RU

Həbsdən rus ordusuna aparılan azərbaycanlının öldü-qaldısından xəbər yoxdur – BACISI DANIŞDI

Rusiyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların bir qismi Rusiya-Ukrayna müharibəsinə müxtəlif yollarla cəlb olunur. Kimsə maaş və vəd edilən güzəştlər üçün, kimisi isə sadəcə zor tətbiq edilməklə, hədələnməklə və deportasiya riski ilə üz-üzə qaldığı üçün razılaşır.

Onlardan bəziləri geri dönməyib, ölüm xəbərləri yayılıb, yaxınlarına cənazələri verilib.

Onlardan biri də 1973-cü il təvəllüdlü Eyvaz Araz oğlu Məmmədovdur.

İllər öncə Rusiyaya işləməyə gedən Eyvaz Məmmədov müxtəlif bazarlarda işləyib. Sonradan isə elə oradaca evlənib. 4 uşaq atası olan Eyvaz Məmmədov bu ilin yanvarında Rusiya ordusuna aparılıb və Ukrayna ərazisində döyüşlərə cəlb olunub. Bu ilin mayına qədər ailəsi, Azərbaycanda yaşayan yaxınları ilə əlaqə saxlayıb, sağ-salamat olduğunu deyib. Sonuncu dəfə Eyvaz Məmmədov həyat yoldaşı ilə mayın 27-də əlaqə saxlayıb və ondan sonra telefonuna zəng çatmayıb.

Eyvaz Məmmədovun bacısı Nüşabə Məmmədova Musavat.com-a deyib ki, qardaşı Ukraynaya göndərilənə qədər Rusiyada 7 illik həbsdə olub:

“3 il idi ki, həbsdə idi. Onu cəzaçəkmə yerindən birbaşa orduya aparıblar. Gedəndə də bizim xəbərimiz olmayıb. May ayından bu yana digər qardaşım Eyvazın axtarışı ilə məşğuldur. Ən böyük morq Rostovdadır, ora da gedərək DNK analizləri verib. Lakin heç bir nəticə yoxdur. Sankt-Peterburqda hərbi hospital var, orada da gedib axtarıblar. Nə ölənlərin içində, nə də yaralıların içində qardaşımın adı var. Eyvazın nə öldüsündən xəbər var, nə qaldısından...”

ORDUSU.png

Nüşabə Məmmədova bildirib ki, hazırda qardaşının 4 övladı və həyat yoldaşı Moskvada yaşayır:

“Hər gün Eyvazın yolunu gözləyirik, ondan bir xəbər gəlməsini istəyirik. Həbsdə olanda mənimlə tez-tez görüntülü danışırdı. Müharibəyə aparılandan sonra isə mənimlə çox qısa danışırdı, görüntünü açmırdı. Sonradan bildik ki, müharibədidir. Yoldaşına tapşırıbmış ki, bizə həbsdən müharibəyə aparılmasını deməsin. Qardaşımın 51 yaşı var, 4 övladı ilə bərabər onun yolunu gözləyirik. Mən sonuncu dəfə mayın 17-də onunla danışdım. Onda da müharibəyə aparıldığını bildirmədi. Sonradan da yoldaşı ilə danışıb, “məndən narahat olmayın” deyib. O gündən Eyvazla əlaqə yoxdur. Tapılmır...”

Ən son məlumata görə, Rusiya müharibəsində 700-dən çox azərbaycanlı yoxa çıxıb. 4 gün əvvəl onlardan bir olan 44 yaşlı Şahin Şahniyar oğlu Tağıyevin cənazəsi Tovuza gətirilərək dəfn olunub.

Belə aydın olur ki, pula aldanıb rus ordusuna yazılır azərbaycanlılar. Ayda 4000 manata ekvivalent məbləğ verirlər. Azərbaycanlılar bu yüksək məbləğə görə kütləvi şəkildə gedib yazılırlar.

