıb. Çünki o, Putinlə Zelenskinin görüşməsi üçün xahiş etmişdi. Yəqin ki, bundan sonra da cəhdlər davam edəcək və nə vaxtsa belə bir görüş mümkün ola bilər. Lakin yaxın zamanda bunun baş tutması real görünmür. Çünki ciddi fikir ayrılıqları qalmaqdadır. Daha pisi odur ki, Zelenski ilə fikir ayrılığı yalnız Putinlə deyil, həm də Tramp ilə yaşanır. Bundan əlavə, Avropa İttifaqı da Ukraynaya tələb olunan səviyyədə yardım göstərmək imkanına malik deyil. Zelenski son günlər açıq şəkildə etiraf edib ki, torpaqları hərbi yolla geri qaytarmaq mümkünsüzdür. Belə olan halda, yeganə çıxış yolu Tramp və Putinin birgə təklif etdiyi sülh planıdır. Lakin Zelenski bu variantı qəbul etmir. Alternativ isə yoxdur və özü də hansı yolun qalacağını bilmir. Təəssüf ki, vəziyyət bu qədər mürəkkəbdir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az