Şahin Tağıyev Tovuzda maşın ustası olub. Rusiyadan gələn təkliflə ora yollanıb, bu il may ayının əvvəlində ilk döyüşə qatılıb və həlak olub. 4 ay xəbər çıxmayıb. Yalnız ailəsi israrla Bakıdakı Rusiya səfirliyinə gedib, tələb edəndə gerçəklik ortaya çıxıb. Anasına deyiblər ki, 10-12 gün də gec müraciət etsəydiniz, oğlunuzu kimsəsizlər məzarlığında basdıracaqdıq…

Səfirlikdə məlum olub ki, 700-dən çox soydaşımız bu müharibədə yoxa çıxıb. Ailələri israrla axtarmasa, Rusiya onların ölüb-qaldısını bildirmir. 772 itkin barədə səfirlikdən məlumat alıblar.

Amma axtarılmayan, qohumu olmayanlar da var. Üstəlik, heç də hamı müqavilə ilə getməyib müharibəyə. Çoxları zorla aparılıblar. Artıq 100-dən çox azərbaycanlının dəfn edildiyi bilinir.

Bu arada Ukrayna ordusunun əsir götürdüyü Rusiya ordusunda xidmət edən Azərbaycan vətəndaşı Ruslan Mustafayev sensasion açıqlamalar verib. O, Rusiyanın necə əcnəbiləri, xüsusilə miqrantları qanunsuz yollarla müharibəyə cəlb etdiyini bütün təfərrüatları ilə danışıb.

Ruslan Mustafayev bildirib ki, o, Rusiyanın Voronej şəhərində saxlanılarkən deportasiya olunmaq əvəzinə qarşısına başqa seçim qoyulub. Onun sözlərinə görə, müvəqqəti saxlama mərkəzinə düşən hər bir əcnəbiyə Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb Ukrayna müharibəsinə göndərilmək təklif edilir. Müqabilində isə onlara Rusiya vətəndaşlığı və müəyyən məbləğdə pul ödənişləri vəd olunur.

“Əksəriyyət - 90 faiz vətəndaşlıq almaq üçün bu müqaviləyə razılıq verir”, - deyə Mustafayev açıqlamasında bildirib.

Əsir azərbaycanlı qeyd edib ki, Luqansk yaxınlığında keçirilən hərbi hazırlıqlarda yaradılan 20 nəfərlik qrupların böyük əksəriyyəti əcnəbilərdən ibarətdir:

“Məsələn, mənim olduğum qrupda 20 nəfərin 16-sı başqa ölkələrin vətəndaşları idi. Onların arasında mən də vardım”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu daha əvvəl bu barədə açıqlama vermişdi.

Onun sözlərinə görə, Rusiya ordusuna minlərlə azərbaycanlı cəlb edilib. Onların bir qismini zorla cəbhəyə aparıblar. Əksəriyyət isə 4 min manata ekvivalent olan maaş və vətəndaşlıq üçün rus ordusu ilə müqavilə imzalayır. İndi onlardan 772 nəfər azərbaycanlının aqibətindən xəbər yoxdur. Bu şəxslərin çoxunun müharibədə məhv olduğu, bəzilərinin isə əsir düşdüyü ehtimal edilir. Çox az sayda Azərbaycan vətəndaşı rus ordusuna yazıldıqdan sonra qaça bilib. Ruslan Mustafayev də bu prosesə məruz qalanlardan biridir.

O, təsadüfən xilas olub, çünki Ukrayna tərəfinə əsir düşüb. Mustafayevin sözlərinə görə, bu, onun üçün daha yaxşı nəticədir:

“Rus ordusunda döyüşmək və ya heç döyüşmədən ölməkdənsə, əsir düşmək daha yaxşı taledir”.

“Censor.NET”in yaydığı məlumatlara görə, Rusiya Federasiyasının 25-ci ümumqoşun ordusu aktiv şəkildə əcnəbiləri sıralarına cəlb edir. Onların çoxu ölkədə qanunsuz yaşayan, yaxud müvəqqəti saxlanma mərkəzlərində olan şəxslərdir. Həmin insanlara kontrakt qarşılığında döyüş bölgəsinə yollanmaq təklif edilir.

Ukraynanın 425-ci briqadası yaxınlarda Luqansk istiqamətində Rusiya ordusunun 25-ci birləşməsinin hərbçilərindən ibarət bir qrup əsgəri əsir alıb. Onların arasında Azərbaycan vətəndaşı Ruslan Mustafayev də olub.

Rusiya Ukraynaya genişmiqyaslı hücumu zamanı 128 min 115 əsgərini itirib. Toplanmış məlumatlara əsasən, ölən rusiyayönlü qüvvələrin ümumi sayının 218 min 100-dən 308 min 200-ə qədər ola biləcəyini güman edilir.

“Mediazona” nəşri könüllülər qrupu ilə birlikdə açıq məlumatlara əsaslanaraq Rusiyanın müharibə günlərində itkilərinin adlı siyahısını tərtib edib. Nəşr yazır ki, bu günə qədər Rusiya tərəfdən həlak olanların 54 faizi könüllülər, səfərbər edilmiş və məhkum edilmiş, cəzaçəkmə koloniyalarından müharibəyə gedənlər, yəni müharibə başlayanda ordu ilə əlaqəsi olmayan şəxslərdir. Bununla belə, Rusiyanın yay hücumunun nəticələrini yekunlaşdırmaq hələ tezdir, çünki əsgərlərin ölümü ilə bağlı bildirişlər qohumlar tərəfindən gecikmə ilə alınır və sonra onları iki dəfə yoxlamaq üçün əlavə vaxt lazımdır. 3 yay ayı ərzində rus əsgərləri üçün 23 min 305 nekroloqun nəşri qeydə alınıb. Eyni zamanda, bəzi günlərdə 400-420 nekroloq dərc edilib ki, bu da 2024-cü ilin orta göstəricilərindən 3 dəfə çoxdur.

Nəzərə almaq lazımdır ki, dərc edilmiş mesajların ümumi sayı müəyyən dövrdə təsdiqlənmiş ölümlərin sayına bərabər deyil. Müəyyən olunan bütün həlak olan hərbi qulluqçuların 14 faizini koloniyalardan cəbhəyə cəlb olunmuş məhbuslar, 29 faizini könüllülər təşkil edir və bu kateqoriyanın xüsusi çəkisi sürətlə artmaqda davam edir. İndi Rusiya ordusunun Ukraynadakı hücum qüvvələrinin əsasını məhz müharibə başlayandan sonra müqavilə bağlayanlar təşkil edir.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə könüllülər ümumi itkilərin cəmi 14 faizini təşkil edib. Bütün ölənlərin 11 faizi səfərbər edilib. Çox güman ki, bu kateqoriya arasında real itkilər daha yüksək ola bilər, çünki bir çox nekroloqlar mərhumun statusunu göstərmir. Buna görə də çox vaxt insanın könüllü olaraq cəbhəyə getdiyini və ya səfərbər olduğunu anlamaq mümkün olmur. Rusiya cəbhədə yüksək ixtisaslı kadrlarını, o cümlədən zabitlərini itirməkdə davam edir. Ümumilikdə, işğalın əvvəlindən bəri 5704 zabitin öldüyü məlumdur. Onların arasında 12 general (o cümlədən 8,5 il müddətinə azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin general-mayoru Andrey Qolovatski) var.

Nəşr qeyd edir ki, Rusiyanın faktiki itkiləri açıq mənbələr vasitəsilə müəyyən edilə biləndən xeyli yüksəkdir.

Hərbi ekspertlər deyirlər ki, Rusiya qəbiristanlıqları, müharibə xatirələri və nekroloqlarla bağlı təhlillər faktiki ölənlərin sayının 45-65 faizini əhatə edə bilər.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
77
50
musavat.com

10Источники